Modern.az

“Eurovision” Bakıya hansı modanı gətirə bilər? – RƏYLƏR

“Eurovision” Bakıya hansı modanı gətirə bilər? – RƏYLƏR

11 May 2012, 10:51

“Eurovision 2012” Mahnı Müsabiqəsinin ilk yarımfinalının keçirilməsinə az qalıb. Müsabiqənin keçiriləcəyi tarix yaxınlaşdıqca, ölkəmizə turistlərin axını artacaq. Azərbaycan isə ilk dəfədir ki, çoxlu sayda əcənəbi qonaqlara ev sahibliyi edəcək. Bəs avropalıların şəhərimizə gəlişi ilə Bakıda yeni geyim tərzi yarana bilərmi? Turistlərin geyim stili Bakı sakinlərində hansı təsirləri qoya bilər? Bu barədə Modern.az-ın əməkdaşı məşhur modelyer və stilistin fikirlərini öyrənib.

Məşhur modelyer, Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, “Eurovison” Mahnı Müsabiqəsinə görə ölkəmizə gəlişi gözlənilən turistlərin məsələn, Avropa ölkələrində daha çox rahat geyimlərə yəni cins, təbii parçalardan ibarət paltarlara üstünlük verirlər.
“Nəzərə alsaq ki, artıq yaz iqlimidir, avropalılar üçün bu isti hava şəraiti deməkdir. Mən düşünürəm ki, hətta onlar çimərliyə belə getmək istəyəcəklər”.  

Modelyer bildirir ki, şəhərimzə gələn qonaqlar arasında biz o qədər də fərqli geyim tərzləri, obrazlar görməyəcəyik. Çünki, bura gələn nümayəndə heyətlərinin hamısı iş adamlarıdır, turistlər də ki, normal turist geyimində olacaq.
“Bizim bildiyimiz kimi, eləcə də dəb aləmində artıq formalaşmış  “turistik stil” var. Bu geyimlər isə əsasən daha rahat şalvarlar, koftalar, ayaqqabı, çanta, eynəklərdir”.

Turistlərin gəlişi ilə dəb aləmində yeniliklərin olacağını bildirən modelyer qeyd edib ki, biz yeni stilləri, yeni geyim tərzləri, yeni ifadə formaları görə bilərik.
“Mən hesab edirəm ki, bunların şəhər sakinlərinin geyim tərzinə təsiri olacaq, amma bu təsir müsbət olacaq”.

Fəxriyyə Xələfovanın sözlərinə görə,  bizim vətəndaşların geyim tərzi heç də avropalılardan geri qalmır, bakılılar çalışırlar ki, dəblə ayaqlaşsınlar.
“Əsas odur ki, müsabiqə ərəfəsində biz çox dəbli görsənək, mən çox istəyirəm ki, bizim vətəndaşlarımız çox dəbli geyinsinlər, özlərini çox gözəl ifadə edə bilsinlər”-deyə modelyer vurğulayıb.
“Eurovison” Mahnı Müsabiqəsinin təmsilçilərinin geyim tərzinə münasibət bildirən modelyer qeyd edib ki, müsabiqə iştirakçılarının geyim tendensiyaları onun üçün maraqlıdır:

“Təmsilçilər hər zaman çalışırlar ki, maraqlı və qeyri-adi performans göstərsinlər və mən müşahidə edirəm ki, yenidən bu müsabiqədə “glamur” stili hiss olunacaq. Glamur, yəni dəbdəbəli stil artıq mövcuddur və inanıram ki, bizim aparıcılarımız və təmsilçimiz çox gözəl və glamur görsənəcəklər” - deyə Fəxriyyə xanım əlavə edib.

Məşhur stilist Anar Ağakişiyev isə bildirib ki, bizim geyim tərzimiz, stilimiz Avropadan heç də geri qalmır, hətta müəyyən məqamlarda onlardan irəlidədir.

“Ola bilər ki, dəyişikliklər olsun, amma bu dəyişikliklər o qədər də böyük olmayacaq. Çünki, Azərbaycan xalqı həqiqətən çox gözəl və zövqlə geyinir”.

Stilistin sözlərinə görə, ola bilsin ki, bəzi kök xanımlarımız avropalıların gəlişi ilə öz komplekslərindən qurtulsunlar. “Bəzi kilolu xanımlarımız ola bilsin ki, öz geyimlərində dəyişiklik etsinlər. Çünki, kök xanımlarımızda kompleks olur, öz kilolarını gizlətmək istəyirlər, bundan utanırlar. Bu komplekslər atılacaq, çünki Avropanın kilolu qadınları heç bir kompleks olmadan öz bədənlərinə uyğun geyinirlər”.

Stilist Anar əmindir ki, bakılılar öz geyimiylə nəinki Avropadan gələnlərdən irəlidədir, hətta avropalıları təəccübləndirə biləcək səviyyədəyik.
“Bəlkə də avropalıları biz təəccübləndirəcəyik. Axı onlar bizə qarşı başqa cür baxırlar? Mən əminəm ki, ölkəmizə gələn qonaqlar bizim zövqlü geyinən insanlarımızı gördükdə çox təəccüblənəcəklər” deyə stilist əlavə edib.

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi