Modern.az

Aygün Kazımovanı Üzeyirlə duet oxuduğuna görə “topa tutdular” – QALMAQAL

Aygün Kazımovanı Üzeyirlə duet oxuduğuna görə “topa tutdular” – QALMAQAL

Mədəni̇yyət

3 May 2012, 15:56

Şou-biznesin səviyyəsiz, bayağı mahnılar ifaçısı kimi qəbul edilən gənc müğənni Üzeyir Mehdizadə ilə Xalq artisti, estradamızın “super starı” sayılan Aygün Kazımova duet oxuyub. Bu dueti hər iki müğənni dünən ATV-də Nanə Ağamalıyevanın təqdimatında olan”Gün keçir” verilişində ifa ediblər. Bunda sonra isə şou aləmində bu duetlə bağlı kəskin çıxışlar başlayıb. Hər kəs bu cütlüyü birmənalı qarşılamadı. Kimi bəyəndi, kimi isə Aygün Kazımovanı tənqid etdi ki, niyə bayağı mahnılar ifaçısı ilə duetə razılaşıb.

Modern.az şou aləminin yeni duetinə ayrı-ayrı sahələrin insanlarından münasibət öyrənməyə çalışıb.

Azərbaycan şou-biznesinin qalmaqallı və hər kəsdən narazı müğənnisi Əli Mirəliyev bildirib ki, Aygün pis-yaxşı oxuyub, ona Xalq artisti adını veriblər, amma yeni duetini bəyənmir:

“Bütün insanlar, professional müğənnilər, Xalq artistləri, elə adı olmayan mənim kimi sadə müğənnilər, yəni musiqini bilən insanlar həmişə istedadlı şəxslərə kömək etmək istəyirlər. Amma Üzeyir kimi istedadsıza kömək etmək düzgün deyil. Aygünün Üzeyirə kömək etməyinin tək səbəbi maddi maraqdır. Bunun adını yalandan qoyacaqlar ki, kömək edirəm.
Aygün axı sən bilirsən ki, Üzeyir oxuyan deyil, bu insanda səs yoxdur oxumaq üçün. Bu o demək deyil ki, pis insandır. Amma oxuya bilmir. Allah verməyib bu insana səs. Amma bu “Zəngimcel”lərdə onun mahnılarını o qədər səsləndiriblər ki, cavan uşaqlar, belə  deyək Üzeyirin fanatları, qoşun olub onun arxasında. Aygünlə prodüsseri Tolik də maddi maraq üçün bu addımı atıblar. Yəni Aygünün konsertlərinə insanların gəlməsi üçün Üzeyirdən istafadə ediblər”.

Əli Mirəliyev bildirib  ki, əgər Aygün Kazımovanın istedadlı insanlara yazığı gəlirsə, getsin müğənnilər Teymur Əmrahla, Eltonla, Zamiqlə, Nurlan Növrəsliylə, Abbas Bağırovla duet oxusun.

“Niyə oxuya bilməyən, səsi olmayan bir insanla duet oxuyursan? Burada maraq nədədir? Sən bizə nə demək istəyirsən? Yəni sən bütün oxuyanlara demək istəyirsən ki, siz oxuya bilmirsiz? Sən bizdən çox bilirsən?.
Mən Üzeyirə deyirəm ki, ay oğul, sən nə janrında oxuyursan? Deyir ki, mən Üzeyir janrında oxuyuram. Üzeyirin bir dənə janrı var, o da Üzeyir Hacıbəyli janrıdır. Biz bugün o janrdan bəhrələnmişik, o janr davam edir, simfonik orkestlər, romanslar, xalq mahnıları, təsniflər bunların hamısı Üzeyir Hacıbəylinin açdığı yoldur. Bəs sən Aygün hansı yoldasan? Axı sən Xalq artistisən. Hansı yolu təbliğ edirsən bizə? Bu cinayətdir, belə addımlar Xalq artistinə baş ucalığı gətirməz, əksinə o bir daha sübut edir ki, səviyyəsi hələ özfəaliyyətdir”.

Əli Mirəliyev sonda bildirib ki, Aygün Kazımova Xalq artisti adına layiq deyil. Ona görə ki, o sənəti, ciddi musiqini maddi marağa, pula qurban verir.
“Ona görə də mən bu addımı qətiyyən pisləyirəm. Mənim üçün bu çox biabırçı bir işdir” deyə müğənni vurğulayıb.  

Əməkdar artist Firuzə İbadova da bu yeni duetə müsbət münasibət bildirib. Onun sözlərinə görə, Üzeyir gənc də olsa, onun öz dəsti-xətti var və çox tərbiyəli, öz yerini bilən, qanacaqlıdır.
”Allah onu qorusun. Aygün xanım isə səhnəmizə yeniliklər gətirən sənət fədaisidr, onlara uğurlar”.

Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev isə bildirib ki, Üzeyir Hacıbəyliyə hörməti var idi, indi də Üzeyir Mehdizadəyə hörməti yaranıb və bu hörmət getdikcə artır.
”Bu şəxs ciddi sənət hesab olunan estrada janrının nəhənglərini – Xalq artistini öz ayağına gətirməkdədir”.

Aygün Kazımovanın prodüseri Tolik də bu məsələyə öz münasibətini belə bildirib.
“Kim nə deyirsə desin,  mənə elə gəlir ki, ən yaxşı addımı Aygün xanım atdı. Üzeyir barədə kim nə fikirləşirsə fikirləşsin, o öz hesabına özü yazdığı pis-yaxşı, bəzilərinin dediyi kimi bayağı mahnılarıyla Youtube-da 350 min baxış toplayan gəncdirsə, elə Aygün xanımın ona dəstək olmağı da böyük addım idi”.  

Prodüser əlavə edib ki, kimin xoşu gəlmirsə mahnıya qulaq asmaya bilər.
”Əgər bu dueti 5, nə bilim 100, hətta 100 min adam da bəyənməsə, bu mahnı oxunacaq, ona görə də bəziləri öz məsləhətlərini özlərinə saxlasınlar”.

Tolik Əli Mirəliyevin açıqlamasına da münasibət bildirb. O, qeyd edib ki, Əli Mirəliyev insan cildində olan bir məxluqdur.
“Ay Əli sən haranın müğənnisi olmusan? Oxuduğun dövrdə “Yaraşaydı, yaraşaydı” mahnısından başqa heç bir mahnın olmayıb”. 

“Milli.az” saytının mədəniyyət yazarı Şahin Cavadsoy elə veriliş efirdə olarkən qonaq qismində çıxış edib və duetdən sonra bu addımı alqışladığını bildirib. Bundan başqa Facebook  sosial şəbəkəsindəki statuslarında jurnalist aşağıdakı statusları yazıb.
“Onun adı AyGün! Bizim AyGün! Üsyankar Kazımovamız. Fərqli layihəsi ilə gündəmi silkələməyə müvəffəq olan xalq artistimiz. Əliyev Tarikin ideyası, şou-dünyasında əsl bombasını partlatdı...
... Tam səmimi sözümdür, AyGün Kazımova, Üzeyir Mehdizadə işbirliyi çox xoşuma gəldi. Ən azından fərqlilikdi. Bəli, qoy bütün aləm onlardan danışsın”.

“Anspress.com”un əməkdaşı Zülfiyyə Qurbanova bildirib ki, bu duet əsl biabırçılıqdır.
“Aygün Kazımova sənətçi kimi olan-qalan nə hörməti var idisə, onu da itirdi. Çünki Üzeyir özü yaxşı uşaq ola bilər, amma müğənni kimi heç kimdir, heç nədir”.

Jurnalistin sözlərinə görə, musiqiçilərlə müzakirələr zamanı həmişə deyirlər ki, Üzeyir qışqırır, müğənni kimi müğənni deyil, düzgün oxumur, tam xaric oxuyur:
”Ümumiyyətlə o oxuyanda notlar, harmoniya yerində olmur. Ola bilər ki, mən başa düşmürəm, ya mən düzgün qiymətləndirə bilmirəm onu.
Aygünün də qeyri-peşəkarla bir səhnədə olması, oxuması düzgün deyil. Aygün özünə görə müğənnidir, özünü hörmətdən saldı”.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı da yeni cütlüyün ifasını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, bu addım Aygün Kazımovanın növbəti uğursuzluğudur, bəlkə də ən böyük uğursuzluğudur.
“Əslində o, birinci dəfə ilk uğursuzluğunu meyxanaçı Namiqlə duet oxuyarkən başladı. Namiqlə duetlərdən sonra Aygün düşdü, Namiq isə qalxdı.
Əslində biz həmişə Üzeyir kimi oxuyanları tənqid edirik, amma Aygünün, Xalq artistinin onunla oxuması, bunu tamaşaçılara sırıması düzgün deyil”- deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə Üzeyir kimi adamların efirə çıxması elə televiziyaların özlərinin də marağındadır. Mahnıya da münasibət bildirən C.Səlimqızı qeyd edib ki, “çox mənasız, bayağı bir mahnıdır. Ümumiyyətlə, Üzeyirin səsini eşidəndə adamı yuxu tutur. Mən yaraşdırmazdım ki, Xalq artisti, xalqı təmsil edən müğənni Üzeyirə qoşulub, bayağı, ucuz bir mahnı ifa etsin. Çox uğursuz bir layihədir”.

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!