Modern.az

Anna Jarvesin anası və ya analar üçün bir gün

Anna Jarvesin anası və ya analar üçün bir gün

10 May 2012, 17:47

Hər il may ayının ikinci bazar günü dünyada və 1955-ci ildən etibarən də Türkiyədə “Analar günü” olaraq qeyd olunur. Türk Qadınlar Birliyinin dəstəyi ilə hər il bu bayram geniş miqyasda keçirilir. Çeşidli bayram şənlikləri hazırlanır və hər il göstərdiyi fədakarlığa görə “İlin Anası” da seçilir.

Bu yazdıqlarımı oxuyanda bizdə 8 mart beynəlxalq qadınlar bayramı var, basqa bayrama ehtiyacımız yoxdur deyənlər olacaq. Anaların günü olurmu, bizə lazım deyil, deməyib agız büzənlər də olacaq, başqasının bayramından bizə nə deyənlər də. Anaların günü olmaz, deməyin. Anaların günü olur. Anaların günü olmalıdır....

Ana olmaq tərif edilməyəcək bir duyğudur. Bunu izahını verə billəcək bir qüdrət tanımıram. Ana olmaq nədir? Üç cümlə ilə bunun tərifini verin desəm, buna cümlələr yetmədiyini hiss edəcəksiniz.

Ana olmaq bir canlını bətnində hiss etməkdir. Ana olmaq can verməkdir. Ana olmaq bu canlıyı qorumaqdır. Ana olmaq şükür etməkdir, ana olmaq məsuliyyətdir. Ana olmaq qorxudur, ana olmaq narahatcılıqdır. Ana olmaq fədakarlıqdır, ana olmaq özündən imtina etməkdir. Ana olmaq başqası üçün nəfəs almaqdır, ana olmaq yaşamaqdır, ana olmaq yaşatmaqdır. Ana olmaq yenidən doğmaqdır, ana olmaq yaşarkən parçalanmaqdır. Ana olmaq öyrənməkdir… Ana olmaq öyrətməkdir. Ana olmaq qarşılıq gözləmədən canını qurban verməkdir. Ana olmaq öz anamızı sonunda anlayıb başa düşməkdir. Ana olmaq övladı yanında olmayanda həyatdan zövq ala bilməməkdir. Ana olmaq qarşılıq gözləmədən dəlicəsinə sevməkdir. Ana olmaq güclü olmaqdır. Ana olmaq övladının yerinə ölməyi qəbul etməkdir. Ana olmaq övladıyla ağlamaq, övladıyla gülməkdir.

Ana olmaq həm də övladı tərərfindən dəyəndirilməkdir. Yanlış oxumadınız. Məhz dəyərləndirilməkdir. Bir ana yalnız övladı tərəfindən dəyərləndirildiyində xoşbəxt olur.

Məhz belə övladlardan birinə borculudur bəşəriyyət bu gün “Analar günü” beynəlxalq müstəvidə qeyd olunduğu üçün. Çox insan ondan xəbərsizdir. Anna Jarvis. Anasını dəlilər kimi sevən bir qadın. Muəllimə olaraq Amerikanın Filadelfiya ştatında işə başlayan Jarvis uzun ayrılıqdan sonra anası ilə bərabər yaşamağa başlayır. Onsuz da xəstə olan anası qısa zamanda yorğan-döşəyə düşür. Jarvis anasının tutulduğu amansız xəstəlikdən qurtarılması üçün əlindən gələn hər şeyi eləyir. Ancaq bütün səyləri boşa gedir. Amansız bir yaz sabahı 1906- cı il may ayının 9-da anası əbədi olaraq bu dünyaya gözünü yumur. Anna Jarvis bu itkidən çox sarsılır. Dəlilər kimi sevdiyi anasının bu ölümünü heç cür qəbul edə bilmir. Vicdan əzabı çəkir. Uzun illər anasını yalnız yaşamağa tərk etdiyi üçün peşman olur. Anasının ölümündə özünü günahkar bilir. Həyata küşür. Yaşama sevincini itirir. Yemək yemir. Anna Jarvisin bu halını kənardan seyr edən yaşlı qonşusu onu yanına çağırır. Ona insanların dünyaya gəlməsinin, yaşamasının və ölməsinin bir təbiət qanunu olduğunu deyir: “İnsanlar yaşayır və ölür. Bu bir təbiət qanunudur”.
Bu iki cümlə Jarvisə çox təsir edir. Həyatı və ölümü dərk edir. O gündən sonra ölümün acısını unudur və anasını sevgiylə xatırlayır. Aradan bil il keçir. Anasının ölüm ildönümündə Jarvisin bütün dostları toplanır. İlk “Analar günü” 1908-ci il may ayının 10-da bazar günü Jarvisin anasının 20 il ərzində dini dərslər verdiyi Graftondakı bir kilsədə, 407 ana və övladının iştirakı ilə qeyd olunur. Jarvis hər bir anaya və uşağa öz anasının çox sevdiyi bəyaz qərənfil verir. O gündən sonra bəyaz qərənfil Amerikada Analar gününün semvolu olaraq qebul olunur. Jarvis o gün dostlarına “ Keçən bir il ərzində çəkdiyim acılar mənə çox şey öyrətdi.. Dünyada ana sevgisinin yerini dolduracaq heç bir sevgi yoxdur. Gəlin, ilin bir gününü analara ayıraq. O günü analarımızla bağlı xatirələrlə dolduraq. Beləcə, analarımıza olan sevgi borcumuzu ödəyək” deyir.
Dostları bu fikri çox bəyənirlər. Birlikdə bələdiyyə başqanının yanına gedirlər. Başkan onları dinləyir və bu günün rəsmələşdirilməsi üçün çalışmağa başlayır. Jarvis həmçinin dünyada tək bir insan tərəfindən uğurla həyata keçirilən məktub yazma kampanıyasına başlayır. Bu kampaniya ilə iş adamlarına, siyasətçilərə, qəzet redaktorlarına, din adamlarına ideyası barədə məlumat verir və yardım istəyir. Jarvisin bu təklifi qısa zamanda ictimailəşir. İnsanlar bu ideyanı az zaman içərisində qəbul edir və dəstəkləməyə başlayırlar. Jarvis o qədər çox təşəkkür məktunu alır ki, bu məktubları saxlamaq üçün 3 mərtəbəli ev satın almalı olur. Qısa zaman içərisində ABŞ-ın bir çox ştatlarında insanlar qeyri-rəsmi olsa da, bu günü qeyd etməyə başlayırlar. 1908-ci ildə ABS–ın Filadelfiya ştatında, 1914-cu ildə isə Senatın qərarı və ABŞ prezidenti Vilsonun imzası ilə may ayının ikinci bazar günü bütün Amerikada Analar günü olaraq rəsmən elan olur.

Anna Jarvis bütün ömrünü Analar gününə həsr eləyir. Bir tərəfdən bu bayramın yüksək səviyyədə qeyd olunmasına çalışır, digər tərəfdən isə bu günü ticarətə çevirməyə çalışan çicəkçi və hədiyyəlik əşya firmalarıyla hüqüq müstəvisində mübarizə aparır. Bu bayramın rəsmiləşdirilməsi bəyaz qərənfil və hədiyyə kartı qiymətlərinin birdən-birə artmasına səbəb olur.
“Mənim günümü ticarətə çevirməyin” deyə mübarizəyə başlayan Jarvis 61 yaşında qadınların bəyaz qərənfil satmalarına maneçilik törətdiyi üçün həbs olunur. Analar gününün daha çox dini ağırlıqlı bayram olmasını istəyən Jarvis bu yolda uzun bir mübarizəyə başlayır. Bütün var-yoxunu bu mübarizədə itirən Jarvis ömrünün sonunu səfalət və aclıq içində başa vurur. Bütün dunyadakı anaların ən azından ildə bir dəfə xoşbəxt olmalarına səbəbkarı olan Jarvis özü isə ana olmadan bu dünyadan köçür…

Məhz belə bir hekayəsi var Analar gününün. Həzin, sevgi, minnətdarlıq dolu bir hekayəsi…

Gəlin, bizim də təqvimizdə bir analar günümüz olsun. O günü sadəcə və sadəcə analarımıza həsr edək. O günü Analarımızla bərabər yaşayaq, onları bu günü yaşadaq. Onlara təşəkkür edək, onlarla dəyər verək. Analarımızı dəyərləndirək. Analar dəyər gördüyündə xoşbəxt olurlar… Bunun üçün rəsmiyətə ehtiyac varmı?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır