Modern.az

Bir heykəlin hekayəti - 4 iyun qiyamında “Bozqurd” abidəsi kimin göstərişi ilə uçuruldu? - MÜSAHİBƏ

Bir heykəlin hekayəti - 4 iyun qiyamında “Bozqurd” abidəsi kimin göstərişi ilə uçuruldu? - MÜSAHİBƏ

Ölkə

10 May 2012, 14:15

Tofiq Hüseynli: “Millətin döyüş ruhunu öldürmək üçün bu addım atılmışdı”


1993-cü ilin 4 iyununda Gəncədə polkovnik Surət Hüseynovun başçılığı ilə o zamankı hakimiyyətə qarşı qiyam baş verəndə, qiyamçıların ilk hədəfi məhz bu “Bozqurd” abidəsi oldu. Hələ Bakıya gəlib çatmamış qiyamçılar Şəmkir-Tovuz yolunda qoyulmuş bu abidəni yerlə-yeksan etdilər.

Üstündən 19 il ötəndən sonra o məşum hadisənin təfərrüatları, vandalizm aktını doğuran səbəblər və məqsədlər barədə “Bozqurd” abidəsinin təşəbbüskarı, o dövrdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Tofiq Hüseynli  Modern.az-a danışıb.

Qısa tanıtım

Tofiq Hüseynli 1952—ci ildə Tovuzun Qovlar qəsəbəsində doğulub. 1977-ci ildə Politexnik İnstitunu bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. 1989-cu ildən genişlənən Xalq Hərəkatına qoşulub. AXC Tovuz şöbəsinin təşkilatçılarından və liderlərindən olub.
1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci il may ayında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 1993-cü il martında ölkənin kənd təsərüfatı naziri təyin edilib. Həmçinin, Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.

- Tofiq bəy, Bozqurd heykəlinin qoyulması ideyası necə yarandı?

- “Səni görüm qurdla qiyamətə qalasan”, “O igid qurd ürəyi yeyib”, “Qurdun ulasın” kimi el deyimlərini ilk dəfə haçan eşitdiyimizi yəqin ki, heç birimiz  xatırlaya bilmərik. Amma bu deyimlər hamımızın yaddaşında igidliyə,  mərdliyə, qorxmazlığa çağırış kimi səslənib həmişə. Bu həm də bizim milli ruhumuzu çox dəqiq xarakterizə edən ifadələr olub. Görünür, Bozqurda istək və hörmətin kökü də türkün qan yaddaşından yaranıb. Bütün bu duyğular da məndə türkün həm də ilkinliyini yaşadan Bozqurda möhtəşəm bir abidənin qoyulması fikrini yaratdı və mən çox böyük sevgiylə bu işə girişdim.

“Savaş getdiyi dövrdə Bozqurda abidə qoyulması zəruri idi”

- Həm yeni hakimiyyətə gəldiyiniz qısa müddətdə, həm də ölkədə müharibə getdiyi bir vaxtda belə bir heykəlin qoyulması nə dərəcədə zəruri idi?

- Mən düşünürəm ki, məhz belə bir dövrdə Bozqurda abidə qoyulması zəruri idi. Həm də qızğın döyüşlərin getdiyi bir zamanda türk düşüncəsini özündə yaşadan bir simvolun abidəyə çevrilməsi əsgərlərimizin döyüş  ruhunu qaldırmaq üçün çox lazım idi. O dövrdə məhz millət və torpaqla bağlı düzgün təbliğatın aparılmasının nəticəsi idi ki, Azərbaycan Ordusu qabiliyyətli döyüşlər keçirərək Xankəndinin 12 km-nə qədər gedib çıxa bilmişdi.

- Heykəl kim tərəfindən hazırlanıb və nə zaman qoyulub?

- Bozqurd heykəlinin açılışı 22 dekabr 1992-ci ildə olub. Abidə heykəltaraşlar Azad Əliyev və Sahib Quliyev tərəfindən düzəldilmişdi. Onlarda milli ruh çox yüksək idi və bu işə çox böyük həvəslə girişmişdilər. Eşitdiyimə görə, sonralar Şəmkirdə böyük istiqlal şairi Əhməd Cavadın abidəsini də onlar hazırlayıb. Yeri gəlmişkən, mənə yaradılan bu fürsətdən istifadə edərək sizin vasitənizlə həm Azad Əliyevə, həm də Sahib Quliyevə öz minnətdarlığımı bildirirəm. Abidənin hazırlanmasında o dövrdə Şəmkir rayonunun baş memarı olan Fərman Hüseynovun xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının demək olar ki, bütün işçiləri bu işə can yandırırdılar. Onu da qeyd edim ki, işimin həddindən artıq çox olmasına baxmayaraq abidənin yerinin seçilməsindən tutmuş açılışa qədər hər gün məşğul olurdum. Heykəlin düzəldilməsi prosesi ilə də hər gun maraqlanmağa vaxt tapırdım. Üstündən illər keçəndən sonra indi düşünürəm ki, mənim hərəkətim ən əziz, ən doğma bir işi gözləyən adamın davranışları ilə eyniyyət təşkil edirmiş.

 - 4 iyun qiyamı baş verərkən qiyamçılar ilk olaraq Bozqurd heykəlini dağıtdılar. Sizcə, bu bir təsadüf idi, yoxsa bu hərəkətin arxasında siyasi- ideoloji qərəz dayanırdı?

 - Sözsüz ki, bunun arxasında siyasi- ideoloji qərəz var idi. Həm də hesab edirəm ki, bu heykəlin dağıdılmasında heç bir təsadüfdən söhbət gedə bilməzdi. Yuxarıda qeyd etdiyim kimi, millətin döyüş ruhunu öldürmək üçün bu addım atılmışdı. Heykəli dağıdan adamlar onun mahiyyətini bilməyən bədbəxtlər idi. Onlar sanki milli kimliyimizə açılan atəşlə öz ürəklərini boşaltdılar güya.

“Bakının gözəgəlimli yerində “Bozqurd” abidəsi qoyulmalıdır”

- Heykəlin Surət Hüseynova dəstək verən Gəncədəki rus hərbçiləri tərəfindən dağıdılması barədə xəbərlər nə dərəcədə doğrudur? Ümumiyyətlə? Heykəli konkret kimlərin gağıtdığını sonradan öyrənə bildinizmi?

- Heykələ konkret kimlərin güllə atmasının mənimçün əhəmiyyəti olmayıb heç vaxt. Əslində bu, onların dünyagörüşünə uyğun bir addım idi. Amma şübhəm yoxdur ki, bu adamlar milli kimliyi şübhə altında olan nadanlar idi.

- Hazırda ölkədə , o cümlədən paytaxtda milli məzmunlu heykəllər qoyulur. Koroğlunun heykəli qoyuldu. Babəkin, Dədə Qorqudun abidələri də hazırlanır. Ya əvvəlki yerində, yada paytaxtda Bozqurdun abidəsi qoyula bilərmi?

- Babəkin, Dədə Qorqudun abidələrinin qoyulmasına münasibətim çox yaxşıdır. Koroğlu ilə bağlı isə münasibətim bir qədər fərqlidir. Əslində Milli Qəhrəman kimdir? Millət və torpaq təcavüzə məruz qalanda igid oğullar önə çıxıb vuruşur və torpağın müdafiəsini təşkil edir. Sonda isə ya qazi, ya da şəhid olur. Onlara bu şücaətinə və igidliyinə görə Milli Qəhrəman deyilir və ya bu ad rəsmən təsdiqlənir. Ancaq Koroğlu, Qatır Məmməd və bu tipli adamlar heç bir işğalçıya qarşı vuruşmayıb axı. Onlar, olsa-olsa bəylərə və xanlara qarşı savaş açıblar. Qaldı ki , “Bozqurd” abidəsinə, mən hesab edirəm ki həmin heykəl paytaxtın gözəgəlimli uca bir yerində qoyulmalıdır. Bu mənim ən böyük arzumdu. Axı Bozqurd türkə bir xilaskar olaraq göndərilib. Bozqurd abidəsinin uca bir yerdə qoyulması onu Tanrıya daha da yaxınlaşdırardı.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər