Modern.az

Prezidentdən fəxri ad alan məşhur aktyor "... vallah küçədə gedəndə həmişə pul tapıram…" - MÜSAHİBƏ

Prezidentdən fəxri ad alan məşhur aktyor "... vallah küçədə gedəndə həmişə pul tapıram…" - MÜSAHİBƏ

Mədəni̇yyət

14 May 2012, 12:02

Bir neçə gün öncə "Əməkdar artist" fəxri adı almış tanınmış aktyor Atabala Səfərov Modern.az saytının suallarını cavablandırır.

- Atabala müəllim, fəxri ad aldığınızı hardan eşitdiniz?

- Əvvəla onu deyim ki, fəxri ad almağıma görə prezidentə səmimi minnətdarlığımı bildirirəm. O kişi mənimçün fərman veribsə, bunu nəyi pisdir ki? Elçin Əfəndiyevin "Buzovna kəndinin əhvalatları" tamaşasını oynayırdıq. Tamaşa başlamışdı, bir də gördüm cavanlar mənə yaxınlaşıb deyirlər ki, Atabala müəllim, sizə fəxri ad veriblər. Dedim vallah mənim xəbərim yoxdur.

- Bu xəbəri ilk eşitdiyiniz insan kim idi?

- Gənc Tamaşaçılar Teatrının aktyoru Manaf Dadaşov. Sonra aktyor Şövqi Hüseynovun həyat yoldaşı Şəbnəm xanım da - o da bizim teatrda işləyir- dedi ki, gözləyin, indi Şövqi gəlir sizi təbrik eləməyə..

- Elə insanlar oldumu ki, onlardan təbrik gözləyirdiniz, amma almadınız?

- Hə, olub. Amma ad çəkmək istəmirəm.

- Teatrdan başqa gəlir yeriniz var?

- Hə, bəs necə?

- Məsələn?

- İndi olur da...

- Yəqin toylara tamada gedirsiniz.

- Yox, yox.., toya getmirəm. Allah-təala ruzi-bərəkətimizi yetirir. Bir də görürsən ki, küçədə getdiyim yerdə pul tapıram. Vallah, 100 dollar, 100  manat tapıram.

- Övladınız nə sənət sahibidir?

- Allah hamının balasını xoşbəxt eləsin. Mənim də bir qızım var, həkimdir. Elə mən özüm də həkim olmaq istəyirdim, alınmadı. Orta məktəbi bitirəndə riyaziyyatı çox yaxşı bilirdim. İndi Dəmiryol xəstəxanasında həkim işləyir qızım. Bir də nəvəm var.

- Eviniz var, yoxsa kirayədə qalırsınız?

- Mənim üç yerdə evim var. Heç vaxt ev barəsində prezidentə müraciət eləmərəm. Allah bütün yaxşı adamlara can sağlığı versin, ölüb gedənlərə də rəhmət eləsin. Qaynanam mənə 120 kvadratmetrlik ev bağışladı.

- Fəxri adı gec alsanız da, qaynana sarıdan bəxtiniz yaman gətirib...

- Elədir. Evlərimdən biri  "Gənclik", digəri "Əhmədli" metrostansiyası tərəfdədir.

- Yəqin dolanışığınız da həmin evlərin kirayəsindən çıxır.

- Hərdənbir olur da... Amma inanın ki, küçədə gedəndə həmişə pul tapıram.

- Axırıncı dəfə yerdən nə qədər pul tapmısınız?

- 200 dollar.

- Siz hansı yollarla gedirsiniz ki, o yollara pul tökülüb? Yerini deyin biz də oralardan keçək...

- (gülür) Yaxşı yollardı. Halal puldur e... Elə bilərsən yalandan deyirəm. Amma doğrudan belədir. Lap uşaqlıqdan belə şanslı olmuşam. 63  yaşım var, 16 yaşımdan zəhmət çəkmişəm.

- Avtomobiliniz var?

- Sovet vaxtı olub.

- Bir az da sənətdən danışaq. Teatrda işləriniz nə yerdədir?

- Teatrda həmişə mənə diqqət olub. "Hacı Qara", "Hacı Qəmbər" kimi obrazlar oynamışam. 

- Nə əcəb seriallara çəkilmirsiniz?

- Yox, o mənlik deyil.

- Niyə?

- Yox, yox...

- Seriallara çəkilmirsiniz, amma reklamlarda sizi tez-tez görürük.

- Bir dəfə "Nar mobile"nin reklamına çəkildim, vəssalam. Onlardan da 1500 manat pul aldım.  Hələ Azərbaycanda reklamdan 1500 manat qonarar alan olmamışdı. 

- Maşallah, deyəsən maddi probleminiz yoxdur.

- Maddi baxımdan problem var e, sadəcə onu problem eləmək lazım deyil. Həyatda o şeyin davasını çəkmək lazımdır ki, onun mənası olsun. 

- Bu qədər nikbinsiniz. Sizi narahat edən bir problem yoxdurmu?

- Mən 63 il yaşamışam. Məktəb yoldaşlarımın 60 faizi, tələbə yoldaşlarımın 70 faizi dünyasını dəyişib. Əgər mən bu qədər yaşamışamsa,  neyləmək lazımdır? Sevinmək lazımdır da… Bundan sonra nə yaşadınsa, qazancdır. Həyatda bir saat yaşadığın ömrün də ləzzətini almağı bacarmalısan. İstər çətin olsun, istər asan.

- Məktəb yoldaşları demişkən, yəqin ki, Şabrandan da xeyli təbriklər aldınız...

- Xızıdan, Şabrandan, Altıağacdan zəng elədilər. Mənə ən ləzzət eləyən bir yerdə oxuduğumuz Ədalət Məmmədov, Faud Poladovun təbrikləri idi.

- Fəxri ad aldığınız gün danışmağa vaxtınız olmadı. Yəqin ki, yeyib-içməyə gedirdiniz.

- Yox.. Yeyib-içmək mənimçün problem deyil.

- Sənət yoldaşlarınızdan dostluq elədikləriniz var?

- Mənim dostum həyat yoldaşımdır, bir də qızım. Son 10 ildə dost sözünə nifrət eləyirəm.

- Niyə?

- İndi dost var ki...? 

- Onda yəqin ki, nə vaxtsa dost zərbəsi almısınız.

- Yox. Əgər dostunun olmasını istəyirsənsə, əvvəlcə gərək özün dost olasan. 

- Adətən yaşlı sənətkarlar gənclərlə yola getmirlər. Amma mən özüm də dəfələrlə şahidi olmuşam ki, sizin gənclərə münasibətiniz fərqlidir.

- Hazırda Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovdan tutmuş bütün aktyorlarla yaxşı münasibətlərim var. O gənclər çox istedadlı və ən əsası tərbiyəli uşaqlardırlar. Məsələn Elnur Kərimov, Manaf Dadaşov, Elnur Hüseynov,  Nigar Bahadırqızı...

- Bizim müsahibəmiz internetdə yayımlanacaq. Özünüz açıb oxuya biləcəksiniz?

- Qızıma deyərəm, açar oxuyaram. Ay balam, mən indi interneti neyniyirəm, 63 yaşım var e… 


Yusuf Yusufbəyli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır