Modern.az

Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT

Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT

18 May 2012, 13:40

Yeganə Kərimzadə: “Daim Yeganə kimi tanınmaq istəmişəm, Fərman Kərimzadənin qızı kimi yox”


Yeganə Kərimzadə ilə danışıb görüş yerini təyin edəndə çox həyəcanlandım. Çünki görüş yeri 10 il oxuduğum orta məktəbin bir neçə addımlığında idi. Yeganə xanımın evinə yaxınlaşdıqca elə bil öz uşaqlığıma da yaxınlaşırdım. Qəlbimi, ruhumu nostalji duyğular öz ağuşuna alıb, doğma bir insan kimi sarmışdı. Artıq xatirələrin  əsirinə çevrilmiş halda addımlayırdım. Bir tərəfdən də bu doğmalıq mənə Yeganə xanımın dünyasını kəşf etməyə yardımçı olacaqdı. Beləcə qarışıq duyğularla  5 mərtəbəni qalxıb qapıdan içəri daxil oldum və  həqiqətən nağıllardakı sonuncu, sehirli qırxıncı qapıdan keçdiyimi anladım.

Yeganə Kərimzadə doğma bir təbəssümlə məni öz dünyasına dəvət etdi. Evin hər küncündən tarixi hadisələrin və adını Azərbaycan ədəbiyyat tarixinə qızıl hərflərlə yazmış Fərman Kərimzadənin ruhu, varlığı hiss olunurdu. Beləcə söhbətə başladıq….

Yeganə xanım ailədə 3 bacı və bir qardaş olduqlarını deyir. Ailənin böyük övladı olduğu üçün daim atası, yazıçı Fərman Kərimzadə onu özü ilə xarici ölkələrə səyahətlərə apararmış. Arada da Fərman Kərimzadə yazdığı əsərləri ailəsini başına toplayıb oxuyarmış. Yeganə xanım hər an bizə atasının varlığını yaşatdığını və onun irsini tədqiq etməklə məşqul olduğunu söylədi.

“Biz çox gec öyrəndik ki, sən demə atam romanlarından əlavə şeir də yazırmış. Bu şeirləri çox böyük çətinliklərdən sonra ordan-burdan, dostların yaddaşından, dəftərlərindən toplaya bildik.  Bir ata kimi o, çox fərqli bir insan idi. Fərqliliyi hər yaşda olan insanın xarakterinə uyğunlaşmasında idi. Uşaq vaxtı məndən kim olmaq istədiyimi soruşdu..... mən də, ata, sənin irsini tədqiq etməklə məşqul olacağımı söylədim”.

Beləcə deyilən o bir söz illəri aşdı və Yeganə xanım bir övlad kimi öz borcunu hələ də yerinə yetirməkdə davam edir. Atasının irsini toplayır, çap edir və hətta Fərman Kərimzadə haqqında bir filmin ssenarisini də yazıb. Artıq filmin çəkilişinə başlamaq üzrədir.

“Atamın da, mənim də əlyazmalarımız oğurlandı”


Uşaqlıq xatirələri Yeganə Kərimzadənin yaradıcılığına da çox böyük təsir edib. Yaradıcılığına, hekayələrinə də bəzi məqamları gətirə bilib. Uşaqlıq günlərindən isə bir hadisə unudulmazdı, bu da atası Fərman Kərimzadənin bir romanının əlyazmasının gecə ilə evdən oğurlanmasıdır.
“Mən gecə yuxudan oyandım və gördüm ki, evdə bir qadın var. Amma səhər bunu anama deyəndə inanmadı. Elə bildi uşaq təxəyyülümdən uydurmuşam. Sonra isə məlum oldu ki, atamın romanının əlyazması evdən yoxa çıxıb. Eyni hadisə bir neçə il bundan öncə mənim də başıma gəldi. Evimdən romanımın əlyazması oğurlandı. Düzü bu bir ailənin bizə qarşı artıq ikinci cinayəti idi. Atamın romanı Andranikin törətdiyi vəhşiliklərdən, mənim romanım isə Yuqoslaviyada baş verən hadisələrdən bəhs edirdi. Beləcə tarix və cəmiyyətimiz üçün vacib olan romanlar məhv oldu”.

Daşların sehri

“…. Mən  daşları  sevirəm. Daşlar  haradasa  azıb  qalan  yaddaşdı  mənim  üçün. Həm də bu  bugünkü  düşüncəm.  Amma  zaman  vardı  ki,  mənim və  dostlarımın  oynamağa  oyuncaqları  yox idi. Bizim kimi uşaqlar  oyunlarımızı  daşlarla, yollardan yığdığımız şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında idi…”.
Bu fikirlər Yeganə xanımın “Beşdaş” hekayəsindəndir. Bu hekayədə onun uşaqlığından olan məqamlar, xatirələr geniş yer alıb. Nədənsə bu sətirləri oxuduqca, o kiçik qız gəlib gözlərimin önündə durur.

“Beşdaş bütün uşaqların sevdiyi bir oyun idi, amma mənə o beşdaş oyununa gedən yol daha maraqlı gəlirdi. Düşünürdüm ki, o yolu necə gedim ki, fərqli və düşündürücü olsun. Necə ana dünyaya övlad gətirirsə, eləcə də torpaq dünyaya daşları gətirir. Bax məni həmişə bu fikir düşündürürdü. Atam bir dəfə məni Qərbi Azərbaycana - Vediyə aparmışdı, mənə ermənilərin etdiyi vəhşiliklərdən danışırdı. Mən də çay daşlarını yığırdım. Amma atamdan sonra aparıb hamısını qəbristanlıqda basdırdım”.

Yeganə xanım kövrəlir və biz mövzunun axarını ayrı bir sahilə doğru dəyişirik.  

- Yeganə xanım, bu yaxınlarda eşitdim ki, atanızın kitabları türk dilinə tərcümə olunur. Doğrudurmu ?


- Demək mən çox sonra öyrəndim ki, bəzi insanlar bundan istifadə ediblər. Heç məndən icazə belə, almayıblar. Amma bircə yazar Oktay Hacımusalı razılıq əsasında atamın kitablarını türk dilinə tərcümə edir.

- Siz yaradıcılığa çox erkən yaşlarından başlamısız və bildiyim qədər ən gənc ssenarist olmusuz.


- 17 yaşım olanda “Mozalan” satirik jurnalı üçün ssenari yazmışam. Hətta o vaxt Moskvadan “Yunost” jurnalından gəlib mənim şəklimi çəkdilər. Onlara bu yaşda belə bir ssenari yazmağım maraqlı gəlmişdi. Həm də 17 yaşımda mən AzTV-də sərbəst verilişlər hazırlayırdım. Bu ssenarilər müxtlif mövzuları əhatə edirdi.

- Atanız haqqında yazdığınız filmin ssenarisi haqqında bir az məlumat verin.

- Film daha çox atamın düşüncələrini, fikirlərini əhatə edir. Ssenari daha çox Vedi rayonunun xətti ilə bağlıdır. Sonra əsərlərindən də müəyyən fikirlər salınacaq. Çəkiliş yerlərini də gəzmişəm və çox maraqlı bir film olacağına inanıram.

”Fərman Kərimzadənin qızı kimi yox, özüm olmaq istəmişəm”

- Mən həmişə istəmişəm ki, Fərman Kərimzadənin qızı kimi yox, özüm olaraq, Yeganə Kərmzadə olaraq tanınım. Amma elə bil həmişə atamın adının kölgəsində qalmışam. Bu hər zaman qəlbimdə yığılıb qalan sözlər idi.  Bax bu gün siz də elə atamın işığına gəlmisiz. Amma mənim də uğurlarım az olmayıb. Gənc yaşlarında xarici ölkələrdə hekayələrim çap olunub və indi də yaradıcılığıma davam edirəm.

- Fərman Kərimzadənin dostlarından kimlər sizi yad edir?


- Atamın dostları çox idi. Evimiz daim qonaqlı olardı. Amma indi heç kim gəlmir, maraqlanmır. Bircə Sabir Rüstəmxanlının sözünü unuda bilmirəm. O deyirdi ki, “Fərmansızlığa dözə bilmədiyim üçün gələ bilmirəm”. Dostları ruh adamları idi. Onları anlamaq olar, amma qohumların gəlməməsi bağışlanmazdı.

- İndi meydanı yazıçı olmayanlar ələ alıb...

- İndi hamı sadəcə yazmaq xatirinə yazır. Ən azından düşünüb yazmaq lazımdı və heç olmasa yazdıqlarının bir çəkisi olmalıdı. Elə yazım vərəqlər dolsun və bir kitab olsun. Bu hara qədər belə olacaq? Bizdə ədəbi tənqid olmadığı üçün də elə hamı yazır. Bax problem də elə budur.

Ruh əkizlərinin rəngli dünyası

- Atam Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. İsmayıllıda Buynuz kəndində rəsm müəllimi də işləyib. O, ruh adamı idi. Atam ailədə hər kəsin portretini çəkib, bircə məndən başqa. Mənim portretimi iki dəfə çəksə də, oxşada bilməyib. Deyirdi ki, “qızım sənin xarakterini tuta bilmirəm”. Şəkil bitəndə daha çox bacılarıma oxşayırdı. Bütün uşaqların daim qayğısını çəkmişəm və beləcə özüm də arxa plana keçdim.

Mən də rəsm çəkirəm və atamla burda da oxşar istedadlarımız üzə çıxır. Sanki biz ruh əkizləri kimi gəlmişik bu dünyaya. Atam Moskvada olanda belə mənim burda xəstə olduğumu duya bilirdi. Sanki hər şey ona məsafələrdən belə gedib çatırdı.

Arada da atam mənə deyirdi ki, ay bala, əl çək məndən. Yazar olmuşdun, indi də rəssam oldun? Bax divarda gördüyünüz bu şəkli 1995–ci ildə atamın yubileyinə hazırlıq ərəfəsində çəkmişəm. Bu rəsm bir rəssamla mənim əl işimdi.

Şeirimi məşhur bir insan öz adından çap edib”

- 4 yaşında ilk şeirimi yazmışam. Qardaşım Əzizdi …. gözləri dənzidi ….. ardı da gəlmədiyi üçün hey, hey, hey... yazmışdım. Qardaşımım qəribə gözləri var idi. Sonra da şeirlər yazmışam. Amma mənim ən yaxşı şeirlərimi atam bir şəxsə çap etmək üçün vermişdi. O insan da utanmadan həmin şeirləri öz adından çap etdi. Biz də bu işin arxasınca getmədik və onu bu ədəbi aləmdə cılız varlığı ilə baş-başa buraxdıq. İndi də şeirlər yazıram. “Bayıl simfoniyası” romanım çap olundu, indi isə hekayələr yazıram. Bu yaxınlarda da “Şah” romanım çap olunacaq.

“Anam atamı hələ də unuda bilmir”


Yeganə xanım söhbət zamanı valideynləri arasındakı qırılmaz telləri belə təsvir edir:

- Valideyinlərim bir-birini hədsiz dərəcədə çox sevirdilər. Atama anamı vemirdilər, ona görə də atam anamı 11 günün içində götürüb qaçmışdı. Anam, Xalidə xanım atamın əsl yoldaşı, dostu idi. Hər şeyə dözürdü. Kasıb yaşasalar da, atama qarşı daim hörmətlə, sevgiylə yanaşırdı. Anam qaçdığı üçün cehizi də yox idi və təsəvvür edin iki tələbənin ailə qurması necə ola bilər? Bir də onu deyim ki, anama yemək bişirməyi atam öyrədib. Bir dəfə barışıq olandan sonra anamın nənəsi deyib ki, bəs niyə sənin üzüyün yoxdur. Anam “Fərmanın barmaqları mənim üçün qızıldan da qiymətlidi” deyib.
Elə sonralar hər şey yaxşı oldu həyatımızda. İndi də anam gecələr yata bilmir, yuxudan oyanıb ağlayır. Məni çağırır ki, “gəl Fərman haqqında danışaq”.

Yeganə xanım  kövrəldiyi üçün yenidən söhbəti dəyişməli  oluruq. Və şəkil albomlarına baxıb yeni xatirələrə doğru yol alırıq.

20 ildi doğum günümü qeyd edə bilmirəm”

- Mən yanvar ayının 20-də dünyaya göz açmışam. 90-cı ilin 20 yanvar hadisələrindən sonra hər ad günümdə mən doluram və həmin hadisələr gəlib gözümdə canlanır. Jurnalist olduğum üçün həmin gün hadisə yerində idik və güllə mənə yox, maşına dəymişdi.
Qohumlarım həmin gün bizə gəlir və mənsiz ad günümü qeyd edirlər. Axı mən doğulanda bu hadislər yox idi. Bu il 50 yaşım tamam oldu və bir şeir yazdım. Sanki bu şeir yazılandan sonra qəlbimə bir rahatlıq çökdü...

Bu   da  əlli yaş…  

Qapım  döyülür. Açıram.
- Salam.
- Xoş gəlmisən əlli  yaşım...
Bu  da əlli  yaş.
Hələ də  beynimdə  uşaqlığım 
bitib- tükənməyən  arzularım
yetə  bilmədiyim  muradım
xəyallarım,  ümidlərim
nakam  qalan  sevgilərim
oxunmamış  kitablarım 
tam  yarımçıq  yazılarım
tikmək  istərkən sökülən
xarəbə  dolu  həyatım...
Xoş  gəlmisən  əlli  yaşım...

Boş  ev, boş divarlar
qulağa  xoş  gələn  sözlərdən  uzaq.
Ürək  tənha, yalnızlıqda  azmışam
Bilməm   nə  yaşadım, niyə  yanmışam ?..
Həyat  məzar  oldu,  toyumsa  yasım...
Xoş  gəlmisən əlli yaşım...

Həsrətdən  biçildi  boyum
bəlli  idi köküm, soyum.
Vətəndə  çalınacaq  toyum...
Eh...  arzularım  xəyallarım
Yetim  qalan  məzarlarım...
Ruhlar  gəzən  torpaqlarım
Ata  yurdum  
Son  məzarım...
Xoş gəlmisən əlli  yaşım...

Şeiri Yeganə xanımın öz dilindən eşitdikdən sonra bir xeyli susduq. Amma bu sükutun özün də belə bir roman həcmində olan xatirələrin əzabı, nisgili var idi...


Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?