Modern.az

Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı

Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı

18 May 2012, 15:52


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyun ayında müxalifət nümayəndələri və ölkə ziyalıları ilə görüşü gözlənilir. Bu barədə Ə.Həsənov bir neçə gün bundan öncə müsahibəsində qeyd edib. O, Azərbaycan müxalifətinin nümayəndərləri ilə görüşmək istədiyini və “Eurovision” müsabiqəsindən sonra, təxminən iyun ayında bu görüşün baş tutacağını açıqlayıb. Bəs, müxalifət funksionlerləri iqtidar təmsilçisi ilə dialoqa necə baxırlar? Onlar Əli Həsənovla dialoqda iştirak edəcəklərmi, hansı təklifləri olacaq?

Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün müxalifət təmsilçiləri ilə əlaqə saxlayıb.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu
müxalifətin iqtidarla görüşünə müsbət baxdığını deyib. S.Cəlaloğlunun sözlərinə görə, o, müxalifət nümayəndəsi kimi iqtidarla istənilən məsələni müzakirə etməyə hazırdır:
“Dəvət olunsaq, iştirak edəcəyik. Belə görüşlərin keçirilməsi çox vacibdir. Mən müxalifət-iqtidar görüşlərini normal qarşılayıram. Məncə, Əli Həsənovla keçiriləcək hər hansı görüşdə istənilən məsələni müzakirə etməyə hazıram. Düşünürəm ki, vəd olunan görüş reallaşarsa, yaxşı olar. Biz o görüşdə ölkəmiz üçün əhəmiyyətli məsələləri müzakirə etməyə hazırıq. Mən bütövlükdə bu kimi görüşləri normal qarşılayıram”.
ADP sədri iqtidar-müxalifət görüşünün siyasi proseslərdə dönüş yaratmayacağını bildirərək vurğulayıb ki, ənənə baxımından Əli Həsənovla görüşün keçirilməsi müsbət haldır.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də iqtidarla-müxalifət dialoquna tərəfdar olduğunu bildirib. Deputat hesab edir ki, görüşlərin əsas mahiyyəti müzakirəyə çıxarılan məsələlər və alınan nəticədən ibarətdir.
“İndidən nəsə demək məncə tezdir. Görüş baş tutarsa, orada qaldırılan məsələlər bəlli olandan sonra müzakirə aparmaq olar. Ümumiyyətlə, müzakirə siyasətin ana xəttidir. Masaya qaldırılan məsələlər arasında ortaq razılığa gəlinəsi məsələlərin olması mühümdür. Dəvət olunaramsa,  mütləq iştirak edəcəm”.
İ.Ağazadə vurğulayıb ki, dialoqda bir neçə mühüm məsələnin müzakirə olunması vacibdir:
“Məncə, bu görüşdə bir neçə aktual məsələni müzakirə etmək yerinə düşərdi. İlk növbədə vicdan məhbuslarının azadlığa buraxılması məsələsini, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyətin gücünün səfərbər olunması, müxalifət nümayəndələrinə lazımı şəraitin yaradılması məsələləri müzakirə olunmalıdır. Sərbəst toplaşmaq haqqında qanunun yerinə yetirilməsi məsələsi də görüşdə müzakirə mövzusu ola bilər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
da digər opponentləri kimi sözügedən görüşün mühüm olduğunu bildirib. AXCP rəsmisi hesab edir ki, iqtidar təmsilçisi Əli Həsənovla görüşün real olması hələ sual altındadır:
“Əli Həsənov bir neçə dəfə belə görüşlərin keçirilməsi ilə bağlı çıxış edib. Bu görüş o zaman real ola bilər ki, görüşün konkret vaxtı və müzakirə olunan məsələləri müəyyən olunsun. Belə görüş olarsa, biz iştirak edəcəyik. Biz hər zaman iqtidar-müxalifət münasibətlərinin dialoqla həll olunmasının tərəfdaşı olmuşuq. İctimai Palata bir müddət öncə “Yol Xəritəsi” hazırlayıb təqdim etmişdi. Biz hakimiyyətə köklü islahatlarla bağlı müzakirələrin aparılmasını təklif etmişik. Mənə elə gəlir ki, görüşdə qaldırılan  məsələlər qarşılıqla müzakirələr zamanı həll olunmalıdır. Biz konkret müsbət nəticə olacağı təqdirdə dialoqu mümkün sayırıq”.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Əli Həsənovun müxalifətlə görüş təklifinə ciddi baxmadığını deyib. A.Səmədbəyli qeyd edib ki, iqtidar bu addımı atmaqla “Eurovision” ərəfəsində özünü konstruktiv göstərməyə çalışır.
“Əli Həsənov dəfələrlə belə çıxışlar edib. Çayxana söhbəti deyil ki, haradasa oturub görüşüb söhbət edəsən. Gərək görüşün predmeti bəlli olsun. Biz dəfələrlə söylədik ki, belə görüşlər vacibdir. Onlar sözdə görüş deyib, əməlləri ilə bağlı ayrı şey deyirlər. “Eurovision” ərəfəsində hakimiyyəti qınaq obyektinə çevirməmək üçün, özlərini konstruktiv göstərmək üçün atılan bir addımdır. Ciddi bir məsələ kimi qəbul eləmirik. Bu görüşlərdə müzakirə olunacaq kifayət qədər məsələ var. Vicdan məhbuslarının azad olunmasında tutmuş digər məsələlərə qədər müzakirə olunması vacibdir”-deyə Müsavat rəsmmisi əlavə edib.

Anar RÜSTƏMOV
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir