Modern.az

General Novruzəli Orucova yeni vəzifə verildi

General Novruzəli Orucova yeni vəzifə verildi

18 May 2012, 16:13

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3 yeni rəis müavini təyin edilib. Modern.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.

Bundan başqa, respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin ediliblər.

N. Orucov yeni vəzifəyə təyin olunduğunu təsdiqləyib. O bildirib ki, ölkə rəhbərliyinin etimadını doğrultmağa çalışacaq.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.  Xatırladaq ki, Arzu Rəhimov buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb. Bir müddət əvvəl isə keçmiş hərbi komissarlıq işçilərinin hamısı sərəncama göndərilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir