Modern.az

Azərbaycan türkçülüyü ideyası -III

Azərbaycan türkçülüyü ideyası -III

19 May 2012, 11:51

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Həsən bəy Zərdabi və onun milli-türk ruhlu «Əkinçi»si

XIX əsrin ikinci yarısında Azərbaycan türkçülüyü ideyasının rüşeymlərinin yaranması prosesində milli məfkurənin ilk bayraqdarlarından Həsən bəy Zərdabinin əsas mübarizəsi Azərbaycan türk­lə­rinin millət kimi formalaşmasına, yəni siyasi-ideoloji mə­na­da milli birliyin-millətin yaranmasına xidmət etmişdir. Ana dili­nin və mil­lə­tinin adının «türk» olduğunu bildiyi, üstəlik «Əkin­çi»də tez-tez doğma dilini «türk dili» adlandırdığı hal­da, Zərdabinin yalnız «millət» məfhumu baxımından «müsəlman», «islam milləti» an­la­yış­la­rın­dan isti­fa­də etməsi, o dövrdə «ümmət» və «millət» məfhumlarının bir-birindən fərqləndirilməməsi ilə bağlı olmuşdur.

Bizə elə gəlir ki, H.Zərdabi də A.A.Bakıxa­nov kimi Qafqazda yaşayan xalqların etnik müxtəlifliyini nə­z­ərə alaraq, daha çox «müsəlman» anlayışından istifadə et­mişdir. Eyni zamanda bu dövrdə türklərin özlərini mü­səl­man kimi qələmə vermələri, həddən artıq islam təəssüb­keşli­yi ilə bağlı idi. Zərdabi də XIX əsrdə, «müsəlman», «islam mill­əti» anlayışının cəmiyyət daxilində hökm sürdüyü bir za­man­da, birdən-birə Azərbaycan türk millətindən söz aça bil­məz­di.

Bütün bunlarla yanaşı, Zərdabinin bir türk kimi, türkcə qəzet nəşr etməsi və burada türk dilini özünə doğma sayması təbii idi. Zərdabi «Əkinçi»nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə tərcümə edildiyini bildirmişdir: «Məzkur qərar­da­dı biz öz türk dilimizə tərcümə etmişik».  Zərdabi məqalələrinin birində Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında bağlılığı göstərməklə yanaşı, oxunuşundakı çətinliyi də qeyd etmişdir. O bildirir ki, Os­man­lı Türkiyəsində yeni məktəblər açılıb, orada elmi ki­tab­lardan dərs deyilir, yaxşı olardı həmin kitablar Azər­bay­can türkcəsində çap edilib, şair kitablarının əvəzinə mək­təb­lərdə oxunsun. Bununla da o, təklif edirdi ki, Türkiyə və Azərbaycan türklərinin ortaq türkcəsi yaradılsın.

Zərdabi «müsəlman» anlayışını «türk» məfhumunun sinonimi olaraq qəbul etdiyi kimi, ilk dövrlərdə milli birliyi, millət təəssübünü də Qafqaz müsəlmanlarının birliyi, «islam birliyi» kimi başa düşmüşdür. Bu mənada Zərdabinin milli birlik mənasında anlaşılan «İslam birliyi» - «İttihadi-islam» ide­ya­sını irəli sürməsi də diqqəti cəlb edir. Zərdabi bunu, mü­səl­manların bir-birilə daha yaxından tanış olması, bir-biri­nin dərdlərini, problemlərini öyrənməsi və çıxış yollarını bir­lik­də axtarması baxımından irəli sürmüşdür.

Beləliklə 1870-ci illərdə Zərdabinin bir milli ruhlu «islam birliyi» ya­ratmaq fikrində olması hiss olunur. Zərdabi bu «islam bir­liyi»ni, deməli, həm də islamçılıq ideyasını çox incə şə­kil­də müsəlmanlara anlatmağa çalışmışdır. Onun fikrinə görə, Qurban bayramının mənası heç də o demək deyildir ki, mü­səl­manlar qurban kəsib kef-damaqla yesinlər, onlar həm də bu bayramdan istifadə edərək problemlərini birlikdə mü­za­ki­rə etməlidirlər. Onun fikrincə, Məkkəyə gedən müsəlmanlar bu ba­xım­dan ziyarətlə kifa­yət­lənməməli, bir-birlərinin dərd­lə­rin­dən hali olmalı, öz din qardaşlarını yaxından tanımalıdırlar, ancaq Məkkəyə ge­dən­lərdən heç kəs buna əməl etmir: «Biz elə avam olmuşuq ki, nə ki, qeyri tayfaları, hətta öz qar­daş­la­rı­m­ızı tanıyıb bilməyə qadir deyilik. Qardaşlar, mək­təb­xa­na­lar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın di­li­ni öy­rənib, müsəlmanlığın ittihadına əməl edə biləsiniz, yoxsa bizim gözəl Qurban bayramı və Məkkə səfəri ölünün əyninə geyilən faxir libasa oxşayır».

Qeyd edək ki, Zərdabinin bu fikirləri çağdaşı olan erməni başbilənlərini təşvişə salmışdır. 1870-ci illərdə Tiflis­də çıxan «Mşak» adlı erməni qəzeti Zərdabinin yuxarıdakı məqaləsini, ermənicə öz səhifəsində çap edərək, yazır ki, zəmanəmiz elm zəmanəsi olsa da, müsəlmanların ziyalıları da birlik iddiasına düşüb, Məkkəyə getmək adı ilə bütün islam xalqlarını «ittihadi-islam» ilə birləşdirmək istə­yir­lər. Erməniləri «islam birliyi»ndən daha çox, monqol adlan­dır­dıq­ları türklərin oyanışı, milli özünüdərki, eyni zamanda, islam adı altında bir türk birliyinin yarana bilməsi təşvişə salmışdır. Başqa tərəfdən, ermənilərin hələ XIX əsrdə türklə­rin guya, onların torpaqlarını zəbt etmələri barədə irəli sür­dük­ləri iddia, hayların məkrli niyyətlərinin qədimliyindən xə­bər verir.

Zərdabi bundan başqa, bir neçə dəfə də müsəlmanların birləşməsinin, milli cəmiyyət-təşkilat yaratmasının vacibliyini vurğulamışdır. Zərdabiyə görə, Qərb xalqlarında olan birliyin müsəlmanlar arasında olmama­sı­nın başlıca səbəbkarı xalq özüdür. Zərdabi böyük uzaqgörənliklə Qafqaz-Azərbaycan mü­səl­manlarını, yəni türkləri vaxtında birləşməyə çağırırdı. Türk­lərin qonşuları olan ermənilərin, gürcülərin bu istiqamətdə atdığı addımları vaxtında anlayan Zərdabi, eyni ideyaları öz milləti arasında yaymağa çalışırdı: «Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur». Zərdabi bir tərəfdən Qafqaz türk­lə­ri­nin islam dininə həddən artıq bağlılığını və müsəlman xalq­la­rı arasında dini yaxınlıqın olduğuna görə, digər tərəfdən çar senzurası ilə problemlərin yaranmaması ilə bağlı «mil­lət» mənasında daha çox «müsəlman», «islam milləti» an­la­yış­larına yer vermişdir. Dörd il fasiləsiz olaraq Qafqazda türk dilində qəzet nəşr etməyə çalışan və axırda istəyinə nail olan Zərdabinin təkcə bu əməli, nəinki Azərbaycan, bütün türk dünyası üçün mühüm əhəmiyyət daşımışdır. Bütün Rusiyada, o cümlədən Qafqazda ilk türk qəzeti olan «Əkin­çi»nin yaranması ilə (1875) Azərbaycan türkləri yeni bir mərhələyə qədəm qoymuş oldular. Hətta «Əkinçi»nin təsiri ilə min nəfər müsəlman türkdən biri belə savadlanıb milli ideyalar ətrafında cəmləşirdisə, bunun dəyəri gələcək nəslin tərəqqisi baxımından əvəzolunmaz idi.

Zərdabinin milli mövqedə başladığı novatorluğu, türkcə «Əkinçi» qəzetinin nəşri ilə bitməmiş, o həm də bu qəzetdə Qafqaz müsəlmanlarının inkişafı, onların birləşməsi üçün bütün mümkün olan üsullara əl atmışdır. Zərdabi «Əkinçi»nin ilk sayındaca ehtiyatla milli ideyaları yaymağa başlamış, əsas diqqəti müsəlmanların maariflənməsinə yö­nəlt­mişdir.  «Millət təəssübü» uğrunda mübarizəyə başlayan Zər­da­bi qeyd edir ki, bu yazıları yazmaqda məqsədi nə Qafqaz, nə də bir qanda və məzhəbdə olduqları İran və Türkiyə müsəl­man­larını pisləmək, onlarla düşmən olmaq deyildir. Burada başlıca məqsəd bütün müsəlmanların inkişafına, birliyinə nail olmaqdır, ancaq bu işdə isə ona ikiüzlü ruhanilər, ha­cı­lar əngəl olurlar: «Müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgə­r­dan və payimal ediblər». Deməli, Zərdabi də, Axun­dzadə kimi xalqda «millət təəssübünün» yaranma­ma­sı­nın başlıca günahını ruhanilərdə görürdü. Ancaq Axun­dza­də­dən fərqli olaraq Zərdabi bu problemin kökünü islamın əsa­la­rın­da deyil, ruhanilərin ikiüzlü əməllərində və onların islam qanunlarına olduğu kimi əməl etməmələrində axtarırdı.

Təkcə «Əkinçi» qəzetində başlayan dünyəvi elmlər və dini elmlər problemi, öz miqyasına görə milli ideologiyanın təşəkkülü prosesində çox mühüm bir hadisə idi. Qafqaz müsəlmanları ilk dəfə millət və onun inkişafı ilə bağlı olan bir məsələnin açıq müzakirəsinə başlamışdı, bir-birinə həcv, nəzirə, mədhiyyə yazanlar şeir-qəzəl məclislərindən kənara çıxmışdılar. Bu baxımdan «Əkinçi»də millətin oyanışı və inkişafı naminə dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsini meydana çıxarması təsadüfi deyil, əksinə zərurətdən irəli gəl­miş­di. Bu mübahisdə iştirak edən ziyalılar - H.Zər­da­bi, Ə.Hüseynzadə, Ə.Heydəri, Ə.Qəvaid, M.F.Axund­­za­də, S.Ə.Şirvani, M.M.Nəvvab və b. millətin inkişafında da­ha çox dünyəvi elm­lərin vacibliyini irəli sürsələr də, müəy­yən qədər dini elm­lə­rin rolunu qeyd edənlər də az deyildi. Şübhəsiz, bütün bunlar milli ideologiyanın ilk rüşeymlərinin yaranmasında vacib amillər idi.

Əgər Axundzadə əlifbada islahatlar apar­maqla xalqı savadlandırmaq istəyirdisə, Zərdabi köhnə əlifba ilə də bu­nun mümkünlüyünü irəli sürürdü. Yaxud, Ax­und­zadə po­vest və komediyalarında xalqının xoşagəlməz adət-ənənə­lə­rini tənqid edirdisə, Zərdabi qəzet vasitəsilə xalqın bu cür eyiblərini göstərirdi. Əslində hər ikisinin məqsədi birdir: millətin cəhalətdən qurtuluşu, oyanışı və inkişafı. Bu məsə­lə­lərdə onların bir qədər fərqli mövqe tut­ma­ları isə təbiidir. Millətin oyanışı və inkişafı ba­x­ı­mın­dan bir-birinə zidd fikirlərin səslənməsini, milli mə­sələ ilə bağlı çıxış yollarının aranması kimi başa düşmək lazımdır.

Zərdabi yaradıcılığında xüsusi yer tutan amillərdən biri də Qərb mədəniyyəti və onun milli məsələyə təsiridir. Zərdabi millətin inkişafında əsas yeri milli-dini dəyərlərə verməklə, yeniləşmənin bir vasitəsi kimi Qərb mədəniyyətindən yardımçı kimi istifadə etməyə çalışmışdır. Bu baxımdan Zərdabi həməsrləri arasında Qərb mədəniyyətini şişirtmədən və ideallaşdırma­dan millətini gerilikdən, avamlıqdan, biliksizlikdən, millət təəssübsüzlüyündən və s. qurtulmasına, inkişafına çalışan bir ziyalı olmuşdur. O, soydaşlarını başa salırdı ki, libas­la­rında, hərəkətlərində avropalıları təqlid etməklə heç nə dü­zəl­məyəcək: «Küçələrdə cavanlarımız ya papağını əyri qo­yub ay balam, ay balam çağırır, ya bir-birinə yaman deyir, meydanlarda kimi dərviş nağılına qulaq asır, kimi xoruz, kimi qoç döyüşdürür. Xülasə, heç bir həvəs ilə zəhmət çəkən yoxdur, hamı ya tənbəllik edib işdən qaçırıq, ya bikar oturub Allahdan buyruq deyirik». Zərdabi Qərb mədəniyyətinin müsbət ideyalarını təbliğ etməklə, sadəcə millətinin gözünü açmağı qarşısına məqsəd kimi qoymuşdur. Onun fikrincə, millətin inkişafına səbəb ola biləcək istənilən müsbət bir ideya, yəni millətin öz adət-ənənələri, islam və Qərb məd­ə­niy­yətində də olsa belə, istifa­də etmək lazımdır. Əlbəttə, Zərdabi millətin inkişafına əngəl olan amilləri də, istər milli adət-ənənələrdən və islam əsa­sın­da yaranmış qaydalardan irəli gəlsin, istərsə də Qərb mə­dəniyyətinin həddən artıq ideallaşdırılması ilə əlaqədar olsun, görmüş və yeri gəldikcə tənqid etmişdir.

Göründüyü kimi, milli-dini ideyaların, o cümlədən yeniləşmənin Azərbaycanda təbliğində H.Zərdabi və onun «Əkinçi» nəzeti mühüm rol oynamışdır. Zərdabi «Əkinçi» qəzeti bağlandıqdan sonra, məcburi şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən fəal şəkildə millətinə xidmət etməyə başlamış,  xüsusilə XX əsrin əvvələrində «Kaspi», «Həyat» və b. qəzetlərdə milli ruhlu məqalələrlə çıxış et­miş­dir.

Fikrimizcə, türkçülük baxımından dildə və dində birlik ideyasını H.Zərdabi 1900-cu illərdə daha açıq və mükəmməl şəkildə ifadə etmişdir. Belə ki, XIX əsrin ikinci yarısında mədəni yeniləşmə uğrunda mübarizə apararaq mədəni türkçülüyü və mədəni islamçılığı canlı bir timsal kimi XX əsrin əvvəllərinə daşıyan Zərdabi bu dövrdə nəşr olunan «Kaspi», «Həyat» və b. qəzetlərdə dil birliyi, din birliyi, milli cəmiyyətin yaranması və s. milli-dini məsələlərlə bağlı çıxış etmişdir. Zərdabi qeyd edirdi ki, hər bir millətin əsas dirəkləri, millət olmağına səbəb dil və din-məzhəbdir. Bunlardan birisi əldən getsə millətin beli sınar, ikisi də getsə millət başqa millətlərə qarışar və yox olar.

Deməli, Zərdabi hələ Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov və başqalarından öncə türkçü olmuş, ən azı mədəni türkçülüyə xidmət etmişdir. Ən çox diqqəti çəkən odur ki, H.Zərdabi daha çox Azərbaycan türkçülüyünün, Azərbaycan türk millətinin, bir sözlə «milli (türk) Azərbaycan» ideyasının formalaşmasına cəhd göstərmişdir. Onun bu dövrdə, milli bir ideoloq kimi Azərbaycan türklərini maarifləndirmək yolu ilə ayrıca bir millət kimi varlığını isbat etməyə və milli birliyinə çalışması, xüsusilə diqqətəlayiqdir. Təsadüfi deyil ki, çağdaşları ilə yanaşı, XX əsrin əvvəllərində yaşamış bir çox tanınmış ziyalılarımız da - Ə.Hüseynzadə, M.Ə.Rə­sul­zadə, Ə.Ağaoğlu, Ə.M.Top­çu­ba­şov və başqaları H.Zər­da­bini özlərinin müəllimi, ideoloqu saymışlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı