Modern.az

Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR

Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR

18 May 2012, 16:26

İstanbulun Aydın Universitetində “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib.

Modern.az-ın məlumatına görə, İstanbulun Aydın Universitetində Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib. İstanbulun Aydın Universiteti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Türk Ocaqları İstanbul şöbəsinin təşkilatçılığı ilə keçirilən mərasim Laçının işğalının 20-ci ildönümü ilə bağlı tədbir çərçivəsində baş tutub.Təqdimatın təşkilatçılarından olan millət vəkili Qənirə Paşayeva “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında məlumat verərək, burada kitab müəllifi Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatının əks olunduğunu qeyd edib.

Təqdimatda iştirak edən kitabın müəllifi, Laçın rayonundan məcburi köçkün Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqqında ətraflı məlumatlar verib.

Təqdimatda iştirak edən Aydın Universitetinin Azərbaycan əsilli professoru Kamil Vəli Nərimanoğlu, Aydın Universitetinin rektoru prof.Dr.Yadigar İzmirli, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək kitabla bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Təqdimatın sonunda Ə.Əliyev kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Türkiyəyə səfəri çərçivəsində  Q.Paşayeva İstanbulda Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı keçirilən Qarabağ  konfransda çıxış edib.

Konfransı giriş sözü ilə açan Aydın Universitetinin rektoru prof.Dr.Yadigar İzmirli Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.

 “Azərbaycanın Qarabağ ağrısını öz qəlbində hiss etməyən bir Türk gənci, bir Türk insanı varsa, mən ona yazıqlar olsun deyərdim. Hansı coğrafiyada yaşamağımızın nə fərqi var ki. Coğrafiyalar, sərhədlər sizin qardaşlıq duyğularınızı, qanınızı dəyişdirirmi? Amerikada, Avropada, Türkiyədə və ya Azərbaycanda yaşamaq qanımızı dəyişdirirmi? Xeyr. Milli kimliyimiz dəyişirmi? Xeyr. Əgər harada və hansı coğrafiyada yaşamasından asılı olmayaraq, insanımızın ağrıyan yarasını öz canımızda hiss etmiriksə, demək ki, bizim çox böyük xətalarımız var.”-deyə Q.Paşayeva qeyd edib.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

 Q.Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan və tədbir çərçivəsində təqdimatı keçirilən Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında da danışıb.

“İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, - deyə millət vəkili çıxışının sonunda qeyd edib. Tədbirdə iştirak edən Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram da 1990-cı illərdə baş vermiş Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.

Çıxışların ardından konfransda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film nümayiş etdirilib.Konfransın sonunda Aydın Universiteti rəhbərliyi adından millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərinin geniş yayılması istiqamətində gördüyü xidmətlərə görə plaket təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 


 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?