Modern.az

Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”

Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”

18 May 2012, 16:49

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturu tam təsdiq olunmadığı üçün və formalaşma getdiyi üçün işçilərin əmək haqqlarının verilməsində problemlər meydana çıxıb. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə çox mühüm bir qurum yaradılıb.

”Çünki keçmiş hərbi komissarlıqlar cəmiyyət tərəfindən etibara malik deyirdirlər. Əslində adından göründüyü kimi, sovet idarəçilik sisteminin ideoloji həyatının bir elementi olan komissarlıqlar müasir dövrdə çağırış sisteminin şəffaf qaydada aparılması, ədalətli bölgünün tətbiq olunması, kadr bankının yaxşı formalaşdırılması işini çox da yüksək səviyyədə təşkil edə bilmirdilər. Haqlı olaraq həm ölkə daxilində və bir sıra hallarda isə beynəlxalq dairələr tərəfindən ciddi qınaqlara məruz qalırdıq.
Cənab Prezidentin belə bir mühüm dövlət xidmətini yaratması milli təhlükəsizlik maraqlarımızdan irəli gələn məsələ idi. Bu işin  ən yüksək formada  təşkil olunması üçün yeni quruma bütün resuslar və baza verilməkdədir. Nazirlər Kabinetində bunla bağlı ayrıca xüsusi sənədlə müəyyən vəzifələr qoyulub. Hesab edirəm ki, bunlar yaxın  gələcəkdə özünün gerçəklikdə tam əksini tapacaq”.

Zahid Oruc deyir ki, ilkin formalaşmanı nəzərə alaraq, hələ strukturu tam təsdiq olunmadığını halda, formalaşmanın getdiyi bir zamanda maaşların ödənilməməsi problemi meydana çıxa bilər.  
”Lakin bu da heç bir halda bəraət alacaq bir məsələ deyil. Əgər köhnə işçilərdən tam xilas olunmaq və onları yeni qayda ilə işə cəlb eləməkdən söhbət gedirsə, bunun mexanizmi çox sürətlə və çevik aparılmalıdı. Çünki istənilən quruma etibar ilk addımda yaranır, sonradan etibarı əldə etmək çox çətin olur”.
 
Deputat onu da qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çox təcrübəli kadr rəhbər təyin olunub:
”Belə olan təqdirdə fəal iş tələb olunur. Bu isə həmin qurumun komandası hesabına mümkündür”.

Z.Oruc  Milli Məclisin üzvü kimi çağırış edərək bildirib ki, hərbi çağırış sahəsində insanların, cəmiyyətin çox böyük gözləntiləri var.
”Onların hamısını doğrultmaq lazımdır və əminəm bu, gerçəkləşəcək. İnanıram ki, dövlət xidmətinin işçilərinin maaş məsələsi də ən yaxın günlərdə öz həllini tapacaq”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır