Modern.az

Özümüzü tam şəkildə əsas ərzaq məhsulları ilə təmin etməliyik, hələ ki, biz bunu görmürük

Özümüzü tam şəkildə əsas ərzaq məhsulları ilə təmin etməliyik, hələ ki, biz bunu görmürük

Ölkə

13 Yanvar 2010, 13:41

Hazırda iqtisadçı ekspertlərin ən çox müzakirə etdikləri məsələ dünyanı bürüyən maliyyə və iqtisadi böhranın hansı dövlətə nə dərəcədə zərər vurması və ölkələrin 2010-cu ildə inkişaf perspektivləridir.
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrindən biri aqrar sahədir. Hazırda ölkə əhalisinin 46 faizi kənd yerlərində yaşayır. Məşğul əhalinin 38,3 faizi kənd təsərrüfatında çalışır. Ümumi ərazinin 55 faizi isə kənd təsərrüfatına yararlı torpaqlardır (4757 min hektar). Belə böyük işçi qüvvəsi və əsas istehsal vasitəsi olan torpaq potensialından səmərəli istifadə olunması həmişə dövlətin diqqət mərkəzində olub. Son illər iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da geniş tədbirlər həyata keçirilməkdədir.

İslahatlar nəticəsində vahid torpaq fondunun 57 faizi dövlət, 23 faizi bələdiyyə və 20 faizi xüsusi mülkiyyətə verilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramına əsasən, həyata keçirilən tədbirlər nəticəsində fəaliyyətə başlayan yeni müəssisələr, yaradılan infrastruktur obyektləri regionların simasını əsaslı dəyişdi, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması təmin edildi, iqtisadiyyat yüksək templə inkişaf etməyə başladı. “Bunun nəticəsidir ki, əvvəllər respublikamızın rayonları büdcə xərclərinin cəmi 10-15 faizini yerli gəlirlər hesabına ödədikləri halda, hazırda bu göstərici Abşeron rayonunda 85 faiz, Lənkəran, Qəbələ, Xaçmaz, İmişli, Şamaxı və digər rayonlarda 40-50 faiz təşkil edir. Bu onu göstərir ki, regionların və aqrar bölmənin inkişafına sərf edilən büdcə vəsaitləri, bəzilərinin düşündüyü kimi, "qaranlıq quyu"ya atılan daşa bənzəmir, əksinə, öz səmərəsini tezliklə göstərir”.
Millət vəkili bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin əsasən dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, dövlət idarə, müəssisə və təşkilatlarının vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri hesabına maliyyələşməsi nəzərdə tutulur. “Proqramda kənd təsərrüfatı məhsullarının artırılması ilə yanaşı həmin məhsulların emalı, tədarükü və satışının təkmilləşdirilməsi, bu sahənin maddi-texniki, elmi və kadr bazasının yaxşılaşdırılması da əsas hədəflərdəndir. "Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi" və "Aqrofermaların yaradılmasının dəstəklənməsi", "Aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və aqrar sahənin inkişafı üçün müasir tələblər səviyyəsində kadrların hazırlanmasının dəstəklənməsi" və ölkə əhəmiyyətli başqa tədbirlər qarşıya qoyulan məqsədlərə çatmağa və yaxın vaxtlarda respublikamızda rəqabətqabiliyyətli aqrar sahənin formalaşmasına imkan verəcəkdir. Proqramda aqrar sahənin inkişaf etdirilməsi ilə yanaşı kənd yerlərində infrastrukturun yaradılması və təkmilləşdirilməsi məsələləri də öz əksini tapıb. Bu proqrama uyğun olaraq hər bir rayonda ekologiya və təbii sərvətlərdən istifadə, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, səhiyyə və mədəniyyət, idman və təhsil üzrə tədbirlər təsdiq edilib”.
E.İbrahimov hazırda dünya ölkələrini narahat edən əsas problemlərdən birinin ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğunu deyib.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, hazırda dünyada 1 milyard nəfərə yaxın insan aclıq içərisində yaşayır. Əhalinin sayının artması, urbanizasiya ilə əlaqədar şəhər sakinlərinin xüsusi çəkisinin kənd sakinlərinə nisbətən getdikcə çoxalması və əmək haqlarının yüksəlməsi ərzaq mallarına olan tələbatı ödəmək üçün bütün dünya ölkələrindən təsirli tədbirlər görməyi tələb edir.
”Ərzaq təhlükəsizliyi məsələsinə ölkəmizdə də çox ciddi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin 2001-ci ilin mart ayında imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilib. Bu proqramın uğurla yerinə yetirilməsinə baxmayaraq, ölkə əhalisinin hər il 100 min nəfərdən çox artması, əhalinin orta aylıq əməkhaqqının artım sürətinin kənd təsərrüfatı məhsulları istehsalının artımından 4-5 dəfə çox olması ərzaq məhsullarına tələbatı hər il xeyli artırır. Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində çox düzgün olaraq qeyd edib: "Bazar iqtisadiyyatı prinsipləri ölkələri ərzaq çatışmazlığından qoruya bilmir. Ona görə də biz əlavə tədbirlər görməliyik ki, özümüzü qoruyaq, daxildə kənd təsərrüfatının istehsalını artıraq, tam şəkildə əsas ərzaq məhsulları ilə təmin edək. Hələ ki biz bunu görmürük"”-deyə deputat bildirib.
E.İbrahimovun sözlərinə görə, 1996-cı ildən başlayaraq həyata keçirilən təsirli tədbirlər nəticəsində respublikamızda hər il davamlı olaraq kənd təsərrüfatı məhsullarının istehsalı artsa da, ölkə əhalisinin bir çox əsas məhsullarla, o cümlədən taxıl, ət, yumurta, bitki yağı və digər məhsullarla normaya uyğun, xüsusən yerli istehsal hesabına tələbatının ödənilməsində çətinliklər mövcuddur: “Bu reallıq nəzərə alınaraq Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilib. Proqramda görüləcək tədbirlər və əldə ediləcək nəticələr müəyyən olunub. Proqramın icrasına başlanılıb və 2009-cu ilin dövlət büdcəsindən bu məqsədlə 60 milyon manat vəsait ayrılıb.
Bu ildən başlayaraq kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağın və motor yağının, habelə mineral gübrələrin dəyərinin 50 faizinin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlər də daxil olmaqla bu proqrama 2010-cu ilin dövlət büdcəsindən 111 milyon 550 min manat vəsait xərclənməsi nəzərdə tutulur. Büdcə vəsaiti hesabına proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün yaradılan bu möhkəm təməl təminat verir ki, bu proqramın icrası da uğurla nəticələnəcək və ölkəmiz Ümumdünya Ərzaq Təhlükəsizliyi Proqramına töhfə verən dövlətlərdən biri olacaqdır”.
Deputatın fikrincə, ölkə iqtisadiyyatı gücləndikcə aqrar bölmənin inkişafına diqqət artır və ildən-ilə dövlət büdcəsindən kənd təsərrüfatına, meliorasiya və irriqasiya tədbirlərinə daha çox vəsait ayrılır.
“2010-cu ilin dövlət büdcəsində aqrar sahə ilə bağlı mühüm məqamlardan biri də büdcə vəsaitlərinin konkret proqramlar üzrə ayrılmasıdır. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiqlənən dövlət proqramlarında, Milli Məclisin qəbul etdiyi qanunlara ("Damazlıq heyvandarlıq haqqında", "Atçılıq haqqında") uyğun olaraq hökumətin təsdiq etdiyi proqramlarda nəzərdə tutulan tədbirlərin icrasına büdcədən vəsait ayrılması və investisiya yönəldilməsi uğurlu nəticələrin əldə edilməsinə və həmin sahələrin inkişafına təminat verir.
Bununla yanaşı, həm də qeyd etmək lazımdır ki, məsələ heç də iqtisadiyyatın digər sahələri kimi, aqrar sahəyə də böyük məbləğdə büdcə vəsaiti ayrılmasında deyil. Əsas məsələ ondadır ki, ayrılan vəsaiti tam həcmdə təyinatı üzrə xərcləmək mümkün olsun. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizə son illər gələn kapital sunamisinə biz hazır olmadığımızdan 2009-cu il üçün ayrılan büdcə vəsaitlərini tam xərcləmək mümkün olmadı. Ona görə də 2010-cu ilin büdcə xərcləri 2009-cu ildə gözlənilən xərclərə uyğun nəzərdə tutulmuşdur ki, bu da reallığı daha düzgün əks etdirir və büdcə vəsaitlərinin səmərəli xərclənməsinə və inkişafa xidmət edir”.
E.İbrahimov deyib ki, hazırda ölkəmizdə aparılan aqrar və institusional islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam formalaşıb. Yəni bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. “Artıq aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və hazırda fermerləri məhsul istehsalını necə təşkil etmək yox, məhsul istehsalına xidmət edən təşkilatlar, məhsul emalı müəssisələri ilə əlaqələrin qurulması, istehsal edilən məhsulun satışının daha səmərəli yollarının tapılması, rəqabətli məhsul istehsalı üçün yeni texnika və texnologiyaların tətbiqi və iqtisadi səmərəliliyi artıran digər məsələlər daha çox düşündürür. Bu mərhələnin əsas hədəfləri aqrar sahədə əmək məhsuldarlığını artırmaq, məhsulların ucuz başa gəlməsinə nail olmaq, daxili bazarda rəqabətə tab gətirməklə yanaşı, xarici bazara yüksək keyfiyyətli və dünya standartlarına uyğun məhsul çıxarmaqdır. Lakin heç kimə sirr deyil ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalçıları istehsal etdikləri məhsulları satmaqda böyük çətinliklərlə üzləşir, məhsulun bir hissəsini vaxtında və səmərəli qiymətə sata bilmədiklərindən xarab olur və itkiyə yol verilir. Digər tərəfdən, emal müəssisələrinin az olması, məhsulların topdan və pərakəndə satışı ilə məşğul olanların bazarda hökmran mövqe tutması istehsalçıları məhsulu həddən çox aşağı qiymətə satmağa məcbur edir. Nəticədə aylarla məhsul istehsalına əmək və vəsait sərf edən fermerlər qazanc əldə edə bilmədikləri halda, bu məhsulların emalı və alqı-satqısı ilə məşğul olanlar bir neçə saat və ya gün ərzində 2-3 dəfə artıq gəlir əldə edirlər. Bu isə növbəti ildə müəyyən məhsulların istehsalının azalmasına və idxalının artmasına səbəb olur”.
E.İbrahimov hesab edir ki, kənd təsərrüfatı məhsullarının tədarükü və satışında bir çox ölkələrdə formalaşmış topdansatış bazasının yaradılması təcrübəsindən faydalanmağa ehtiyac var. “İspaniyada 100 min nəfərdən çox əhalisi olan bütün şəhərlərdə belə bazalar mövcuddur. Madrid şəhərində isə səhm zərfinin 51 faizi Madrid meriyasına məxsus olan "Merkasa" adlı dövlət və xüsusi mülkiyyətə əsaslanan birgə müəssisə fəaliyyət göstərir. Madrid şəhəri və ətraf yaşayış məskənlərinin 6 milyon nəfər əhalisini ərzaq ilə təmin edən bu müəssisə 240 hektar ərazini əhatə edir və burada ilkin emal, məhsulun satışa hazırlanması obyektləri, baytarlıq, fitosanitar və keyfiyyətə nəzarət strukturları yerləşir. Bu da dövlət orqanlarının mərkəzləşmiş qaydada məhsulun keyfiyyətinə nəzarət etməyə və topdansatış və pərakəndəsatış qiymətləri tənzimləməyə imkan verir. Şəhərin bütün iaşə obyektləri və pərakəndəsatış obyektləri bazanın xidmətlərindən istifadə edir.
Aqrar bölmənin gələcək inkişafını təmin edən amillərdən biri də kənd təsərrüfatında kooperasiya əlaqələrinin yaradılmasıdır. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kooperativlərin yaradılmasına diqqət artırılmalı, dövlət büdcəsi vəsaiti hesabına fermerlərə güzəştli kreditlər, lizinq yolu ilə texnika, damazlıq heyvan və digər vasitələr verilərkən bu kooperativlərin maraqları nəzərə alınmalıdır. Digər tərəfdən, dövlət büdcəsindən istehsal kooperativlərinə özlərinin istehlak kooperativlərini yaratmaqda kreditlər ayrılması nəzərdə tutulmalıdır. Ayrılıqda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalçılarına xidmət edən (təchizat, aqroservis və digər) və kənd təsərrüfatı məhsullarından istifadə etməklə fəaliyyət göstərən müəssisələr (emal, yeyinti və yüngül sənaye və s.) həmişə yüksək gəlir götürdükləri halda ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafına böyük təsir imkanları olan kənd təsərrüfatı və kənd yerləri gəlir götürmür, ziyanla işləyir və tənəzzülə uğrayır. Ona görə də aqrar sahənin hərtərəfli və səmərəli inkişafını təmin etmək üçün əsas məsələlərdən biri bu iqtisadi sahələrin kooperasiyasının dövlət tərəfindən stimullaşdırılmasıdır. Digər tərəfdən, dövlət dəstəyi əsasında kənd təsərrüfatı istehsal kooperativlərinin özlərinin kredit, xidmət və emal müəssisələri olmalıdır ki, onlar başqalarının təsirinə məruz qalmadan sərbəst fəaliyyət göstərə bilsinlər. Bir çox ölkələrdə və müxtəlif dövrlərdə əhalini ərzaq çatışmazlığından məhz kənd təsərrüfatı kooperativləri xilas edib. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşib və onlar istehsal edilən bir çox kənd təsərrüfatı məhsullarının 70-90, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edərək satırlar.
Aqrar sahənin inkişafının yeni mərhələsinə xas olan cəhətlərdən biri də kənd təsərrüfatında, ilk növbədə pambıqçılıqda və südçülükdə klaster sisteminə keçmək üçün geniş imkanların və perspektivlərin olmasıdır. Əlbəttə, bu məsələlər dövlətin dəstəyi olmadan mümkün deyildir. Bu mənada yaxşı olardı ki, Nazirlər Kabineti nəzdində ictimai əsaslarla fəaliyyət göstərən "Aqrar məsələlərə dair komissiya" yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və aqrar bölməyə göstərdiyi gündəlik diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatında özünəməxsus yeri olan bu sahə bundan sonra da yüksək sürətlə inkişaf edəcək, kənd yerlərinin siması tezliklə ən yüksək tələblərə cavab verən səviyyəyə çatdırılacaqdır. 2010-cu ilin dövlət büdcəsindən aqrar sahəyə ayrılan vəsait bu bölmənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və onun möhkəm təməl üzərində inkişafını sübut edir. Əminik ki, aqrar sahənin inkişafındakı bu yeni mərhələ də uğurla başa çatacaqdır”.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi