Modern.az

Orta Asiyada taksi xidməti və Azərbaycan

Orta Asiyada taksi xidməti və Azərbaycan

Mədəni̇yyət

19 May 2012, 16:48

Hansısa ölkəyə səfər etdiyi zaman bir insan orada gördüklərini bəzən uzun zaman unuda bilmir. Bəzən də elə olur ki, insanın diqqətini ciddi şəkildə çəkə biləcək bir şeyə rast gəlmir. Bununla belə, istənilən ölkəyə səfər etdiyi zaman hər kəs qələmə almağa, başqaları ilə paylaşmağa çox mövzu tapa bilər. Necə ki, mən edirəm…

Aprelin 25-dən mayın 9-dək Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə birlikdə Qazaxıstana və Qırğızıstana etdiyim səfərdə diqqətimi çəkən məsələlərdən bir taksi fəaliyyətləri idi. Bu da təsadüfi deyildi. Çünki Astana hava limanına enib şəhərə getmək üçün taksiyə yanaşmaq istəyirdik ki, bir neçə nəfər cavan oğlan önümüzü kəsdi. Təbii ki, taksi xidməti təklif edirdi. Lakin biz anlayanda ki, bu gənclər sadəcə qaçaq taksi xidməti göstərir, onlardan uzaqlaşıb dayanacaqda gözləyən taksilərdən birinə yanaşdıq. Elə işin ən qəribəsi də burada baş verdi. Qaçaq taksiçilər rəsmi taksi fəaliyyəti göstərən gəncə yanaşaraq onu hədələməyə başladılar. Biz isə “indi polis çağırarıq, sizinlə məşğul olar” deyib canımızı qurtarmaq istəyirdik ki, qaçaqlardan biri, “çağırın da, nə olacaq ki?” deyə özünə inamlı şəkildə cavab verdi. Təbii ki, baş qoşmadıq və taksimizə oturub şəhərə yollandıq.

Yolda taksi sürücüsündən baş verənlərlə bağlı bizi bilgiləndirməsini rica etdik. Adamın ürəyi açıldı, nə açıldı. Dedi ki, “bunların əlindən hava limanından müştəri götürmək olmur. O saat adamın üzərinə tökülüşüb döyürlər. İndi də gördünüz, məni hədələdilər. Yaxşı ki, siz var idiniz, yoxsa üstümə düşərdilər”.

Düz deyirdi. Qaçaq taksiçilər onu hədələyirdilər. Hətta maşınına bir-iki təpik də vurdular. “Bəs polisə şikayət edə bilmirsiniz?”, – deyə soruşanda, taksiçimiz cavab verdi: “Nə şikayət? Kimdir şikayətə baxan? Bunlar mafiyadır. Himayəçiləri də elə polislərdir. Özü də bunların çoxu dustaq həyatı görmüş insanlardır. Dirənsən, səni bıçaqlayıb təzədən dustaq evinə qayıtmaq onlar üçün heç nədir”. Bax, belə.

Taksi təəssüratlarımız bununla bitmədi əlbəttə. Səhəri gün Astanada keçirəcəyimiz görüşlərə getmək üçün taksi saxlatdırmaq istəyəndə daha bir fərqli halın şahidi olduq. Düz yarım saat bir dayanacaqda dayanıb gözlədik. Bir dənə də olsun taksi keçmədi yoldan. Axırda bir gəncə yaxınlaşıb yardım istədik. Üzümüzə təəccüblə baxıb, “çıxın yolun üstünə, əlinizi qaldırın, istənilən maşın sizi istədiyiniz yerə aparacaq”, – deyə cavab verdi. Doğrudan da, heç iki dəqiqə keçməmiş, bir maşın dayandı və qiymətdə razılaşdıqdan sonra maşına əyləşib yolumuza davam etdik. Astanadakı üç günümüz ərzində daha taksi problemimiz olmadı.

U.Rəhimoğlu aprelin 28-də Bakıya qayıtdıqdan sonra mən də Almatıya yollandım. Qatarla. Çox təmiz, səliqəli, yüksək xidmət göstərən qatarla 19 saat yol getdikdən sonra Almatıya çatdım.

Burada artıq Astana təcrübəsindən çıxış etdim. Vağzalda dayanan taksilərdən birinə yanaşıb gedəcəyim yeri nişan verdim və qiyməti razılaşdırıb yola düşdük. Sonrakı günlərdə Almatıda taksi problemim olmadı.

Mayın 4-də Bişkekə yollananda qərara gəldim ki, burada da taksi fəaliyyəti ilə maraqlanım. Eyni durum idi. Yolda dayanıb əlini qaldırırsan, təsadüfi maşın səni çox ucuz qiymətə istədiyin yerə aparır. Təbii ki, qiyməti öncədən razılaşdırmaq şərtilə. Adamı aldatmağa cəhd də etmirlər. Sadəcə soruşurlar ki, nə qədər pul verəcəksən? Tutaq ki, 5 kilometrlik bir yol gedəcəksənsə, Azərbaycan manatına çevirəndə 2 manata uyğun bir məbləğ təklif edirsən və sevinərək razılaşırlar.

Bişkekdə diqqətimi çəkən bir də o oldu ki, buranın TV kanallarında davamlı olaraq taksi xidməti üçün öz maşını ilə birlikdə sürücülərin işə dəvət edilməsi haqqında elanlar verilirdi. Demək ki, istənilən şəxs öz avtomobili ilə taksi xidməti göstərmək üçün konkret bir firmaya qeyd oluna və işə başlaya bilər.

İstər Astana, istər Almatı, istərsə də Bişkekdə taksilərlə bağlı diqqətimi çəkən daha bir məsələ də vardı. Burdakı taksilər heç də eyni rəngli, eyni markalı maşınlar deyildi. Əksəriyyəti sadəcə çox köhnə maşınlar idi. Aralarında allahın “Juquli”sindən tutmuş “Mersedes”ə kimi hər cür maşına rast gəlmək olar…

Və bu taksi məsələsinə təsadüfi toxunmadım. Orta Asiyanın bu iki qardaş ölkəsində bu fəaliyyəti gördükcə, gözümün önünə Azərbaycandakı “nəqliyyat müfəttişi” adlı yolkəsənlər gəlirdi. “Xüsusi razılıq” adı ilə bir parça çörək dərdində olan taksiçilərin önünü kəsib dəfələrlə ölümlərinə belə səbəb olan bu quldur dəstəsinin fəaliyyətini, guya, mədəni taksi xidmətinin tənzimlənməsi ilə bağlayırlar. İddia da edilir ki, onlar olmasa hər yerindən duran taksiçiliklə məşğul olacaqmış və bu da bizim ölkəmizin imicinə ciddi zərər vurur.

Qazaxıstanda və Qırğızıstanda da isə deyirlər ki, dövlət bilərəkdən insanlara şərait yaradır ki, işsiz qalanlar çörək pulunu heç olmasa taksiçilik hesabına qazana bilsin. Yəni dövlət vətəndaşı işlə təmin edə bilmədiyi üçün heç bir razılıq, rüsum, vergi tələb etmədən onların bu yolla pul qazanmasına imkan verir. Həm də bu şərait heç də ölkənin imicinə zərbə vurmur. Üstəlik, bu ölkələrdə “nəqliyyat müfəttişləri” də yoxdur. Lisenziya idarəsi deyilən bir qurum da yollarda maşınların önünü kəsmir. Allahın polisi belə, nəinki heç bir maşını saxlamır, heç özü də gözə dəymir. Bu müşahidələrimi mən tipik Asiya ölkələri olan Qazaxıstan və Qırğızıstanda aparmışam. Biz isə, iddia edildiyinə görə, Avropa ailəsinin bir üzvüyük. Nə bilim, vallah. Məncə, Qazaxıstanla Qırğızıstan bu taksi məsələsində Avropaya daha çox oxşayır, nəinki biz…

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!