Modern.az

Rusiyadakı azərbaycanlılar “Buranovlu nənələr”ə dəstək verdilər

Rusiyadakı azərbaycanlılar “Buranovlu nənələr”ə dəstək verdilər

10 May 2012, 13:26

Zülfüqar Mirzəyev: “Biz istəyirik ki, “Buranovski babuşki” qrupu Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsində yüksək yer tutsun”

Rusiyanın Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində Udmurtiya azərbaycanlılarının “Dostluq” cəmiyyəti Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsinin rusiyalı təmsilçiləri “Buranovlu nənələr” (“Buranovski babuşki”) folklor qrupunun şərəfinə böyük tədbir keçirib. Bu barədə İjevskidə yaşayan iş adamı, Udmurtiyada yaşayan azərbaycanlılarının “Dostluq” cəmiyyətinin sədr müavini Zülfüqar Mirzəyev məlumat verib. Onun sözünə görə, sözügedən cəmiyyətin təşəbbüsü ilə “Buranovski babuşki” folklor qrupunun nümayəndələrinin iştirakı ilə təşkil edilən geniş tədbir “Tyülpan” restoranında keçirilib.

Z.Mirzəyev tədbirin rəsmi hissəsində Udmurtiya hökumətinin sədr müavini Nikolay Musalimovun, respublikanın Milli Siyasət naziri Vladimir Zavalinin, Respublika Dövlət Şurasının deputatlarının və digər rəsmi şəxslərin iştirak etdiyini deyib. V.Zavalin Azərbaycan diasporuna “Buranovski babuşki” qrupuna yaxından dəstək verdiyinə görə minnətdarlığını bildirib.

“Eurovision 2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük uğur, ciddi hadisə olduğunu deyən Z.Mirzəyev “Dostluq” mərkəzinin xətti ilə Udmurtiyada rus, udmurt və Azərbaycan xalqlarının dostluq əlaqələrinin inkişaf etdirilməsindən, bu və digər sahələrdə görülən işlərdən danışıb:
“Musiqi, müxtəlif mədəniyyət nümunələri xalqları bir-birinə daha yaxından tanıdır, millətlər arasında dostluq, qardaşlıq toxumu səpir, yaxşı münasibətləri inkişaf etdirir. “Buranovski babuşki” qrupu ilə görüşlərimizin ideyası da buradan yaranıb. Bu bizim üçün ikiqat sevindiricidir. Çünki “Buranovski babuşki” qrupu da bizim yaşadığımız Udmurtiyadandır, digər tərəfdən isə biz onları doğma Azərbaycanımıza yola salırıq. Biz istəyirik ki, “Buranovski babuşki” qrupu Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsində yüksək yer tutsun. Bunun üçün əlimizdən gələn köməkliyi göstərəcəyik”.

Rəsmi hissədən sonra bədii hissə başlayıb, “Buranovski babuşki” qrupunun şərəfinə Azərbaycan milli mətbəx nümunələrinin də yer aldığı böyük ziyafət verilib.

Sonda nənələr Udmurtiyadakı azərbaycanlı ziyalıların iştirakı ilə belə bir tədbir təşkil etdiklərinə görə “Dostluq” cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Görüş yerli və Rusiyanın digər mətbuatında geniş şəkildə yayılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir