Modern.az

Müğənni Səidə Dadaşova: "...heç nəyin görməmişi deyiləm...” - MÜSAHİBƏ

Müğənni Səidə Dadaşova: "...heç nəyin görməmişi deyiləm...” - MÜSAHİBƏ

Mədəni̇yyət

11 May 2012, 13:20

"Mübahisə" rubrikasının sayca altıncı qonağı Azərbaycanda çox tanınmış Dadaşovlar nəslinin davamçısı, müğənni Səidə Dadaşovadır.

- Hazırda bəstəkar-aranjimançı Arzu Abbasovayla gözəl mahnılar üzərində işləyirik. Bakıya təzə gəlmişəm. Yay ərəfəsində daha gözəl işlərim olacaq. Doğrusu, qışda bir az çətinliklərimiz oldu. Çünki mən bura gələndə Məhərrəm ayı idi. 

- Mən sizi "Elə budur səadət" mahnısından tanımışam. Ondan sonra bir mahnınız da oldu. Bu mahnıların yazılmasından 6-7 il keçir, ortada hələ də bir tutarlı işiniz yoxdur. Səbəb?

- Mən ailə qurduğuma görə üç il Bakıda olmadım. Bəzən insan nəyisə qurban verməyə məcburdur. Ailə elə bir şeydir ki, özünü daha çox məişət işlərinə həsr etməli olursan. Amma yenə də Bakıdayam və sənətimi davam elətdirirəm.

- Adını çəkdiyiniz Arzu Abbasova peşəkar bəstəkar deyil. Ölkədə kifayət qədər peşəkar bəstəkarlar ola-ola niyə onlarla işləmirsiniz?

- O peşəkar bəstəkardır. Ötən il ən yaxşı aranjimançı oldu. Hamı eyni bəstəkarla işlədiyindən, mən də Arzu xanımla işləməyə qərar verdim.

- Hamı kiminlə işləyir ki?

- Hamı eyni bəstəkara müraciət eləyir də. Arzu Abbasova hər janrda yazdığına görə iş birliyimiz ürəyimcədir.

- Ailə qurduğunuz bu üç il ərzində siz efirlərdən kənar deyildiniz. Sadəcə gündəmə daha çox şəxsi həyatla gəlirdiniz...

- Yox, mən heç vaxt gündəmə şəxsi həyatla gəlməmişəm. Bəzi ağzıgöyçəklər, gözügötürməyənlər haqqımda şayiələr yayırdılar. Mən 17 ildir oxuyuram və heç vaxt ailə problemlərimi gündəmə gətirməmişəm.

- Adətən müğənnilər illərdən danışırlarsa, deməli ürəklərindən, beyinlərindən fəxri ad almaq keçir. Olmaya belədir?

- Təbii ki, keçir. Mən özümü tanıyandan dövlət tədbirlərində iştirak eləmişəm.

- Hər oxuyana da ad vermək olar?

- Hər oxuyana deyəndə ki, kim layiqdirsə, verilməlidir. Bu dəqiqə çoxusu pulla alınır. Çıxıb iki il oxuyurlar, bir də görürəm ad alıb.

- Məsələn?

- Tanımıram o adamları. Mən özüm 17 ildir oxuyuram. Bəzi insanlar deyirlər ki, aaa, Səidə Dadaşova müğənnidir?

- Səidə Dadaşova bir neçə il İsveçdə. sonra Türkiyədə yaşadı. O insanlar nə bilsinlər ki, siz müğənnisiniz...

- Müğənni var gəlir, sabah yaddan çıxır. Elə müğənnilər də var ki, həmişə orta xətti tutur.

- Siz özünüzü yaddan çıxan müğənnilərdən sayırsınız yəqin ki...

- Əksinə, özümü ortada olan müğənni sayıram. Nə yuxarıdayam, nə aşağıda. İndiyə kimi ortanı qorumuşam. Üç il Türkiyədə, üç il İsveçdə yaşamışam. Yenə gəlmişəm, tanıyırlar da, hörmətim də var.

- Toylara gedirsiniz?

- Əlbəttə. Toysuz bir günümüz olmasın. Burda müğənnilər konsertdən, diskdən pul götürmür. Ümid ancaq toylaradır.

- Yəqin ki toyu bütünlüklə idarə etmirsiniz

- Çox nadir hallarda bütün toyu aparıram. Bunu üçün ansambl olmalıdır və sair.

- Qonorarınız?

- Pul məsələsini prodüserim danışır.

- Prodüseriniz danışıb pulu öz cibinə qoymur ki. Sonucda həmin pul sizə gəlib çıxır. 

- Bu özəl bir şeydir də. Az da olur, çox da olur. Mən insana da baxıram, onun insaniyyətinə də... Hətta pulsuz da toya getmişəm.

- Ümumiyyətlə, Azərbaycanda belə bir müğənni varmi ki, toya pulsuz getsin?

- Başqasının adına danışa bilmərəm. Amma mən getmişəm. 

- Nəyə görə Səidə Dadaşova hələ də "Rafael Dadaşovun qızı" çərçivəsini sındıra bilmir?

- Çünki aktyorluq və müğənnilik fərqlidir. Doğrudur, hər ikisi incəsənətdir. Bəzən insanlar məndən soruşurlar ki, sən Rafael Dadaşovun qızısan. Amma əziyyət çəkə-çəkə gəlirsən. Cavab verirəm ki, atamın adını, sanını qorumaq istəyirəm. Onsuz da bilirlər ki, mən Rafael Dadaşovun qızı, Məlik Dadaşovun nəvəsi, Brilliant Dadaşovanın bacısı qızıyam. Bunu hər yerdə qürurla da deyirəm. Səsim batsa, oxumasam belə, küçədə məni bu insanların adıyla tanıyacaqlar.

- Sizin səhnədə olmağınızı bir növ sənət nəslinin davamı kimi də qiymətləndirmək olar. Amma o cür adlardan sonra sanki pillələr aşağı doğru gedir. Məncə siz həmin pilləni qoruya bilmirsiniz...

- Onu zaman göstərəcək. Mən özümə o qədər arxayınam ki, heç nəyin ardınca qaçmıram. İstedadıma güvənirəm. Həmişə özümü sevmişəm, özümdən hardasa razı da olmuşam. Niyə də olmayım. O cür nəslin qızıyam. Mən heç nəyin görməmişi deyiləm. İstəsəydim bağça müəlliməsi də olardım. Uşaqlıqdan uşaqları çox sevirdim. Anam deyirdi ki, sən bağça müəlliməsi olacaqsan. Heç müğənni olmaq fikrim də yox idi. Amma səhnədə olmasaydım mənə günah olardı.

- Amma o səviyyədə davam eləmək məsələsi də var...

- Bu bir az acımasız, rəhmsiz sənətdir. Pisliklər də olur, yaxşılıqlar da... Mən heç nəyi planlaşdırmıram. Göz, nəfs məni yıxır. Bunu dəfələrlə sınamışam. 

- Deyəsən atanız sizin mətbuata danışmağınıza qadağa qoyub. Niyə?

- Belə bir şey yoxdur. Sadəcə mən rusdilli olduğumdan fikrimi doğru izah edə bilmirəım. Bəzi insanlar da bundan istifadə edirlər. Hələ mən Azərbaycan dilində çox yaxşı danışıram. Bəziləri özlərinə müəllim tuturlar. 

- Nəyə görə biz öz dilimizdə danışmağımızı kiməsə minnət qoyuruq? Siz bu dildə danışmalısınız də.

- Əlbəttə danışmalıyam. Danışığımda qüsurlar ola bilər. Amma yenə də öyrənməyə cəhd edirəm. 


Yusuf Yusifbəyli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır