Modern.az

Jurnalistikamızda yeni mərəz – utanmazlıq

Jurnalistikamızda yeni mərəz – utanmazlıq

17 May 2012, 15:44

Təqdimat mərasiminin keçriləcəyi ünvana – Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəaliyyət göstərdiyi binaya çatanda təyin olunan vaxta qırx dəqiqə qalırdı. “Gecikməyək”, deyə-deyə tələsmişdik. Ancaq mərasimin keçiriləcəyi akt zalında bizdən də tez gəlmiş bir xanım əyləşmişdi. İş yoldaşımın tanışı idi. Mehribanlıqla salamlaşıb hal-əhval tutdular. Onun yanındakı boş stullarda əyləşdik.

 Təxminən on dəqiqə sonra gənc bir qız bizə yaxınlaşdı. Çalışdığı kütləvi informasiya vasitəsinin adı ilə özünü təqdim etdi. Keçiriləcək tədbir barədə suallar vermək istəyirdi. Tələsdiyini, məlumat alıb getmək istədiyini açıq-aydın göstərən qıza bir qədər gözləməli olacağını bildirdim. Yanımızda yer göstərdim. Təşəkkür edib kənara çəkildi.

 Təqdimat mərasiminin vaxtı yaxınlaşdıqca gələnlərin sayı artırdı. Çoxu elm adamı idi. Çünki bu tədbir onun - AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Azadə Rüstəmovanın adı ilə bağlı idi. Çapını görməyi çox arzuladığı “Mənəvi dünənimiz bu günün işığında” adlı kitabı təqdim olunurdu. Azadə Rüstəmovanın bacısı qızı, filologiya elmləri doktoru Fəridə Əzizova mərasim iştirakçılarını qarşılayırdı. Müxtəlif mətbuat orqanlarından, televiziya kanallarından da müxbirlər gəlirdi. Onların arasında keçmiş iş yoldaşımı görəndə sevindim. Onunla görüşməyə gedəndə bayaqkı qızla qarşılaşdım. Fəridə xanıma yaxınlaşırdı. Məni görüb ayaq saxladı. Xəbər aldı: “Azadə Rüstəmova bunların hansıdır?”. Qızın sualından diksindim. Təşvişlə ətrafa baxa-baxa düşündüm: “Görəsən eşidən olmadı ki?”. Qıza pıçıltı ilə dedim: “Azadə Rüstəmova 2006-cı ildə vəfat edib”.

Yox, yanılmışdım. Nahaq elə fikirləşmişdim ki, qız pərt olacaq. Meydan oxuyurmuş kimi, düz gözlərimin içinə baxdı: “Dünən özləri redaksiyamıza zəng vurublar ki, tədbirdən yazaq”. Yəni gəlmişiksə, böyük iş görmüşük, daha tədbirin kimə həsr olunduğunu, mahiyyətini də öyrənməli deyildik ki...

 Məni ən çox, yumşaq desəm, dilxor edən də bu olur. Bilməli olduğunu bilməyənlərin, etməməli olduğunu edənlərin utanmazlığı. Qız məni görməsəydi, tanımadan, bilmədən Fəridə Əzizovaya yaxınlaşacaq, özünü tanınmış informasiya vasitələrindən birinin nümayəndəsi kimi təqdim edib onun neçə il qabaq dünyadan köçmüş xalası ilə danışmaq istədiyini deyəcəkdi. İndi Fəridə xanımı hansı vəziyyətə sala biləcəyini, bir alimdə jurnalistlər barədə necə fikirlər yaradacağını düşünüb utanmalı idi axı...

Bu gün - texnikanın sürətlə inkişaf etdiyi dövrdə bir alimin həyatı, yaradıcılığı haqqında qısa məlumat toplamaq çətin deyil. İnternetdə axtarış verib 10-15 dəqiqə içərisində lap geniş şəkildə olmasa da, müəyyən bilgilər əldə etmək mümkündür. Yəni, burada vaxt azlığından söhbət gedə bilməz. Bəs onda bu nədir, məsuliyyətsizlikmi? Özündənrazılıqmı? Tənbəllikmi? Bunların hamısından daha artıq olanı - jurnalist sənətinə sevgisizlikmi?

Yadıma bir əhvalat düşdü. Bir neçə il əvvəlin söhbətidir. Azərbaycan Yazıçılar Birliyində idim. Bir tanışımı görməyə getmişdim. Saat 2-də tədbir var idi. Birliyin sədri Anarın otağında keçiriləcəkdi. O zaman çalışdığım şirkətin televeziyasından da iki nəfər - operator və müxbir gəlmişdi. Əlimikrafonlu qızı şirkətdə çox az görmüşdüm. Yeni işçi idi. Mənə yaxınlaşıb yavaşca soruşdu: “Yazıçı Fikrət Qocanı mənə göstərə bilərsiniz?”. Sonra Çingiz Əlioğlunu ona göstərməyimi xahiş etdi. Şübhə ilə soruşdum: “Anarı tanıyırsan?”. İncidi: “Keçən dəfə ondan müsahibə götürdüm”. Hə, deməli, Anarı tanıyırdı.

50 ildən artıq jurnalistlik təcrübəsi olan iş yoldaşım mənə danışdı: “Bu günlərdə Mirzə İbrahimovdan söz düşmüşdü, gənc bir jurnalist soruşdu ki, Mirzə İbrahimov kimdir?”.

Mən, əlbəttə, “jurnalist, hər şeyi tam dərinliklərinə qədər bilməli, hər şeydən baş çıxarmalıdır, heç bir səhvi, xətası olmamalıdır” kimi fikirlər söyləməkdən uzağam. Çox sadə bir həqiqəti yadımıza salmaq istəyirəm: jurnalist az-çox məlumatlı, mütaliəli olmağı öz işinin bir hissəsi hesab etməlidir. Heç olmazsa, özünü və özgələri pis vəziyyətə salmamaq üçün hara getdiyini, kimdən, nə məqsədlə müsahibə alacağını bilməlidir.

Bir həqiqət də var: yaxamızı nə qədər kənara çəksək də, həmkar olduğumuzu görməməzliyə vursaq da, birimiz digərlərimizi də təmsil edir, ümumi jurnalistikamız barədə rəy yaradırıq.

Bu gün jurnalist sənətinin gözdən düşdüyündən gileyliyik. Haqsız da sayılmarıq. Əlbəttə, bunun səbəbləri çoxdur. Amma səbəblərdən biri də bəzi adlarını jurnalist, müxbir qoyanlarımızın məlumatsızlığı, ən ağrılısı, özlərinə haqq qazadırmaları, savadsızlıqlarından utanmamalarıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir