Modern.az

Mədəniyyətimizin Ağdamlı günləri...

Mədəniyyətimizin Ağdamlı günləri...

21 May 2012, 17:16

Və ya Xudu müəllimin mədəni qidası

Ötən əsrin 75-80-ci illəri keçmiş sovet dönəmi üçün  durğunluq dövrü hesab olunur. Bütün ərzaq və qeyri-ərzaq məhsulları piştaxta altından, zəruri yeyinti məhsulları isə talon sistemi ilə satılırdı. Uzun müddət keçmiş SSRİ kimi qüdrətli bir dövlət bu sistemdən qurtula bilmədi...

Ağdam da isə ayrı bir abu-hava hökm sürürdü. Belə bir mürəkkəb dövrdə səhər qaynayır, şəhərdə sanki bazar iqtisadiyyatının təməli qoyulurdu. Maraqlı idi ki, bazar iqtisadiyyatı inkişaf edən rayonun mədəniyyəti də ondan geri qalımırdı....

Mədəniyyət şöbəsinə müdir təyin edilməmişdən əvvəl rayon partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri  vəzifəsində çalışan Çimnaz Əliyeva çalışdığı sahədə bilavasitə mədəniyyət sahəsinə “kuratorluq” edirdi.  

Məlum olduğu kimi, mədəniyyət şöbəsinin tərkibinə kitabxanalar, klublar, muzeylər, musiqi məktəbləri, mədəniyyət evləri və rəsm qalereyası daxil idi. Demək olar ki,  rayonun 123 kəndində mədəniyyət obyekti fəaliyyətdə idi.

80-ci illərin əvvələrində Ağdam mədəniyyətində müəyyən durğunluğun hiss olunduğunu görən Ağdama yenicə birinci katib seçilən Sadıq Murtuzayev vəziyyətdən çıxmaq və Ağdam mədəniyyətinin əvvəlki şan-şöhrətini özünə qaytarmaq üçün kompleks tədbirləri həyata keçiməyi RPK -nın təbliğat-təşviqat şöbəsinə  tapşırır. Tədbirlər planına daxil olan məqamlardan biri də rayonda  “Natəvan” Qızlar bayramının təşkili idi.  Həmin ərəfədə mədəniyyət şöbəsinin müdiri işləyən  Surxay Cəfərov xəstələndiyindən, “birincinin” göstərişi ilə tədbirin təşkili təbliğat-təşviqat şöbəsinin müdiri Çimnaz Əliyevaya həvalə edilir...

Hazırda Azərbaycan Yaradıcılıq Fondunun  Qarabağ bölməsinə rəhbərlik edən Çimnaz xanım  Əliyeva  ilə görüşümüz çalışdığı  fondda  baş tutdu.  Uzun illər Mədəniyyət şöbəsinə rəhbərlik etmiş, müstəqil Azərbaycanın Milli Məclisinin ilk üzvlərindən olan Çimnaz Əliyeva  ictimai fəaliyyətini bu gündə davam etdirir.

Daim yenilik axtarışında olan Çimnaz xanım  fəaliyyətindən çox, söhbətə Ağdamın mədəniyyət tarixinə ekskursla başladı. Bu işdə, xidməti olmuş həmyerlilərinin hər birinin adını  xüsusi intonasiya ilə çəkir və  bir cümlədə olsa haqqında xoş ovqat yaradacaq söz danışmağı da unutmurdu... 

Apardığımız araşdırmalar göstərir ki, XX əsrin  50-ci illərinin ikinci  yarısı və  80-ci illər  Ağdamın mədəni inkişafında  “qızıl dövr”  sayıla bilər. Bir tərəfdən Musiqi məktəbi, sonra orta ixtisas musiqi  texnukumu açılır, “Şur” ansamblı yaradılır, ikinci tərəfdən yeni-yeni mədəniyyət obyektləri istifadəyə verilir. Folklor kollektivləri və qızlar ansamblları yaranır...

Dünyada ikinci sayılan “Ağdam Çörək muzeyi”nin  və Xan Şuşinski adına rayonlararası uşaq muğam musiqi məktəbinin açılması, çoxsaylı mədəniyyət tədbirləri, “Natəvan” Qızlar bayramı, “Xarı bülbül” Beynəlxalq festifalı məhz 80-ci illərin yadigarıdır...

 “Qara bəyin” evinin bir hissəsində (digər hissəsində Ağdam kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu yerləşirdi-V.T.) açılmış uşaq muğam musiqi məktəbi gənc ifaçıların yetişdirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edirdi.

Söz yox ki , atılan hər bir addımın  Ağdam mədəniyyətinin tanıdılmasında müstəsna əhəmiyyəti var idi.

Xatırladaq ki, “Natəvan” qızlar bayramının açılış mərasimində respublikanın mədəniyyət naziri Zakir Bağırovda iştirak etmişdi... 

Mədəniyyət şöbəsinə yenicə təyin edilən müdirin ilk addımı bir neçə il əvvəl tikintisi yarımçıq qalmış Mədəniyyət evində tikinti işlərinin bərpası oldu. Həmin vaxt mədəniyyət şöbəsi “rayispolkomun” iki otağına yerləşirdi.  ““Rayispalkomun köhnə, darısqal və təmirsiz otaqlarında çox az  oturası  olduq,- deyə Çimnaz xanım bizimlə söhbətinə davam edir:

-1979-cu ildə Ağdamda mədəniyyət evinin bünövrəsi qoyulsada, tikintisi ləng gedirdi. Bu mədəniyyət evində iki zal (600 yerlik və 200 yerlik) zal olmaqla tikilməli idi. Birinci katib qarşısında  məsələ qaldırdıq ki, mədəniyyət evinin tezliklə tikilib istifadəyə verilməsi bu  sahəsindəki bir çox problemləri həll etmiş olacaq. Müraciətimizdən sonra  bütün tikinti idarələrinin rəislərinin iştirakı ilə qərargah  yaradılır. Həmin dövrdə “ispalkomun” sədri işləyən Aydın Quliyev qərargahın rəhbəri  təyin edilir...

Artıq  1983-cü ildə mədəniyyət evinin tikintisi başa çatır.

Hələ mədəniyyət evinin tikintisi başa çatmamış  sarayın kreslosundan tutmuş, çil-çıraqlarına kimi alınmışdı. Qeyd edim ki, zaldakı iki çil-çırağın hərəsinin ayrı-ayrılıqda çəkisi bir tondan artıq idi...”

Beləliklə, qısa müddət ərzində  Mədəniyyət sarayı istifadəyə verilir.

“Yeni inzibati binada rayon mədəniyyət şöbəsinin üç otağı,  mədəniyyət evinin direktoru Məmməd Əmirovun kabineti, həmçinin Uşaq kitabxanası, dərnəklər, «Şur ansamblı»nın otaqları yerləşirdi.  Uşaq kitabxanasının müdiri Səmayə Abdllayevada bu binada otururdu.

Mədəniyyət evi yerli büdcənin hesabına inşa edildi. Buna oxşar layihələr  eyni zamanda - Abşeronda, İmişlidə, İsmayıllıda, Sabirabadda da inşa edilmişdi.”- deyə Çimnaz xanım sözünə davam edir.

Çimnaz Əliyeva: “Bizim Mədəniyyət evi Üzeyir Hacıbəyov küçəsində yerləşirdi. Mədəniyyət evinin geniş ərazisi var idi. Sol tərəfdən Kənd Təsərrüfatı Texnikumu ilə, sag tərəfdə isə bulvarla qonşu idi. Həmn illərdə texnikumla Mədəniyyət sarayı arasında olan geniş ərazidə rayon mərkəzi kitabxanasını istifadəyə verdik. Sanki bütün mədəniyyət ocaqları bir kompleksdə birləşdi...

Beşmərtəbə ilə bizim binanın arasında isə heç nə yox idi. Sonradan bu ərazidə müasir tipli  mağazalar tikiləsi oldu.

Mədəniyyət  Sarayının sağ tərəfində,  yuxarıda dedyim kimi,  bünövrəsi 30-cu illərdən də əvvəl qoyulan bulvar- park idi.

O zaman Mədəniyyət Nazirliyinin belə bir göstərişi oldu ki, Mədəniyyət-İdman Kompleksləri yaradılsın. Bununla əlaqədar parkın (bulvarın) fəaliyyətini bir az genişləndirdik...

Çox çətin danışıqlardan sonra “Karusel”ləri Ağdama gətirə bildik...

Beləcə, park öz fəaliyyətinə başladı. Şeytan arabası, 4 ayrı- ayrı atraksion,  uşaqlar üçün maşınlar var idi bulvarda...

80-ci illərdə  Ağdamda  11 musiqi məktəbi və 150 kitabxana, 23 mədəniyyət evi, 57 klub fəaliyyətdə idi...

Qeyd edim ki,  Tofiq Qarayev, Fatma Mahmudova, Simuzər Namazova və Qurban Mirzəyev həmin illərdə  «Əməkdar artist»  fəxri adını aldılar.  “Əməkdar mədəniyyət işçisi” fəxri ad alanlar arasında  Fərhad Paşayev, Rafiq Rüstəmov  və mən  də  var idim. Həmin vaxt Quzanlı kənd kitabxanasının müdiri Əbrə Abdullayeva “Əməkdar kitabxanaçı” fəxri adını almışdı....

Çimnaz xanım söhbət əsnasında Xudu müəllimlə bağlı  maraqlı faktları da dilə gətirdi.

- Mən mədəniyyət şöbəsinə müdir keçəndən sonra rayonda zonalar üzrə baxış keçirirdik. Bütün mədəniyyət evlərinin işçiləri, folkloru, dram dərnəkləri, bütün janrlarda kim nəyi hazırlamışdısa onu da nümayış etdirirdi.

Allah rəhmət eləsin, Xudu müəllimə. Hörmətli ziyalımız Ağdamda olanda mənimlə tez-tez görüşərdi.  Görüşlərin birində dedim ki, özfəaliyyət dərnəklərinə baxış keçiririk, məni üzürlü sayın sizinlə çox otura bilməyəcəyəm, bəs mən Xındırıstana getməliyəm. Dedi,- məndə gedirəm. Məni də aparın. Bir az tutulsamda üzə vurmadım və  Xındırıstana Xudu müəllimlə  birlikdə  gedəsi  olduq.

Baxış düz 4 saat çəkdi. Mən narahat oldum ki, bu insan ac-susuz bu qədər vaxt burada əyləşib. Bir neçə dəfə dedim ki, Ay Xudu müəllim, vallah mən xəcalət çəkirəm. Siz burada soyuqda əyləşmisiniz, belə olmaz axı? Dedi,- siz nə danışırsız? Mən o qədər  mədəni qida almışam ki?! Ömrümün axırına kimi bəs edər….

Bir dəfə də Əliağalı kəndində «Qızıl toy» keçirirdik. Açıq hava şəraitndə. Təsəvvür edin ki, Çövkən oyunu, Çalpapaq, sürpapaq. Hamısı atla. Qızlı-oğlanlı o qədər gözəl təşkil olunmuşdu ki...

Yenə Xudu müəllim gəlmişdi. Bu dəfə dostu  Zeynal Məmmədovla.  Xudu müəllim oyunlara  baxdı, baxdı və birdən  üzünü  Zeynal müəlimə tutub dedi:- məni bir çimdiklə görüm, həyatdayam  ya yox?... Tədbir o qədər təsirli olmuşdu ki, Xudu müəllimi xəyallar aparmış,  sanki yuxudaymış kimi bu ifadəni işlətmişdi…

O zaman bizim adi kənd səviyyəsində təşkil etdiyimiz tədbirlər respublika səviyyəsində keçirilən tədbirlərdən geri qalmırdı. O qədər yüksək səviyyədə keçirilirdi. İnsanlar bütün tədbirlərə  həvəslə gəlirdilər.  «Nənə» qızlar ansamblıda həmin illərdə yarandı….

Söhbətimiz xeyli çəkdi, muzeylərdən, özü açılışını keçirdiyi Rəsm Qalereyasından  danışdıq. Öyrəndim ki, Rəsm qalereyasına sinif yoldaşım İlqar İsmayılov rəhbərlik edirmiş...         

Xüsusilə qeyd edilməlidir ki, mədəniyyət sahəsində Ağdam rayon mədəniyyət şöbəsinin iş təcrübəsi keçmiş SSRİ məkanında yayılmış,  “Bədii özfəaliyyət və xalq yaradıcılığının inkişafı” mövzusunda Moskvada Kənd Təsərrüfatının Nailiyyətləri sərgisində Çimnaz  Əliyevanın müşavirədə Ağdamdakı gördüyü işlər barəsində  yadda qalan hesabat xarakterli çıxışı da olmuşdu...

Beləcə, kovrək xatirələri Çimnaz xanımla birgə vərəqləyəsi olduq. Görülmüş  işlər  o qədər idi ki, onu saatlarla danışsan qurtarmazdı. “Şən, firavan, xoşbəxt günlər yaşamışıq. Amma hiss etməmişik. Müharibə başlamışdı, şəhərə “Qrad” mərmiləri atırdılar. Biz isə Mədəniyyət Sarayıın üzərinə  düşən mərminin fəsadlarını bərpa etməklə məşğul idik...İnanmırdıq... deyə Çimnaz xanım kövrəlir...

Bazarda hər dəfə “Qrad” düşməyən istiqamətdə alver edərdilər. Sonra ona da öyrəşdik və belə qəbul etdik ki, “Qrad” atdıqları yerə birdə atmazlar. Amma...”

Çimnaz xanım söhbətimizin bəzi məqamlarını yazmamağı xahiş etdi. Onu qələbəmizdən, torpaqlarımızın azad edilməsindən sonra yazarsan  dedi...

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi