Modern.az

Sadə peşəkar – Mürdəşirlər: “Bəzən yumağa elə meyitlər gətirirlər ki...” - PROJE

Sadə peşəkar – Mürdəşirlər: “Bəzən yumağa elə meyitlər gətirirlər ki...” - PROJE

11 May 2012, 10:30

Ölülərin savabını qazanan dirilərlə söhbət...

“Ölü yumağın savabı da çoxdur”

“Apple” şirkətinin müdiri Stiv Cob ölümqabağı belə demişdi: “Həyatı tərk edərkən məyus olmağa dəyməz. Əgər həyat səni tərk edərsə, kədərlənməyə dəyər. Bir də ölüm həyatın ən gözəl kəşfidir”.
Düzünü desəm yazını bu cür ifadələrlə başlayıb oxuculara ölümü sevdirmək fikrim yoxdur. Amma neyləmək olar, hər şeyin başlanğıcı olduğu kimi, bir sonun da olduğu bəllidir. Elə həyat dediyimiz məfhum da  bu qəbildən sayılır. Bir də baxırsan ki, vaxt gəlir, vədə yetişir, son mənzilə yola salınırıq. Bu yolda bizə son dəfə qüsl verib, salavat çevirənlər mürdəşirlər olur.
Yəqin ki, hamınıza qəribə gələcək ki, mürdəşirin rubrikamıza nə dəxli var. Amma bu iş,  hamının ürək eləyib bacara biləcəyi peşələrdən olmadığına görə qərara aldıq ki, “Sadə peşəkarlar” projesinin növbəti qonağımı ölüyuyan, yəni “mürdəşir” olsun.
Doğrusu mürdəşir deyəndə mən daha sərt, qaba, daşürəkli insanlar təsəvvür eləyirdim. Amma müsahibədən sonra fikirlərim tamamilə dəyişdi.

 “İlk dəfə qorxum 300 meyitdən sonra yox olub”

Ümid artıq 5 il olar ki, bu işlə məğul olur. Əvvəllər isə yas məclislərində mollalıq edirmiş. “Özüm Qafqaz İslam Universitetini, Hacı Sabir məktəbini bitirmişəm. Universitetdən sonra isə hərbi xidmətə yollandım. O zamanlar Gəncə batalyonunda könüllülər dəstəsində vuruşurduq. Elə ilk meyiti də orda görmüşəm. Murovdan don vurmuş 300 meyiti xəstəxanaya gətirmişdilər. Mən yalnız bircə dəfə orda meyit görəndə çəkinmişəm. Bütün qorxunu, xofu da əsgərlikdən qayıdanda orda qoyub gəldim. Necə deyərlər 300 meyitlə qorxuya tamam.  Sonra isə yas məclislərini aparırdım, amma gördüm ki, bu işin məsuliyyəti, ölü yumağın savabı da çoxdur”.

“Ölü yumağa ilk dəfə atamdan başlamışam”

“Ata rəhmətə gedibsə, vacibdir ki, övladları onu yusun. Xüsusən də böyük övladın boynuna düşür bu iş. Atamız rəhmətə gedəndə qardaşlarımla qərara gəldik ki, borcumuzu elə özümüz yerinə yetirək.


Qardaşlarım məndən də cəsarətli idi. Çox əziz bir adamımı yuyurdum və içimdə heç bir qorxu, xof yox idi. İlk yuduğum meyit də atam oldu. Təbii ki, çoxu ürək eləyib yaxınlaşa bilmir ölüyə. Heç bezi tutmağa belə cəsarət eləmirlər. Bu zaman biz bu savab işi götürürük öz boynumuza. Düşünürəm ki, axirət üçün bu çox əməlisaleh işdir”.

“Bu işdə özüm-özümə güc gəlməsəm, iyrənərəm”

Ümid deyir ki, məscidə müxtəlif vəziyyətlərdə meyitlər gətirilir. Bəzən elə ölü olur ki, Ümid özü belə, onu yumaqda çətinlik çəkir.
“Elə meyitlər olur ki, adam bir az çətinlik çəkir. Yaralısı, çürümüşü olur. Məsələn, o gün meyit gətirmişdilər 57 gün idi ki, qalmışdı soyuducuda. Yiyəsi yox idi. Elə olur ki, iylənmiş vəziyyətdə gətirirlər, bəzən də meyit heç ələ gəlmir. Yanıq olanda yumaq mümkün olmur. Çünki suyu üstünə tutanda parça–parça olur, bədənin piyi gedir, nəyini yuyaq onun. Məcbur oluruq ki, su əvəzinə beləsini torpaqla təyəmmüm eləyək. Yəni torpaq vasitəsilə qüsl verib, kəfənləyirik. Bizim üçün bu iş çox adiləşib. Özün-özünə qalib gəlməlisən. Elə meyit var ki, özümü iyrəndirsəm, yaxın gedə bilmərəm. Əvvəlcədən psixoloji hazırlaşıram, gedirəm üstünə yuyuram. Elə bilirəm saf meyitdir”.

Ümid deyir ki, yaşından aslı olaraq müxtəlif cür meyitlər yumasına baxmayaraq, həmişə körpələri yuyanda içində ürək ağrısı olur.

“Yaşlıları rahat yuyuram. Amma uşaq olanda ürəyim gəlmir. Daxilən məndə qorxu, yazıqlıq əmələ gəlir qarşımda körpə meyitləri görəndə. Çox pis oluram cavanları, şəhidləri görəndə. Heç kim heç kimə ölüm arzulamaz. Elə olub ki, bir saatlıq, bir aylıq uşağı gətiriblər yanıma.
Deyim ki, əgər uşaq ana bətnində 3 ay 10 günü tamam olarsa və ət , sümük halına keçərsə onu da yuyuruq. 
İslamın bu qanunları çox gözəldir. Yuyulmaqla paklaşır ölü. Əvvəlcə sabun və ilıq su ilə yuyuruq. Bəzən ölü yiyəsi şampun gətirir, ondan da istifadə edirik. Ən axırda isə 1-ci sidr suyu ilə, 2-ci  kafr suyu ilə meyitin rəngi açılır, abuxalislə isə qüsl veriləndə tam şəffaf rəng alır”.

“Dostlar, tanışlarla görüşəndə birinci mən əl uzatmıram”

Mürdəşir işinin ağırlığını bildiyi üçün hətta ətrafdakı insanlarla ehtiyatlı davranır.
“38 yaşım var, iki uşaq atasıyam. Amma yaşları az olduğu üçün onlara meyit yuduğumu deməmişəm. Böyüyəndə özləri bilər nə var, nə yox. Ümumiyyətlə, çalışıram ki, bu işdə hər gördüyümü evdə danışmayım. Çünki uşaqdılar, qorxa bilərlər.
Yoldaşlarımla, tanışlarımla görüşəndə birinci mən əl uzatmıram. Ola bilər  məndən qorxsunlar və ya iyrənsinlər. İyrənənlər də olub. Amma incimirəm, başa düşürəm”.

Elə söhbətimizin bu yerində xəbər gəldi ki, ay Ümid, durma gəl bir neçə meyit gətirilib. Məcburən söhbətimizi yarıda kəsməli olduq.

Halbuki, müsahibəm bitməmişdi. Belədə fürsəti qaçırmayıb növbəti həmsöhbətimlə, eyni işlə məşğul olan Nazxanım xala ilə danışmağa başladım.

“Elə meyit var gülümsəyir, eləsi də var ki, adını çağırsan, sanki cavab verəcək”
      
Nazxanım xala da Azərbaycanın cənub bölgəsindəndir. 55 yaşı var.


Mürdəşirliyə 49 yaşından başlayıb. “Mən də ilk dəfə anamı yumaqla bu işə başlamışam. Bu çox səxavətli işdir. Qorxmaq məsələsinə gəlincə isə mən həmişə iradəmi toplamışam ki, qorxmayım. Hətta biz növbə ilə işləyirik. Mənim üçün gecə ilə gündüzün fərqi yoxdur. Hətta meyitlə gecə vaxtı tək qalsam belə, qətiyyən xofum olmur.
Bura müxtəlif halda meyitlər gətirilir. Eləsi olur ki, sanki adama gülümsəyir, eləsi də var ki, adını çağırsan, sanki durub cavab verəcək, yuxuda olan insana bənzəyir”.

Elə meyitlər olurmu ki, yuyulandan sonra üzündəki ifadə kəskin dəyişsin, çünki böyüklərin söhbətində bu cu cür hallara çox rast gəlmişəm? – sualı Nazxanım xalaya ünvanlayıb cavab gözləyirəm. O da bir qədər fikirləşir:

"Əlbəttə belə şeylərlə də qarşılaşırıq. Kimi mələk kimi gözəlləşir, cavanlaşır, kimi də çirkinləşir.  Heç kim deyə bilməz əməli yaxşı olub belə gözəldi, yoxsa pis olub belə çirkindir. Anam rəhmətə gedəndə 80 yaşı var idi. Amma yuyulduqdan sonra eynən 40-45 yaşındakı sifəti aldı. Bu Allahın sirridir”.

“Yuduğum meyitlərin simasını yuxumda da görürəm”   

“Yaşlı meyitləri yumaq mənə asandır. Əli xınalı qızları görəndə isə özümü saxlaya bilmirəm. Yuya-yuya gözlərimin yaşı da süzülür. Bu cür cavanları, uşaqları qarşımda görəndə o qədər pis oluram ki, hətta yuxularımdan da çıxmırlar. Neyləmək olar? Biz hamımız yaradanın qarşısında baş əyirik. Ağlasam da, ürəyimdə deyirəm ki, bu ağlamağım Allah sənə xoş gəlsin.
Ana bətnindən yenicə çıxmış uşaqdan tutmuş, 110 yaşına qədər adam yumuşam. Bu gün yuduğumu sabah ola bilsin ki, heç xatırlamayım.
Amma mən ölünün tükünə qədər məsuliyyət daşıyıram. Ölü ilə necə ölürəm, eləcə də dirilirəm. Kəfənin üzərinə ləkə düşərsə onun haqqı mənim üzərimdə qalır. Bir ölünü yumağa 1 saatdan çox vaxt sərf edirəm.
Yalnız bircə dəfə ürpənmişəm. Bir dəfə ölünü qüsl eliyəndə qolu sürüşüb düşdü kafelin üstünə şappıltıynan. Bax o zaman içimdən gizilti keçdi. Tez çönüb arxaya baxdım ki, bəlkə dirilib. Təbii ki, belə deyildi.
Dəqiq deyə bilməsəm də mən bir dəfə sanki ruhu hiss etmişəm. Ağlıya-ağlaya yuxuya getmişdim. Yuxuda rəhmətlik qardaşımı gördüm. Qardaşımın nəfəsini üzümdə hiss etdim. Əlimlə onu tutub saxlamaq istəyəndə, əlim “kravatın” dəmirinə dəydi və mən yuxudan dik atıldım. Onun xəyalı da yox oldu. Amma hər şeyin yaxşısını Allah bilir”.

“Biz mürdəşirlər həkim kimiyik”

Gün ərzində 3-4 meyit yuyan Nazxanım xala deyir ki, bu sahədə o qədər peşəkarlaşıblar ki, hətta meyitlərin nədən öldüklərini içəri girən kimi bilirlər.
“Son zamanlar bizə gələn meyitlərin çoxu əsasən xərçəngdən və ya infarkdan ölür. Meyitləri əlcəklə yuyuruq.




Başı üzülən, əlsiz-qolsuz, bıçaq yaraları olan, infeksion xəstəliklərdən ölən meyitlər gətirirlər. Özümüzü xəstəliklərdən qorumalıyıq.

Onu da deyim ki, son bir neçə ay ərzində mənim dilimə ət dəymir. Bu  işlə məşğul ola-ola ətdən irgənmişəm. Çörək yeyəndə gözümün qabağına gəlir. Nadir hallarda ət yeyərəm”.

- Bəs əmək haqqınızı necə alırsınız?-deyə yenə Nazxanım xaladan əl çəkmirəm..

“Məscid rəhbərliyi hər ay maaş kimi 200-250 manat civarında pul verir. Ölülərin sayından aslı olur”. 
    
Nazxanım xala onu da vurğuladı ki, son illər yuduğu ölülərin simasında məxsusi bir rahatlıq var.



Düzünü desəm onun bu fikrindən belə qənaətə gəldim ki, dövrümüzün insanlarının çoxu ya mömindir, ölümü dərk edərək onu xoş sima ilə qarşılayırlar, ya da həyat qayğıları və çətinliklər inasanları o qədər yorur ki, ölümü xilaskar kimi qəbul edib sevə-sevə qarşılayırlar.

Antik filosoflardan Aristotel ölümə ağır və uzun çəkən əlacsız xəstəliyin çarəsi kimi baxırdı, hətta son anlarında həkiminə onu xəstəlikdən qurtarıb ölümə təslim etdiyi üçün hədiyyə də  göndərmişdi....

Şahanə RƏHİMLİ
Fotomüxbir Elçin AĞAYEV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?