Modern.az

Nazirlik jurnalistlər üçün müsabiqə elan edib

Nazirlik jurnalistlər üçün müsabiqə elan edib

18 May 2012, 11:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 iyul Milli Mətbuat günü ilə əlaqədar jurnalistlər arasında müsabiqə elan edib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır.Müsabiqə 8 mövzu olmaqla 4 istiqamət üzrə keçirilir. Hər istiqamət üzrə 2 mövzu təklif olunur.

I. Ekoloji təhlükəsizliyin təminatı üzrə.

 a) Su ehtiyatları və onlardan səmərəli istifadənin təbliği;

 b) Torpaq eroziyaları və səhralaşmanın qarşısının alınması;

II. “Yaşıl” texnologiyanın tətbiqi üzrə

 a) Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və onların təbliği;

 b) Müasir texnologiyanın tətbiqi vasitəsilə tullantıların azaldılması

III. Meşələrin artırılması və mühafizəsi üzrə

 a) Meşələrin yanğından mühafizəsi;

 b) Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu.

IV. Biomüxtəliflik üzrə:

 a) Nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərin mühafizəsi;

 b) Əhalinin ekoloji maarifləndirilməsində milli parkların əhəmiyyəti.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazı və telesüjetlərə aid tələblər bunlardır:

 1. Yazı və telesüjet elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqədə hər jurnalist yalnız bir mövzu üzrə iştirak edə bilər.

 3. Yazı və telesüjet Azərbaycan dilində olmalıdır (xarici mətbuatda işıqlandırılmış mövzular Azərbaycan dilinə tərcümə olunmuş şəkildə təqdim edilməlidir).

 4. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

 5. Yazıda və telesüjetdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

 6. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxədə, müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, CD formasında) variantları, telesüjetlər isə DVD-də təqdim olunmalıdır.

 7. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox, telesüjetlər isə 5 dəqiqədən az olmamalıdır.

 8. Şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış da məqaləyə əlavə edilməlidir.

 9. Müsabiqəyə 15 may 2012-ci il tarixdən 02 iyul 2012-ci il tarixədək çap olunmuş məqalə və telesüjetlər rəsmi iş günləri saat 10:00-dan 17:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, B.Ağayev küçəsi 100A. Tel: 432 41 52) şəxsən təqdim edilməlidir.

 10. Müsabiqədə iştirak edən hər bir KİV nümayəndəsi özü haqqında məlumat (materialın aid olduğu nominasiya və mövzu, müəllifin adı, soyadı, atasının adı və telefon nömrələri) verməlidir.

Yazılarda üstünlük veriləcəkdir:

 - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

 - materialın oxucu üçün informasiyalılıq və maarifləndiricilik səviyyəsi;

 - yazının və reportajın dil və üslub xüsusiyyətləri;

 - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

 - ictimai maraqların müdafiəsi.

Müsabiqədə qalib gələn jurnalistlərə pul mükafatı təqdim olunacaq.

I yer- 1000 manat

 II yer- 800 manat

 III yer- 600 manat

Daha 15 həvəsləndirici mükafat-hər biri 300 manat məbləğində pul veriləcək. Qaliblər, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu