Modern.az

Azərbaycanda siam əkizi və təpəgöz doğulubmuş

Azərbaycanda siam əkizi və təpəgöz doğulubmuş

14 Yanvar 2010, 13:23

Son zamanlar Azərbaycanda anormal doğulan uşaqlarla bağlı problem daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Bununla bağlı rəsmi statistika açıqlanmasa da, faktlar anormal doğulanların sayının artdığını göstərir. Modern.az bu istiqamətdə araşdırma apararkən ilginc faktlarla qarşılaşıb. Sən demə, Azərbaycanda da siam əkizi, təpəgöz uşaqlar doğulurmuş.

Azərbaycanlı alimlərin fikrincə, ölkəmizdə anormal və eybəcər insanların doğulmasının müxtəlif səbəbləri var. Bu səbəblər sırasına ananın özündə olan müxtəlif xəstəliklər, bəzi dərman preparatlarının qəbulu, ekoloji vəziyyətin pisləşməsi, alkoqolizm, narkotikə meyllilik və s. daxildir.

Araşdırmalarımız nəticəsində öyrəndik ki, Bakıda anormal doğulub ölən uşaqların skletlərinin qorunub saxlanıldığı muzey də fəaliyyət göstərirmiş.
Yəqin ki, çox adam Bakıda insan əzalarının eksponat kimi saxlanıldığı muzeyin olmasından xəbərsizdir. Amma paytaxtımızda nadir eksponatlarına görə dünyada anoloqu olmayan belə muzey var və o Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərir. Burada saxlanılan nümunələr əsl insan meyitlərindən götürülüb. Bu barədə Modern.az-a Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Azərbaycanda insan əzalarının saxlanıldığı ilk muzey 1919-cü ildə Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin açılmasından sonra yaralıdıb. Muzeyin yaradılması isə həmin fakültənin rəhbəri olmuş cərrah Malinovskinin adı ilə bağlıdır. Maraqlıdır ki, ömrünü bu işə həsr edən Malinovskinin özünün də bəzi bədən əzaları öləndən sonra buradakı eksponatlar sırasına daxil edilib. Məşhur alimin külü də hazırda Tibb Universitetindəki muzeydə saxlanılır.

Sonralar sözügedən müzeyin fəaliyyəti azərbaycanlı alim, tibb terminologiyasının doğma dilimizdə ilk yaradıcısı Kamil Balakişiyev tərəfindən davam etdirilib. Məhz onun zəhməti sayəsində muzey eksponatlarla zənginləşdirilib.

Hazırda sözügedən muzeydə 7 mindən çox eksponat var ki, onlardan da bəzilərinin yaşı yarım əsrdən artıqdır. Burada ölmüş insanlardan götürülmüş müxtəlif bədən orqanları saxlanılır. Muzeyin eksponatları arasında eybəcər, anomaliya şəklində doğulan insanların əzaları, qan-damar sistemi və daxili üzvlər, sinir sistemi və skletlər, dayaq-hərəkət üzvləri var. Dərsdənkənar təhsil üçün nəzərdə tutulan bu muzeylərdə eyni vaxtda 350 tələbə əyani vəsaitlərlə tanış ola bilir.

Muzeydəki insan orqanları məhkəmənin sahibsiz elan etdiyi meyitlərdən götürülərək eksponat kimi hazırlanıb. Onlar formalində ilkin görünüşdə saxlanılır. Muzey yalnız iki xəstiəlikdən-vərəm və onkoloji bəladan ölmüş meyitlərdən bədən orqanları qəbul etmir. Buradakı eksponatların hazırlanma vaxtı  iki gündən iki ayadak müttədi əhatə edir.

ATU-dan verilən məlumata görə, dəfələrlə Azərbaycanda olan ABŞ, Almaniya, Türkiyə, Gürcüstan, Bolqarıstan alimləri Bakıdakı muzeyin ekspontlarının dünyanın digər ölkələrindəki muzeylərdə görmədiklərini bildiriblər.

Muzeydə saxlanılan nadir eksponatlara misal olaraq Azərbaycanda doğulmuş siam əkizlərinin, dövş qəfəsi yırtıq, təpəgöz, beyni olmayan insanların və digər anadangəlmə patologiyaların skletlərini göstərmək olar. Burada saxlanılan eksponatlardan biri 2006-cı ilin iyulunda bakıdakı Semaşko xəstəxanasında doğulmuş anormal körpələrə məxsusdur. Anası vərəm xəstəsi olmuş bu uşaqlar Siam əkizlərinin bir formasıdır. Onlar bir bədən, iki baş, dörd əl, iki ayaqla doğulublar. 
Muzeydə tələf olmuş körpələrin də skeletləri saxlanılır ki, tələbələr körpə sümüklərinin yaşa görə dəyişməsini izləyə bilsinlər. Bütün bu ekspontalar nə mumdan, nədə gipsdən hazırlanıb, onlar meyitlərdən çıxarılan həqiqi insan orqanlarıdır.
Başqa muzeylərdən fərqli olaraq ATU-dakı muzey əsasən elm və tədris üçün yaradılıb. Universitetdə hesab edirlər ki, əgər gələcəkdə bu muzey də Mədəniyyət və Turizm Nazirliyindən qorunma təyinatı alsa, onda bütün vətəndaşlar buradakı çox nadir eksponatlara baxmaq imkanı qazanacaqlar. ATU-nun anatomiya kafedrası sözügedən muzeyin Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatına salınması üçün bu quruma müraciət edib. Həmin müraciətə hələlik cavab verilməyib.

Modern.az anormal doğulan uşaqlarla bağlı araşdırmaları davam etdirir və tezliklə oxucuları yeni faktlarla tanış edəcəyik.

Adəm Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir