Modern.az

KAT LTD sabiq deputatları məhkəməyə verəcək

KAT LTD sabiq deputatları məhkəməyə verəcək

10 May 2012, 16:46

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) ilə mənzil tikintisi həyata keçirən şirkət arasındaskı qalmaqal böyüyür...

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmir. Onlar 10 ildən çoxdur mənil növbəsində dayanıblar. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.

O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər. Hazırda sabiq deputatların mənzil qalmaqalı davam edir.

Mənzillərin tikintisində cavabdeh olan KAT LTD tikinti şirkəti məsələyə aydınlıq gətirib. Haqlarında səslənən iradları əsassız hesab edən şirkət rəhbəri Elçin Ələkbərov Modern.az-a açıqlama verib. E.Ələkbərov problemin sabiq millət vəkillərinin dedikləri kimi olmadığını və onların barəsində yalan məlumatlar verildiyini bildirib.

“Mən bununla bağlı Milli Məclisdə olmuşam, deyildiyi kimi böyük bir problem yoxdur. Artıq binanın tikintisinə başlamışıq. Bir ildən sonra həmin şəxslərə mənzillər təhvil veriləcək. Qeyd edim ki, 39 deputat bizdən mənzilin pulunu almışdı. Yerdə qalanlara da bina tikilib hazırlanandan sonra mənzillər veriləcək. Onların şikayətlənməsinə heç bir əsas yoxdur”-deyə şirkət rəhbəri vurğulayıb.

E.Ələkbərov həçminin onu da qeyd edib ki, bir çox eks-deputatın mənzillərin qiyməti ilə bağlı səsləndirdiyi rəqəmlər ağ yalandır. Tikinti şirkətinin rəhbəri haqlarında yalan məlumatları yaydıqları üçün Milli Məclisin sabiq üzvlərini məhkəməyə verəcəklərini deyib:

“Həmin insanlar yalandan bildirirlər ki, mənzil üçün 800 manatdan pul ödəyiblər. Bu yalandır. Hansıki bizə 152 dollar pul ödəyiblər.  Onlar nəsə açıqlayanda xahiş olunur rəsmi sənədlərini göstərsinlər. 90 faizi nağıl danışır. Ağzına gələni yazdırırlar. Həmin eks-deputatları məhkəməyə verəcəyik. Necə ola bilər ki, bizim haqqımızda əsassız iddialar səsləndirsinlər, biz də onları məhkəməyə verməyək…”.

Qeyd edək ki, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov və keçmiş deputat Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev uzun illərdir mənzil problemlərinin həll olunmadığını və tikinti şirkəti tərəfindən məsələ ilə bağlı heç bir məlumat ala bilmədiklərini bildiriblər. Eks-deputatlar şirkət tərəfindən süründürməçiliyə yol verildiyini qeyd edərək bildiriblər ki, yaxın zamanlarda problem həll olunmasa onlar ölkə prezidentinə müraciət edəcəklər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir