Modern.az

Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”

Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”

18 May 2012, 18:20

Artıq  iki ilə yaxındır ki, Azərbaycan telekanallarında digər ölkələrdə olduğu kimi izdivac verilişləri yayımlanır - ANS-də “Toy olsun”, ATV-də “Onun yarısı”...Bir çoxları öz yarını bu verilişlər vasitəsilə tapsa da, elə  toydan bir neçə ay sonra dava-qırğınla boşanırlar.

Qeyd etmək lazımdır ki, ilk gündən cəmiyyətimiz bu verilişləri birmənalı qarşılamadı. Bunun əsas səbəbini isə həmin proqramların mentalitetimizə uyğun olmaması ilə izah edirdilər. Neçə vaxtdır “Onun yarısı” və “Toy olsun” verilişlərinin bağlanmasını istəyilə çağırışlar, tələblər səslənir.

Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məsələyə dair açıqlamasında bu izdivac verilişlərini cəmiyyətimiz üçün yararsız adlandırıb.  Onun sözlərinə görə, sentyabr ayından artıq bu verilişlərin yayımı dayandırılacaq.
“İzdivac verilişləri cəmiyyət üçün yararlı verilişlər deyil. Bu, əksəriyyətin fikridir. Azərbaycan xalqı ailə məsələsinə həddən artıq ciddi yanaşır. Amma indi bu məsələni elə adiləşdiriblər ki, hətta o insanları verilişlərə ataları, anaları gətirir”- deyə MTRŞ sədri bildirib.

“Toy olsun” verilişinin aparıcısı Elgiz Əkbər proqramın bağlanması haqqında qərardan xəbərsiz olduğunu bildirib.
“Mənim MTRŞ-nın qərarı ilə bağlı heç bir məlumatım yoxdur, buna görə də hələ heç nə bilmirəm”.

Verilişin aparıcısı qeyd edib ki, “Toy olsun”un bağlanması və açılması ancaq rəhbəriyin səlahiyyətindədir.
“Amma onu deyə bilərəm ki, Azərbaycan efir məkanı ancaq “Toy olsun” verilişindən ibarət deyil, bu veriliş olmayacaq, başqa bir layihə hazırlayacağıq” - deyə E.Əkbər vurğulayıb.

“Məncə verilişin dayandırılmasını böyük bir faciəyə çevirmək lazım deyil. Amma bu verilişin cəmi iki il ömrü olsa da, çox sevildi. Biz çox insanları evləndirdik, artıq balaca balalar da var, düzdür, boşananlar da oldu, amma hər halda fəalyyətimiz hamı tərəfindən sevildi” - deyə verilişin aparıcısı bildirib.

“Azad Azərbaycan” telekanalının bu yaxınlaradək mətbuatla əlaqələndicisi olmuş Vaqif Aydınoğlu bildirib ki, artıq onun mətbuata açıqlama vermək səlahiyyəti yoxdur.
Bu kanaldan N.Məhərrəmlinin dünənki açıqlamasıyla bağlı heç bir münasibət öyrənə bilmədik.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!