Modern.az

Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi

Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi

18 May 2012, 17:08

Azərbaycanın ən böyük şirkətləri  Bakının 2020 Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədiklərini bildirdilər. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Hava Yolları (AZAL) və ölkənin ən böyük mobil operatoru Azercell şirkətinin rəhbərləri Bakı-2020 layihəsini dəstəklədiklərini elan ediblər.

“Dövlət Neft Şirkəti ölkəmizin enerji resurslarından əldə olunan gəlirlərin xalqımızın rifahı və dövlətimizin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir. Azərbaycan hökuməti ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakımızın 2020 Olimpiya Oyunlarına namizədliyi isə bizə  bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır” – ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov AZAL-ın Bakı-2020 layihəsinə dəstəyini belə şərh edib: “Dövlətimizin strateji hava nəqliyyatı şirkəti olan AZAL Azərbaycanın turizm imkanlarının təbliğinə böyük önəm verir. 2011-ci ildə Azərbaycana səfər edən turistlərin sayı 2 milyonu keçərək rekord göstəriciyə çatmışdır. Şərqlə Qərb arasında yerləşən Bakı qədim mədəniyyət və tarixlə yanaşı, eyni zamanda müasir inkişafı özündə əks etdirir.  Nadir özünəməxsusluğu ilə  Bakı dünyanın ən cazibədar paytaxtları sırasındadır. Bakının 2020 Olimpiya Oyunlarına iddiasına AZAL şirkəti  dəstək olmağa hazırdır. Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək.”

Azercell MMC-nin prezidenti Əli Ağan da Bakının 2020 Olimpiya Oyunlarına iddiasını dəstəklədiyini qeyd edib:
“İnformasiya və Kommunikasiya Texnologiyaları Azərbaycan iqtisadiyyatının neft sənayesindən sonra ən sürətlə inkişaf edən ikinci sektorudur. Hazırda ölkə ərazisinin 80%-i mobil rabitə xidmətləri ilə əhatə olunub.   Azərbaycan əhalisi isə yeni texnologiyalara böyük həvəs göstərir.  Azərbaycanlılar savadlılıq səviyyəsinə görə dünyada aparacı mövqel tuturlar. Ölkədə idmana böyük maraq var. Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və paytaxtımız regionda ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azercell şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla Bakının Olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır.”

Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva Azərbaycanını nüfuzlu şirkətlərinin Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına iddiasını dəstəklədiklərinə çox məmnun olduğunu bildirib: “Bir neçə ay öncə keçirilən sorğunun nəticələri Azərbaycan əhalisinin 95%-nin Bakı-2020 layihəsini dəstəklədiyini nümayiş etdirdi. Bu yaxınlarda isə paytaxt və bölgələrimizdən Bakı-2020-yə dəstək üçün 500 000 imza toplandı. Bakı-2020 həmçinin Azərbaycan hökuməti və siyasi partiyaları tərəfindən tam dəstəklənir. İndi isə bizim Olimpiya arzularımızı ölkənin ən iri şirkətləri də dəstəklədiklərini bildirdilər. Biz buna çox sevinirik və 2020 Olimpiya Oyunlarına ev sahibliyi Bakıya qismət olacağına ümid edirik.”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı