Modern.az

Əlli mənasız yerə pul xərclənilir, bir az da kitaba pul xərcləsinlər...

Əlli mənasız yerə pul xərclənilir, bir az da kitaba pul xərcləsinlər...

12 Yanvar 2010, 16:22

MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, TARİXÇİ ALİM CƏMİL HƏSƏNLİDİR

- Cəmil müəllim, Azərbaycanda tarix elmi ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrindən iradlar, etirazlar səsləndirilir. Elm adamı kimi Azərbaycan tarixi ilə bağlı elmi işlərin bugünkü durumu sizi qane edirmi?
- Əvvəla qeyd edim ki, Azərbaycanda elmi işlərin səviyyəsi aşağı düşüb. Bizim elmi işlərin böyük bir hissəsi daxili auditoriyaya hesablanıb. İkincisi, ortada güclü, obyektiv beynəlxalq tənqidə dözümlülük məsələsi var. İndi deyə bilmərəm ki, bizim elmi işlərin böyük bir hissəsi bu dözümlülüyə hazırdır. Dissertasiyaların səviyyəsi birmənalı şəkildə aşağı düşüb. Elmi araşdırmaların səviyyəsi təəssüf ki, çox aşağıdır. Amma bununla yanaşı, ədalət naminə demək lazımdır ki, bu dövr ərzində çox güclü əsərlər də yaranıb və bu güclü əsərləri də qiymətləndirmək lazımdır...
- Söhbət konkret olaraq hansı əsərlərdən gedir?
- Mən indi istəmirəm konkret ad çəkim, kimsə razı qalsın, kimsə narazı. Elmi ictimaiyyət də, elə rəhbərlik də çox yaxşı bilir ki, hansı əsərlər yaxşıdır, hansı əsərlər pisdir. Bu gün böyük bəla ondan ibarət deyil ki, yaxşı əsər yazılır, ya yazılmır. Böyük bəla ondan ibarətdir ki, yazılan əsərlərin auditoriyaya çatdırılması problemi var. Bu, ciddi problemdir...
- Siz daxili auditoriyanı nəzərdə tutursunuz, yoxsa..?
- Mən ümumilikdə hamısını nəzərdə tuturam. Birincisi, xaricə çıxmaq üçün dövlətin əli mütləq bu işin arxasında olmalıdır. İstər o əl görünsün, istər görünməsin. O əl o işin arxasında dayanmalıdır. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfinə - daxili auditoriyaya gəlincə, bu gün hətta məhdud sayda dərc edilən kitablar belə, ancaq Bakı şəhərində var. Azərbaycanın regionlarında, bölgələrində bir dənə olsun təzə çıxan kitab və yaxud onun haqqında məlumat yoxdur. Yeri gəlmişkən, geniş kitabxana şəbəkəsi, satış yerləri var idi, ancaq, görəsən, bu yerlər müxtəlif adamlar tərəfindən alınanda məgər bilmirdilərmi ki, vəziyyət gəlib bu yerə çatacaq? Sonuncu məşhur kitab dükanımız “Akademiyakitab” idi. Hər halda uzun onilliklər idi ki, o dükan orada fəaliyyət göstərirdi. Ancaq, çox təəssüflər olsun ki, onu da oradan çıxartdılar. Bəs belə olan halda, nəşr olunan yeni kitablar necə yayılacaq? Mən həmişə deyirəm və demişəm ki, kitaba münasibət psixoloji münasibətdir...
- Necə yəni?
- Məsələn, cavan oğlan “Torqovı” ilə gedəndə və görəndə ki, Bakının kitab tarixi olan kitab passajı cır-cındır mağazasına çevrilib, ani olaraq o zaman beynində fikirləşir ki, bu kitab yaxşı şey olsaydı, onun dükanını bağlamazdılar. Bax, psixoloji münasibət dedikdə, bunu nəzərdə tuturam. Bir də ki, tez-tez deyirlər, indi dövlət bu işin altına girməməlidir, biznes strukturları bu işi aparmalıdır. Axı, kitab kortof, soğan, nə bilim yağ-ət deyil, burdan alırsan, burdan satırsan və təzədən alırsan... Kitab hələki bu gün Azərbaycanda çox ciddi gəlir gətirən sahə deyil. Amma onun gətirdiyi o az gəlir ki, var, o, bu millətin möcvudluğuna və gələcəyinə xidmət edir. Kitabı kortof-soğan alveri ilə eyni biznes qrafasına daxil etmək olmaz. Kitab millətin mövcudluq formasıdır. Ona görə də dövlətin əli bu işin arxasında olmalıdır.
- Sizcə, dövlət bu işə necə yardım etməlidir?
- Hesab edirəm ki, ilk növbədə dövlətin bu məsələ ilə bağlı bir yayım şirkəti olmalıdır. Ola bilməz ki, bu gün Naxçıvanda, Lənkəranda, Gəncədə, Qubada, Şəkidə və sair yerlərdə beş nəfər kitab oxuyan qalmasın və yaxud qalmayıb. İndi müəllif kitabını qoltuğunamı vurub özüylə ora aparmalıdır? Deyirlər kitabın qiyməti bahadır. Niyə bahadır? Çünki tiraj azdır. Vaxtilə bizim kitablarımız 40-50 min tirajla çıxardı... Nümunə olaraq deyim ki, mənim “Ağ ləkələrin qara kölgəsi” adlı kitabım vaxtilə 40 min tirajla çıxmışdı. İndi ondan 4 dənə də tapa bilməzsən. Özü də nəinki indi, elə çıxandan iki il sonra ondan 4 dənə də tapmaq mümkün olmadı. Bu 40 minin də deyək ki, 5-6 mini getdi dövlət kitabxanalarına. Axı bunun 35 mini evə, 35 min ailəyə çatdı... Demək istəyirəm ki, kitabın qiyməti o vaxt aşağı olacaq ki, onun tirajı çox olsun. Eyni zamanda, ölkənin bütün regionlarında kənd, qəsəbə kitabxanaları mövcuddur, məktəblərdə məktəb kitabxanası var. İndi bu kitabxanaları kim kitabla təmin etməlidir? Bunların hərəsinə nəşr edilən az-çox normal kitablardan bir nüsxə çatmalıdı, ya yox? Əlli mənasız yerə pul xərclənilir, bir az da kitaba pul xərclənilsin də, dünya dağılmayacaq ki?
- Ümumiyyətlə, Azərbaycan, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında Azərbaycan tarix elminin, Azərbaycan tarixçilərinin oynadığı rol, tutduğu mövqe qənaətbəxşdirmi?
- Bilirsiniz, bütövlükdə götürəndə nə qədər ki, işğal altında olan ərazilər qaytarılmayıb, nə Azərbaycan rəhbərliyinin və siyasətçilərinin, nə Azərbaycan tarixçilərinin və alimlərinin, nə də Azərbaycan ordusunun fəaliyyəti qənaətbəxş sayıla bilər. O zaman bu fəaliyyət qənaətbəxş olacaq ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik. Tarixçi bunu mənəvi cəhətdən azad etməlidir, dövlət rəhbərliyi bunu siyasi cəhətdən azad etməlidir, ordu bunu, necə deyərlər, əməli cəhətdən azad etməlidir... Bu məsələdə biz qənaətbəxş sözünü hələlik istifadə edə bilmərik. Məqamı düşmüşkən, bir məsələyə də münasibət bildirmək istəyirəm. Bəzən bizim insanlarda belə bir səhv təsəvvür yaranır ki, çox maraqlandığımız, ilgiləndiyimiz bir problemlə bağlı kitabı nə qədər yaxşı kağızda və qalın üzdə çap etdirsək, bir o qədər yaxşıdır. Bu, yanlış yanaşmadır. Kitabı götürüb şəkil kağızında çap edirlər və etdirirlər... Axı adamlar başa düşmürlər ki, bu kitab oxumaq üçündür və heç kəs bağa gedəndə, bir səfərə yola düşəndə sənin 5 kiloqramlıq kitabını götürüb çantasına qoyub özüylə aparmayacaq. İndi Qərbdə hətta bizim bu gün A3 formatlı kağız ki var, ondan da imtina edirlər. Onlar sarı, yüngül kağızlara gedirlər ki, kitab çəki etibarilə ağır olmasın. Kitab məna etibarilə ağır olmalıdır. Bu bəs etmir, hələ ona üstəlik bir qutu düzəltdirirlər, kitabı onun içərisinə qoyurlar... Biz özümüz üçün aydınlaşdırmalıyıq ki, Qarabağ haqqında suvenir əşya hazırlayırıq, yoxsa o materialların ictimaiyyətə çatmasını arzulayırıq? Elə bilirəm ki, bu məsələ barədə ciddi düşünülməlidir. Heç yadımdan çıxmır bir dəfə “Azərbaycan gündəliyi” əsərinin müəllifi Tomas Koss yarızarafat- yarıgerçək dedi ki, sizin kitablar oxumaq üçün deyil, qarşında oturanın başına vurub onu öldürmək üçündür... Çünki həqiqətən də bu kitablar o qədər ağırdır ki, onları daşımaq mümkün deyil.
- Tez-tez belə fikirlər səslənir ki, vaxtilə Azərbaycana məxsus olmuş və indiki Ermənistan adlanan dövlətin ərazisinə qatılmış tarixi ərazilərimiz - Göycə, Zəngəzurla bağlı məlum qərarlar parlament tərəfindən ləğv edilməlidir...
- Bilirsiniz, strateji baxımdan bizim qarşımızda duran ən ciddi vəzifə işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Eyni zamanda, tarix kimi biz o məsələlərə də qayıtmalıyıq, o məsələləri yazmalıyıq, o məsələləri deməliyik. Amma millətimizin bütün elmi, siyasi, intellektual, mənəvi, hərbi potensialı işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəlməlidir.

 Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı