Modern.az

Dayça diplomatiyası...

Dayça diplomatiyası...

18 May 2012, 14:03

Eşidəndə ki, Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət II Yelizavetanın taxta çıxmasının 60 illiyi münasibətiylə keçirilən yubiley tədbirinə Azərbaycandan qatılan nümayəndə heyətinə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev başçılıq edib, gülməkdən özümü saxlaya bilmədim. Düşündüm ki, gör nə günə qalmışıq, hələ də dünyaya meydan oxuyan güclü bir dövlətin o boyda zırıltı tədbirinə göndərməyə bir ortabab diplomat göndərə bilmədilər, ilin-günün bu vədəsində sərhədlərimizi yiyəsiz qoyub o boyda generala əziyyət verdilər. Hərçənd ki, mən Azərbaycanın həmin yubiley tədbirinə dəvət almasına da xeyli təəccüb etdim və öz – özümə deyindim ki, yəqin bizimkilər bu dəvətə görə də yaxşıca tərləyiblər...

Tərləməkdən söz düşmüşkən, eşitdiyim məlumatı eşələdikdən sonra bildim ki, Elçin Quliyev ora bir dövlət rəsmisi kimi yox, sadəcə Atçılıq Federasiyasının rəhbəri kimi gedibmiş, özüylə də bir neçə dayça aparıbmış. Həmin dayçalar da başqa ölkələrdən məhz yubiley tədbirləri üçün məxsusi olaraq gətirilən 550 dayçayla birlikdə cıdırda II Yelizavetanın şərəfinə tər tökməli olublar. Yayılan məlumatlarda o da vurğulanır ki, Azərbaycandan gedən nümyəndə heyəti onları saya salıb belə bir əlamətdar yubiley törəninə dəvət etdikləri üçün dil qəfəsə qoymayıblar, minnətdarlıqlarını çox bahalı hədiyyələrlə ifadə ediblər. Zalım uşağı, daha niyə özünüzü ucuzlaşdırıb ora apardığınız atlarımızın başını yerə soxurdunuz, məgər bilmirdiniz ki, Yelizaveta xala o qədər kasıblayıb ki, yaşadığı Vindzor qəsrinin işıqpulunu ödəyə bilmədiyi üçün ötən il xeyli əziyyət çəkməli olmuşdu, ordan – burdan pul dilənmək məcburiyyətində qalmışdı. Az qalmışdı ki, ingilis köpəyuşağı o yaşda qoca qarını qışın çilləsində soyuqdan öldürsünlər. Hətta o vaxt Britaniya mətbuatı iddia edirdi ki, çıxış yolu kimi II Yelizaveta yaxşı pul qarşılığında istənilən şəxslə səhər, hətta şam yeməyinə də çıxmağa razılaşıbmış.
Sözümün canı odur ki, həmin 60 illik yubiley tədbirinə dəvət əldə etmək üçün bu qədər canfəşanlığıa da gərək yox idi. Ancaq varlığa nə darlıq, axı neftdən gələn bu haram milyardlar (əslində o pullar onun sahiblərinə - Azərbaycan xalqına xərclənsəydi, ana südü kimi halal idi, nə yazıq ki, millət ağzını marçıldada – marçıldada həmin milyardlara baxaraq köks ötürür) harasa xərclənməlidir də. Bu baxımdan o pullardan heyfslənməyə dəyməz, təki bu jest Azərbaycanımızın bərbad halda olan beynəlxalq nüfuzunun bircə pillə yuxarı qalxmasına yardım edəydi...

Yeri gəlmişkən, o da mənə bəlli oldu ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov da həmin tədbirə dəvətli olub. Daha mən demək istəmirəm ki, mənə elə gəlir, bütün bu qonaqlığa dəvəti də o düzüb – qoşub, sadəcə nümayəndə heyəti gəlib necə deyərlər, hazırın naziri olub. İnsaf naminə qeyd edilməlidir ki, bu cavan oğlanda deyəsən qeyri-adi istedad və vətənpərvərlik duyumu var. Onun son illər Avropada Azərbaycanın imici üçün etdiklərini danmaq ədalətsizlik olardı. Yayılan məlumatlar doğrudursa, onun rəhbəri olduğu Avropa Azərbaycan Cəmiyyəti az qala Diaspor Komitəsindən və bütövlkdə bu işə səfərbər edilmiş diplomatiyamızdan çox iş görür, həmyaşıdları dünyanın dəbdəbəli istirahət məkanlarında maneken ovuna çıxdığı bir vaxtda dövlətinin, millətinin nüfuzu üçün çaba xərcləyir. Əgər yalan deyilsə, əhsən! Hətta mən deyərdim ki, belə getsə, bir neçə ildən sonra onu Kəmalədin Heydərovun oğlu kimi yox, əksinə,  fövqəladə hallar nazirini Tale Heydəırovun atası kimi tanıyacaqlar. Hələliksə o da Londonda oturub Azərbaycanın müsbət imici üçün tər tökür. Axırı xeyir olsun, görək ondan nə çıxır. Yoxsa dayça diplomatiyasıyla donuzu darıdan çıxarmaq olmadığı kimi ermənini də işğal olunmuş torpaqlarımızdan çıxara bilməyəcəyik...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir