Modern.az

Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək

Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək

18 May 2012, 16:30

 “Biz hakimiyyətin acığına qurultayımızı xaricdə təntənəli şəkildə keçirib onlara gücümüzü göstərəcəyik”. Bu fikirləri Müsavat Məclisinin sədri Arzu Səmədbəyli qurultayla bağlı son durumu Modern.az-a şərh edərkən bildirib. A.Səmədbəylinin sözlərinə görə, partiya qurultayın xaricdə keçirilməsinə qərar verib. Partiya rəsmisi bildirib ki, onlar çətinliklə də olsa ya Türkiyədə, yaxud da Gürcüstanda öz qurultaylarını təntənəli şəkildə qeyd edəcəklər.

“Biz artıq bundan sonra Bakı şəhər İcra Hakimiyyətinə qurultayla bağlı müraciət etməyəcəyik. Bu oyun-oyuncaq deyil ki. Biz bundan əvvəl demişdik ki, yer verilməsə Türkiyə və Gürcüstan variantıını nəzərdən keçirəcəyik. Bizim üçün artıq Azərbaycanda qurultay keçirmək məsələsi bağlanıb. Biz artıq üzvlərimizə bildirmişik ki, xarici pasportu olmayanlar sənədlərini qaydasına qoysunlar. Yekun qərar təşkilat komitəsinin gələn həftə keçirilən iclasında bilinəcək. Azərbaycan hakimiyyəti bizə qurultay keçirməyə imkan vermirsə, biz də analoqu olmayan addım atmağa məcbur qaldıq. Qurultayımız çox güman xaricdə keçiriləcək. Bu artıq Bizim konkret qərarımızdır. Hakimiyyət bizə alternativ addım atmağa məcbur etdi”-deyə Müsavat Məclisinin sədri bildirib.

A.Səmədbəyli qeyd edib ki, Müsavat Partiyası bu addımı atmaqla hakimiyyətə gücünü göstərməyə çalışacaq. Partiya nümayəndəsi xaricə səfərin maliyyə məsələlərinə toxunaraq bildirib ki, partiyanın bir çox üzvləri qurultaya öz hesablarına gedəcəklər.

“Bizim maliyyə problemlərimizdən iqtidarın çox yaxşı xəbəri var. Hakmiyyət müxalifəti maliyyə cəhətdən böhrana salıb. Biz yalnız üzvlərimizin üzvülük haqları hesabına fəaliyyət göstərə bilirik. Amma Müsavatın ən azı bir rayondan 10 nəfəri xaricə göndərmək imkanı var. Bunu rayon təşkilatının yardımı hesabına göndərmək mümkün olacaq. Az bir qismin öz hesabına da getmək imkanı var.
Bu istiqamətdə təbii ki, çətinliyimiz var. Müsavatçıların fədakarlığı ilə hakimiyyətin acığına xaricdə qurultayımızı təntənəli şəkildə qeyd edəcəyik. Onlar elə bilirlər ki, biz heç nə edə bilməyəcəyik. Biz xaricdə necə qurultay keçirmək lazımdır onlara göstərəcəyik. Bu da hakimiyyətin baş qaxıncı olacaq”-deyə A.Səmədbəyli əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyası qurultaya yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinin cavabından imtina edərək, tədbirin qonşu Gürcüstan və Türkiyədə keçirilməsi üçün müraciət edəcəklərini bildirmişdilər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir