Modern.az

Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi

Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi

18 May 2012, 12:47

"İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar".Modern.az-ın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Laçının işğalının 20 illiyi ilə bağlı tədbirdə çıxışında deyib. Ə.Həsənov qeyd edib ki, artıq bundan sonra ağlayıb-sızlamaq olmaz:

“İndiki bu formatı dəyişmək lazımdır. Ağlayıb-sızlamağı unutmaq lazımdır. Növbəti illərdə bu formatı yeni bir formada dəyişmək lazımdır”.

Ə.Həsənov çıxışında Rusiya və İran səfirliyinin Laçının işğalı ilə bağlı tədbirə gəlməməsinə irad tutaraq məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib.

“Diqqəti bir məqama çəkmək istəyirəm ki, İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar. Bugünkü tədbirə İran səfirliyi öz nümayəndəsini göndərsə də Rusiya səfirliyi ümumiyyətlə bu tədbirə dəvət olunmalarına baxmayaraq, qatılmadılar. Bu çox önəmli problemdir ki, onlar bizim tədbirlərdə iştirak etmirlər. Amma bizim deputatlarımız və nümayəndələrimiz həmişə onların tədbirlərində iştirak edirlər. Rusiya səfirliyi gəlib hər bir tədbirdə iştirak etməlidir. Onlar gəlməməklə şübhələr yaradırlar”-deyə komitə sədri vurğulayıb.

Jurnalistlərə açıqlamasında Ə.Həsənov deyib ki, Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə erməni separatçılar Şuşanı və Laçını işğal edib.

"Şuşanın işğalında ilk yerdə erməni separatçılar durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayın zabit heyətini 100 faiz erməniləşdirib".

Qraçovun anasının erməni olduğunu vurğulayan Əli Həsənov vurğulayıb ki, mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib və 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə erməni separatçılar Laçını işğal edib.

Ə.Həsənov qeyd edib ki, Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib.

Ə.Həsənov RF-nin yeni seçilmiş prezidenti Vladimir Putinin obyektivlik göstərərək bu məsələyə son qoyacağına ümidvar olduğunu bildirib.

"Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir".

Anar KƏLBİYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?