Modern.az

Facebook-un azərbaycanlı istifadəçilərinə virtual təcavüz

Facebook-un azərbaycanlı istifadəçilərinə virtual təcavüz

Media

24 May 2012, 14:31


Facebook sosial şəbəkəsinin bir çox azərbaycanlı istifadəçiləri problemlə üzləşiblər: xeyli vaxtdır bəzi istifadəçilərin səhifəsinə dostluqda olduqları şəxslərin adından reklamlar gəlməyə başlayıb. Bu tip reklam mətnlərində eynək satışından, arıqlamaq üçün dərmanlardan və digər şeylərdən bəhs olunur. Belə təsəvvür yaranır ki, səninlə dostluqda olanlardan kimsə eynək ticarəti və ya dərman alqı-satqısı ilə məşğuldur. Halbuki, qarşı tərəf and-aman edir ki, bu məlumatların göndərilməsində iştirak etməyib… İnternetdə belə reklam mətnlərinə “spam” deyilir. Spamlar kütləvi şəkildə yayımlanan və internet istifadəçiləri tərəfindən alınması arzuolunmaz reklam və ya digər məzmunlu məlumatlardır.
Bu tip reklam-xəbəri almaq istəməyən istifadəçilər onunun qarşısına sədd çəkə də bilmirlər ki, səhifələri “zibillənməsin”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:

“Bəli, demək olar ki, bu reklamlar internet istifadəçilərini bezdirib. Hətta internetdə belə məlumatlar var ki, Facebook-un rəhbərliyi bu “spam”la mübarizə üçün müxtəlif təşkilatlarla koalisiya yaradır. Bu problem son vaxtlar daha aktuallaşıb. Bunun üçün onlar müxtəlif proqramlardan istifadə etməyə cəhd göstərirlər. Düşünürəm ki, bu “spamlar” ümumi bir problemdir. Bu tək saytlardan asılı deyil. Müxtəlif qruplar və təşkilatlar var ki, bu “spamlar”ın kütləvi yayılması ilə məşğuldurlar. Ona görə Facebook rəhbərliyi də bununla bağlı işlər aparır”.

“Spam”ın qarşısını almaqla bağlı məsələyə toxunan O.Gündüz deyir ki, hər bir istifadəçi ilk növbədə Facebook səhifəsinin qayğısına qalmalıdır:

“Hər kəs seçdiyi dostlarla bağlı müəyyən bir toplama apara bilər. Bundan başqa, istifadəçi öz “accaunt”larından parolunu dəyişə bilər. Orada qeydiyyatdan keçəndə verilən suallar var ki, onları da dəyişə bilər. Bu zaman arzuolunmaz spamların gəlməsinin qarşısını müəyyən qədər ala bilər. Daha sonra brauzerini qaydaya salmalıdır ki, normal standartlara cavab versin. Elementar təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bu şərtlər “spam”ın qarşısını qismən də olsa,  almağa imkan verir. Bütövlükdə “spam”ın qarşısını almaq isə istifadəçinin özündən, kompüterindən və istifadə etdiyi brauzerdən də asılıdır. Baxsın hansı dostundan gəlir, onu blok etsin”.

Facebook istifadəçisi olan  müəllimə Turanə Əliyeva bəhs etdiyimiz problemlə üzləşənlərdəndir:
”Bu reklamlar özüm də bilmədən mənim adımdan dostlara gedir. Dostlar deyirlər ki, ola bilər hər hansı bir səhifəni bəyənmisən və o bunun nəticəsində baş verir. Amma ümumilikdə heç kimə reklam göndərmirəm. Yəqin bunu mənim səhifəmin vasitəsilə ilə kimlərsə edir”.

Jurnalist Gunay Malikqızı da Facebook səhifəsini təmizləməkdən yorulub. Axırda məcbur olaraq profilində belə bir status yazıb: “Əziz dostlar və tanışlar mənə arıqlamaq və siqarət tərgitmək və ya avtomobil qəzasına mane olan eynəklər haqda heç nə yazmayın!!!!!!!!!!!!”

“525-ci qəzet”in əməkdaşı İlhamə Qasımlının sözlərinə görə, o da bu problemdən əziyyət çəkir.
“Mən əvvəl bu tip reklamları yumor hissiylə qarşılayırdım. Ona görə də dostlarımın adından gələn bu reklamalara məzəli cavablar yazırdım... Amma sayı çoxaldıqca və mütamadi xarakter aldıqca, insan bezir... Bu, virtual təcavüzdür…”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir