Modern.az

“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri

“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri

18 May 2012, 16:14

“Evdən avtobus dayanacağına getmək üçün dar bir yol var. Elə hər səhər də bu tozlu, zibilli yolla işə yollanıram.. Bir bilsəniz,  hansı zülmlə, həyəcanla  həmin yolu gedirəm. Gözüm arxada qalır ki, indi itlər üstümə cumacaq. İnanın ki, qorxudan əsim-əsim əsirəm. Hər dəfə bu yolu keçəndə öz-özümə deyirəm ki, bu həyəcan mənim şəkər xəstəliyinə tutulmağıma bəs edər. Bir də görürsən ki, bir sürü it gəlir üstümə.. İtlərin də ki, böyüklüyü nə boyda.. Niyə bu itlərə bir əncam çəkmirlər axı..?”.

Bu sözləri Bakının Nərimanov rayonundakı Böyük Şor qəsəbəsində yaşayan 42 yaşlı Dilarə Əliyeva deyir. Artıq 10 ildir ki, o, hər gün evindən çıxarkən çağırılmamış “qonaq”larla görüşməli olur. Amma bu itlərin öldürülməsinə də qarşıdır. ”Öldürməsinlər, onlar da canlıdır, nəsə etsinlər ki, bunlar hər dəfə bizi izləməsin”.

Bakının ayrı-ayrı yerlərində Dilarə Əliyeva kimi stress keçirənlərin sayı heç də az deyil. Elə bu stressə səbəb olan yiyəsiz itlərin də... Bu itlərə addımbaşı rast gəlinməsə də, hər bir zibillikdə mütləq rast gəlinir. Hətta bəzi yolların qırağı da bu itlərin məkanına çevrilib.

Qorxu yaratmaqdan başqa infeksion xəstəlikərin yayıcısı olan bu itlər nəinki böyüklər, kiçiklər üçün lap təhlükəkidir. Bakıda it dişləəmələrinin sayı səbəbsiz yerə artmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata gorə, təkcə bu il ərzində 838 nəfər it dişləməsinə məruz qalıb. Hər il belə itlərlə mübarizənin gücləndirildiyi deyilsə də, amma hələ də o itlər “azadlıqdadır”. Keçən il bildirilmişdilər ki, sahibsiz itlər üçün poliqlonlar da yaradılacaq. Bəs nə oldu?

Sahibsiz itlərlə qarşı mübarizə indi hansı  istiqamətdə aparılır, həmin poliqlonlardan nə xəbər var deyə, Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etdik. Daha sonra cavab almaq üçün “gözləyin, gözləyin” prinsipi ilə əvvəlcə 3 gün gözlədik. Axırda hövsələ basıb bir həftə də cavab almağa çalışdıq. Amma sonda istəklərimiz puça çıxdı. Məlum oldu ki, bu idarəyə məlumatı açıqlamaq üçün icazə verilmir...
Hər dəfə telefon zəngimizə cavab verən katibə xanım “Əhməd müəllim yoxdur” deyirdi. Axırda da nə söyləsə yaxşıdır, “bilirsiniz nə var, ƏHMƏD MÜƏLLİM SİZİNLƏ DANIŞMAQ İSTƏMİR, O MƏTBUATA CAVAB VERMƏYƏCƏK, vəssalam!”. Telefonun dəstəyini elə çırpıdı ki, elə bil adam katibə deyil, elə müdir işləyirmiş..

Demə Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi özündə gizlətdiyi “matah informasiyaları” dövlət sirri hesab edirmiş...

Nihadə Eyyubova
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı