Modern.az

Ermənistandan qayıdan deputatlar Modern.az-a danışdılar

Ermənistandan qayıdan deputatlar Modern.az-a danışdılar

Parlament

24 May 2012, 18:30

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün mayın 21-də Ermənistana gedən azərbaycanlı deputatlar bu gün İrəvanı tərk ediblər.

Bu barədə Modern.az-a  İrəvana gedən Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib.

Asəf Hacıyev saytımıza deyib ki, az öncə deputat həmkarları Jalə Əliyeva və Musa Quliyevlə birgə təyyarə ilə İrəvandan Moskvaya uçublar.

Deputat Azərbaycanın nümayəndə heyətinin İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi barədə yayılan məlumatlara da toxunub. A.Haciyev qeyd edib ki, bu barədə kimlərinsə yaydığı xəbər tamamilə cəfəngiyyatdır.
”Biz heç vaxt belə bir addımı ata bilmərik. Biz də haqqımızda yayılan dezinformasiya barədə mətbuatdan xəbər tutduq. Təssüflər olsun ki, bu cür məlumatlar Azərbaycan mediasına da yol tapdı. Biz heç vaxt belə bir addım atmamışıq və atmarıq da. Biz İrəvanda Ermənistanın işğalçı olduğunu bəyan etmişik və bundan sonra da torpaqlarımız işğaldan azad olunmayana qədər öz mövqeyimizdə qalacağıq. Ermənistanla qatıldığımız bütün beynəlxalq toplantılarda həmişə bildiririk ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları azad etməyənə qədər bu dövlətlə hər hansı danışığa gedə bilmərik.
Təkrar edirəm ki, qondarma “soyqırımı” abidəsinin yad edilməsi barədə xəbər cəfəng uydurmadır”.

A.Hacıyev deyib ki, heç Ermənistan mətbuatında azərbaycanlı deputatların İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi barədə bir cümlə belə, yazılmayıb və bu  təxribat xarakterli xəbərin hardan qaynaqlandığı təəccüb doğurur.

Yeri gəlmişkən, Milli Məclis üzvlərinin İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi barədə xəbərlərin Azərbaycandakı hansı media orqanlarında dərc edildiyi Modern.az üçün də maraq doğurduğundan, əməkdaşımız bu istiqamətdə araşdırma aparıb.

Amma Azərbaycanın heç bir aparıcı qəzet və informasiya saytlarında, hətta ən radikal müxalifətyönlü media orqanlarında belə, sözügedən xəbərin dərc edildiyinə rast gəlmədik.

Halbuki, ilk dəfə Milli Məclisin mayın 22-də keçirilən iclasında deputat Mübariz Qurbanlı Azərbaycanın bəzi media orqanlarının erməni mətbuatına istinadən dezinformasiya yaydığını vurğulamışdı. Ancaq konkret ad çəkilməmişdi. Çox maraqlıdır, həmin söhbət ortaya atılanda hansı yerli media orqanı nəzərdə tutulurdu? Bəlkə dezinformasiyanın mənbəyini mediada axtarmaq lazım deyil...


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür