Modern.az

Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq

Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq

18 May 2012, 11:23

“Təəssüf ki, respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun sıralarında insani dəyərlərdən uzaq olan və çirkin əməllərlə məşğul olan "alimlər" də var”.
Modern.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik Arif Mehdiyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.  O, bildirib ki, burada, həmçinin, bu ümumdövlət və ümumxalq işində laqeydlik göstərən alimlər böyük məsuliyyət daşıyırlar.

”Eyni zamanda, həmin şəxslərin nəzərinə çatdırıram ki, Ali Attestasiya Komissiyası elmi saxtakarlıq hallarına qarşı ciddi mübarizə aparır”.

A.Mehdiyev deyib ki, hazırda AAK-da 14 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuralarının tövsiyələri nadir hallarda Komissiyanın rəyasət heyəti və ya kollegiyası tərəfindən qəbul olunmur.

” 2012-ci ilin may ayına qədər olan dövr ərzində Komissiya tərəfindən 1265 iddiaçıya elmlər doktoru elmi dərəcəsi, 7286 iddiaçıya fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi, 1064 iddiaçıya professor, 3984 iddiaçıya isə dosent elmi adı verilmişdir. AAK-ın uyğun əsasnamələrinin tələbləri kobud şəkildə pozulduğuna görə həmin dövr ərzində Komissiya tərəfindən 73 doktorluq və 562 fəlsəfə doktoru (namizədlik) dissertasiyası üzrə attestasiya işindən, 151 professor və 709 dosent elmi adları almaq üçün təqdim edilmiş attestasiya işindən imtina olunmuşdur. 
Bəzən əsassız olaraq qərəzli mətbuat orqanlarında respublikamızda elmi dərəcə və elmi ad alanların sayının son dərəcə artması və elmin "ucuzlaşması" qeyd olunur. Lakin statistik təhlillər və digər ölkələrdəki uyğun rəqəmlərlə müqayisələr faktlara və rəqəmlərə söykənməyən bu əsassız fikirləri tam təkzib edir. Məsələn, 2005-2009-cu illəri əhatə edən dövr üzrə əhalinin hər milyon nəfərinə düşən elmlər doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı Azərbaycan Respublikasında 10,5, fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı isə 56,5 olduğu halda, Rusiya Federasiyasında müvafiq dövr üçün uyğun rəqəmlər 24,7 (elmlər doktoru), 194,2 (elmlər namizədi) olmuşdur”.

A.Mehdiyev deyib ki,  dissertasiya şuraları elmi və elmi-pedaqoji kadrların attestasiyası sisteminin əsasını təşkil edir. İddiaçılar üçün müdafiə prosesini asanlaşdırmaq məqsədilə ölkədə AMEA-nın institutlarının, nüfuzlu dövlət universitetlərinin və sahə elmi-tədqiqat institutlarının nəzdində 57 dissertasiya şurası yaradılıb. Hər bir dissertasiya şurasında dördə qədər ixtisas üzrə müdafiə keçirmək olar. Demək olar ki, ixtisas nomenklaturasındakı ixtisasların 90 faizi bu şuralarda təmsil olunubdur. Bu da o deməkdir ki, iddiaçıların əksər  hissəsi dissertasiya işlərini AAK-a yox, bilavasitə dissertasiya şuralarına təqdim edirlər.
Bəzi ixtisaslar üzrə respublikada elmlər doktorlarının sayı az olduğuna görə həmin ixtisaslar üzrə daimi dissertasiya şuraları yaradıla bilmir. Bu halda AAK-ın əmri ilə müvəqqəti birdəfəlik dissertasiya şuraları təşkil edilir, yaxud birdəfəlik müdafiələr keçirilir. Bəzi hallarda xarici ölkə alimləri də  həmin şuralara üzv kimi dəvət olunurlar.

Akademikin sözlərinə görə, dissertasiya müdafiələrinin gedişini əks etdirən stenoqramların və videoçəkilişlərin təhlili göstərir ki, müdafiə zamanı iddiaçının verilən suala cavabı konkret olmur və bəzən cavab əvəzinə müzakirə və ya çıxış xarakterli danışıqlara yol verilir.

”Bu prosesin müdafiə adlandırılmasının səbəbi odur ki, burada iddiaçının opponentlərdən və dissertasiya şurasının üzvlərindən "müdafiə" olunması nəzərdə tutulur. Yəni opponentlər "hücum" edirlər, iddiaçı isə "müdaifə" olunur. Təəssüflər olsun ki, çox vaxt, bəlkə də əksər hallarda, nə "hücum", nə də "müdafiə" müşahidə olunur. Nəticədə 100 faiz səs toplanır. Nadir hallarda  bir-iki səs əleyhinə verilir. O da sonradan məlum olur ki, əleyhinə səs verənlər ya iddiaçı, ya da onun elmi rəhbəri (məsləhətçisi) ilə ədavət aparır. Bir sözlə, obyektivlikdən xeyli uzaq səsvermə baş verir. Məhz belə halların qarşısını almaq məqsədilə Komissiya dissertasiya müdafiəsinin gedişinin videoçəkilişi yazılmış kompakt diskləri digər zəruri sənədlərlə birgə tələb edir.
Dissertasiya şuralarının nəzdində yaradılmış elmi seminarlarda iddiaçının işinin müzakirəsi çox vacib və mühüm əhəmiyyət kəsb edir. Bu mərhələdə dissertasiya işində olan nöqsanları üzə çıxarmaq tələb olunur, lazım gələrsə, əlavə tədqiqatlar aparılmasına, müvafiq duzəlişlər edilməsinə və sonradan müdafiə şurasına təqdim olunmasına dair tövsiyələr verilir. Təəssüflər olsun ki, çox vaxt seminarlarda dissertasiyaların müzakirəsi zamanı AAK-ın dissertasiyalara dair bir sıra tələbləri ödənilmir, dissertasiyaların elmi səviyyələrinin uyğun tələblərə cavab verməsinə ciddi əməl olunmur. Həmin elmi seminarlarda bir çox hallarda dissertasiyaların özü deyil, yazılmış rəylər müzakirə olunur, bunlar da formal və səthi keçirilir. 
Şuraların müddəti iki ildir. Onların fəaliyyəti qənaətbəxş hesab olunmazsa, AAK-ın əmri ilə həmin şuraların fəaliyyəti vaxtından əvvəl dayandırılır. Məsələn, müdafiə olunmuş dissertasiyaların səviyyəsinin aşağı olduğu, müdafiə prosesində prosedur pozuntularına yol verildiyi, sənədlərin tərtibində nöqsanlar olduğu nəzərə alınaraq, AAK Rəyasət Heyətinin qərarları ilə Bakı Dövlət Universiteti nəzdindəki N.02.013 və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki D.02.041 dissertasiya şuralarının fəaliyyəti dayandırılmışdır. Bəzi dissertasiya şuralarında ayrı-ayrı dissertasiya işlərinin müdafiəsi ilə bağlı prosedur pozuntularına yol verildiyinə və AAK-ın müvafiq əsasnamələrinin digər tələbləri kobud şəkildə pozulduğuna görə həmin şuralarda təşkil olunmuş dissertasiya müdafiələri dayandırılmışdır”. 

A.Mehdiyev qeyd edib ki, elmi dərəcə  iddiaçılarının xaricdə dərc etdirdikləri elmi məqalələr də bəzən AAK tərəfindən qəbul edilmir.  Burada əsas tələb dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin Komissiyanın tələblərinə nə dərəcədə cavab verməsidir.
”Hər bir elmi-tədqiqat işinin göstəricisi onun müəllifinin dərc olunmuş elmi məqalələri, simpoziumlarda, elmi konfranslarda və digər nüfuzlu elmi tədbirlərdə iştirakıdır. Təəssüflər olsun ki, elmi işin bu tərəfinə iddiaçılar, onların elmi məsləhətçiləri və elmi rəhbərləri çox da diqqət yetirmirlər. Akademik deyib ki, AAK tərəfindən aparılmış araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər göstərir ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin bəziləri MDB ölkələrinin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən, əsərlərindən, müxtəlif internet materiallarından eynilə tərcümə olunaraq və ya tərcümə edilmədən birbaşa köçürülərək dissertasiya şuralarına müdafiə üçün təqdim olunur.

”Narahatçılıq doğuran hal odur ki, elmə gəlmək istəyən belə təsadüfi şəxslər üçün doktorant və dissertant olduqları elmi müəssisələrdə və ali məktəblərdə çalışan, "elmin keşiyində duran" bəzi alimlər məqsədli surətdə və bilərəkdən əlverişli şərait yaradırlar. Qeyd etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin bu vəziyyətə gəlib çatmasında elmi rəhbərlər və elmi məsləhətçilər böyük məsuliyyət daşıyırlar.
Digər tərəfdən, iddiaçıların təhkim olunduğu ali təhsil müəssisələrində və elmi müəssisələrdə, o cümlədən uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə prinsipiallıq və tələbkarlıq göstərilmir, dərindən araşdırmalar aparılmır. Nəticədə səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin qarşısı vaxtında alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün yazılı rəy təqdim etmiş mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə və tezisləri dərc etmiş jurnal və məcmuələrin redaksiya heyətlərinin və uyğun rəyçilərin üzərinə böyük məsuliyyət düşür. Misal olaraq göstərmək olar ki, 2010-cu ildə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən N.06.011 dissertasiya şurasında (sədr: hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış araşdırmalar və təhlillər nəticəsində məlum olmuşdur ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün Şuraya təqdim olunmuş altı dissertasiya işi açıq-aşkar Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan köçürmədir.
Meydana çıxan bu plagiatlıq faktları ilə bağlı AAK Rəyasət Heyətinin iclasında geniş müzakirə aparılmış, ciddi narahatçılıq doğuran bu cür neqativ halların qarşısını almaq məqsədilə müvafiq qərarlar qəbul edilmişdir. Belə ki,  AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun plagiatlıq faktları ilə əlaqəsi olan dissertantlarına həmin mövzular üzrə təkrar müdafiə etmək hüququnun, o cümlədən üç il müddətinə digər hər hansı bir mövzu üzrə dissertasiya müdafiə etmək hüququnun verilməməsi qərara alınmışdır. Eyni zamanda həmin dissertantların elmi rəhbərlərinə (hüquq elmləri doktoru Mais Əliyevə və hüquq elmləri doktoru, professor İbrahim İsmayılova) beş il müddətinə elmi rəhbər olmaq icazəsi verilməməsi və həmin elmi rəhbərlər tərəfindən bu cür faktların bir daha təkrarlanacağı halda, onların doktorluq elmi dərəcəsinin geri alınması məsələsinin AAK rəyasət heyətinin iclasında baxılması qərara alınmışdır.
Aşkar olunmuş plagiatlıq faktlarının qarşısını almaq məqsədilə AAK rəyasət heyətinin qəbul etdiyi qərar elm və təhsil müəssisələrinin və dissertasiya şuralarının rəhbərlərinin nəzərinə çatdırılmışdır. Bu fakt dissertasiya işlərinin  obyektiv qiymətləndirilməsində elmi ictimaiyyətin köməyinə ehtiyac duyulduğunu  təsdiqləyən yaxşı bir nümunədir. Elmi ictimaiyyət əyri yollarla elmi dərəcələr alan üzdəniraq "alimlərdən" öz sıralarını qorumalıdır.
Dissertasiyalarda plagiatlıq faktlarının olub-olmamasını müəyyən etmək məqsədilə son vaxtlar AAK - da "Antiplagiat" adlanan axtarış proqramından istifadə olunur”.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər