Modern.az

“London taksisi”nin qadın sürücüsü: “Xoşum gəlməyən adamlara maşın saxlamıram” - REPORTAJ

“London taksisi”nin qadın sürücüsü: “Xoşum gəlməyən adamlara maşın saxlamıram” - REPORTAJ

8 Mart 2016, 15:56

Yelena Şalamova: “Maşını o qədər çox istəyirəm ki, heç kəs buna görə mənə qadağa qoya bilməzdi, hətta yoldaşım belə...”

Bu günə qədər sükan arxasında qadın sürücülərlə çox qarşılaşmışdım... Amma qazanc məqsədilə sürücülük edən, taksi işlədən qadın görməmişdim. Eşitmişdim ki, 3-4 belə zərif cinsin nümayəndəsi var. Düzünü desəm, onlarla görüşmək maraqlı gəlirdi mənə. Bəlkə də bu maraq “qadın nədir, taksi sürmək nədir, qadının qadın işi, kişinin də kişi işi var” prinsipindən irəli gəlirdi. Elə bu məqsədlə qərara aldım ki,  həmin qadınlardan biri ilə görüşüb reportaj hazırlayım. Odur ki, görüş üçün “Hilton” otelinin qarşısına, “Eurovision” turistlərinə xidmət göstərən “London taksi”lərinin dayandığı yerə gəldi.

Yelena Şalamovanın 35 yaşı var. Bakıda böyüyüb boya–başa çatıb. 17 yaşından maşın sürür. Demək olar ki, hər il bir maşın dəyişib. Bu günə kimi 18 maşını olub. 7 ildir taksi sürücüsü işləyir. O, maşın sürməklə nəfəs alır. Hətta maşın sürmək üstündə ailəsi dağılıb.

“Hər kəsin bir sevdiyi iş var. Mənim də sevdiyim iş maşın sürməkdir. Mənim bu illər ərzində 2 ay maşınım olmayıb. Siz təsəvvür edin ki, mən həmin iki ay ərzində nələr çəkdim. Əvvəllər özüm üçün sürürdüm. 5 il isə bir ailənin ailə maşınını sürmüşəm. Sonra həmin ailə İsveçrəyə köçüb getdi. 2 ildir ki,  taksi sürücüsü kimi işləyirəm. Maşın sürməyi özüm öyrənmişəm. Heç kəs kömək etməyib. İlk maşınım “VAZ 2106” markalı rus maşını olub. Həmin maşını anam almışdı mənə. Əvvəlcə binaların arasında yavaş-yavaş sürməyə başladım. Daha sonra “Vaz 2107”, ”Niva”, BMV markalı maşınlar sürmüşəm. Ən bahalı maşınım 12 min dollar dəyərində olub”.

Qadın həyatda  gərək güclü olsun

Yelenayla söhbət edərkən ondakı kişi xarakteri diqqətimi cəlb etməyə bilməzdi. Geyim tərzi belə... Olduqca sərbəst, peşəsinə tam uyğun geyinmişdi. Söhbətindən isə məlum oldu ki, Yelena kimdənsə asılı olmağı qətiyyən xoşlamır. Deyir ki, qadın gərək hər bir işdə, maşın sürməkdə belə, möhkəm olsun.

“Taksi işi olduqca ağır işdir, çünki bu tıxaclarda maşın sürmək asan məsələ deyil. Gərək güclü olasan ki, bu işi bacarasan. Ümumiyyətlə, bu həyatda mübarizə aparmağı, möhkəm olmağı bacarmaq lazımdır.

Mən ailəli olanda yoldaşım həmişə  maşın sürməyimə etiraz edirdi. Deyirdi ki, “sən maşın sürməyəcəksən, amma mən maşını o qədər çox istəyirəm ki, ona heç yoldaşım da qadağa qoya bilməzdi. Ailəmizdə olan söz-söhbətin 80 faizi maşın sürmək üstündə olurdu. Mən isə deyirdim ki, nə qədər varam, maşın da mənim həyatımda olacaq. İndi 6 yaşında bir oğlum var. Maşın sürmək mənə həm zövq verir, həm də özümü, uşağımı saxlayıram. Günə 40-60 manat qazancım olur. Biz burda növbə ilə işləyirik. Bu səbəbdən oğluma vaxt ayıra bilmirəm, bacım baxır”.

Uzun müddət sürücülük etsə də, Yelenanın maşın təmirindən qətiyyən başı çıxmır.

“Hazırda sürdüyüm “Londan taksisi” çox təhlükəsizdir. Bu maşınlarda sərnişinlə sürücü arasında şüşə var, şüşəni sındırmaq olmaz. Nəsə etmək istəslər də alınmaz. Həm də nəzarətçilər gecə-gündüz işləyirlər. Nəsə olarsa, dərhal onlara zəng vururuq. Bundan başqa, maşında GPS sistemi var, buna əsasən bilinir ki, biz hansı yoldayıq. Bu qədər müddətdə  maşın sürsəm də, təmirindən başım çıxmır. O qədər olub ki, maşın xarab olub, yolda qalmışam. O zaman qaraja zəng vururam, evakuator gəlib aparır. Yalnız yağına və suyuna baxa bilərəm. Qalan hallarda gərək kimisə köməyə çağırım”.

“Bizdə qadın sürücülərinə hələ də qeyri-adi baxırlar”


“Nədənsə bizdə qadının maşın sürməsi, taksi işlətməsi hələ də qeyri-adi qarşılanır. Bəzən kişi sürücülər yaxınlaşıb deyirlər ki, ”halaldır sənə”. Mənə hörmətlə yanaşırlar. Polislərimiz də xırda bir qanun pozuntusu olanda mənə göz yumub güzəştə gedirlər.

Buna görə onlara minnətdaram. Amma mən çalışıram ki, yol-hərəkət qanunlarına riayət edim. Bu günə kimi heç qəza törətməmişəm. Özümü həvəskar yox,  peşəkar sürücü hesab edirəm. Sürəti də sevirəm, risk etməyi də bacarıram, amma sürətlə sürmək nəyə lazım? Mən tək olmuram, maşında həmişə şərnişin olur. Onların da həyatını düşünmək lazımdır. Ən yüksək halda saatda 180 km sürətlə sürmüşəm. Bu da, rayona gedərkən düz yolda olub. Tək olmuşam. İşlədiyim vaxtdan demək olar ki, hələ qorxulu hadisələrlə üzləşməmişəm, istər gündüz olsun, istərsə də gecə, rahat şəkildə maşını idarə edə bilirəm. Bəlkə də elə buna görə də qorxmuram”.

Bu  illər ərzində Yelena maraqlı hadisələrlə də qarşılaşıb. “Bir dəfə müştərim mənə zəng etdi ki, qızı Türkiyədən gəlir, onu gətirmək lazımdır. Mən də hava limanına getdim, orada düz  8 saat gözlədim. O, isə gəlib çıxmadı. Anası sonradan mənə xəbər etdi ki, qızı ikinci günü yox, üçüncü günü gəlməli imiş. Sən demə, anası günü səhv salıbmış”.

“Bizimkilərlə əcnəbi turistlər arasında fərq çoxdur”

“Turistlərlə danışmaq üçün  bizə  kurslar keçirilib, dərslər olub, imtahan verib, “5” almışam. Həm onları başa sala bilirəm, həm də başa düşürəm. Amma xaricilərlə bizimkilər arasında fərq çoxdur.

Məsələn, 5 manat 50 qəpik yazıbsa, bizimkilər 6-7 manat verirlər, amma onlar nə yazılıbsa, onu da verirlər. 10 qəpik qalığına qədər alırlar.
Bəzən elə kişilər olur ki, mənə yaxınlaşıb deyirlər ki, “ailəmi sən apar-gətir”. Xoşum gəlmədiyi adamlara maşın saxlamıram. Peşəmdən irəli gələrək illər ərzində insanları tanımağı öyrənmişəm. Elə bil ki, hiss edirəm kimin necə adam olmağını. Çox olub ki, mənə yaxınlaşıb nömrəmi istəyirlər və deyirlər ki, “ailəmi sən apar-gətir”.
Mənim üçün qıraqdan deyilən  söz - söhbətin mənası yoxdur. Əsas odur ki,  sevdiyim işlə məşgul olub, uşağımı saxlayıram”.


Nihadə EYYUBOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub