Modern.az

Qərb ölkələri KİV üzərindən Azərbaycana “səlib yürüşü”nə başlayıb

Qərb ölkələri KİV üzərindən Azərbaycana “səlib yürüşü”nə başlayıb

25 May 2012, 01:23

BBC Azərbaycandan nə istəyir

Müasir müharibələrdə əsas ağırlığının kontaktsız əməliyyatların üzərinə düşməsi son 10 ildə dünyanın aparıcı KİV-lərinin də funksiyasını dəyişərək onları eyni zamanda aparıcı hərbi əməliyyat mexanizminə çevirib. Qabaqcıl qərb ölkələrinin uzun illərdir fəaliyyət göstərən və dünyada kifayət qədər imicini formalaşdırmış media orqanları isə onları bir növ «uzaq mənzilli artilleriyaya» çevirib. Bu media qurumları artıq öz nüfuzlarını, azadlıqlarını hansısa maraqlara qurban verməkdədirlər.

Təməli ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulmuş kontaktsız müharibə metodlarının tərkib hissəsi olan sözügedən proses artıq bəzi Qərb ölkələri tərəfindən geniş spektrdə, bir növ beyinlərə səlib yürüşü olaraq tətbiqinə başlanıb. Özəlliklə müsəlman dünyasına qarşı həyata keçirilən bu prosesin mərkəzində də dünyanın tanınmış televiziya və radio kanalları, qəzetləri və sosial şəbəkələri bir alət olaraq dayanır.

Vikileaks, Facebook və BBC

Vikileaks saytı 2010-cu ilin sonlarında ABŞ diplomatlarının məxfi məktublarını açıqladığı zaman elə ABŞ-ın Hərbi Akademiyasında çalışan ekspertlərdən biri kontaktsız müharibə sahəsində 20 il təcrübə aparan Birləşmiş Ştatların dünya düzənini dəyişmək üçün nəzəriyyədən - laboratoriyadan praktikaya keçdiyini söyləmişdi. Vikileaksda açıqlanan sənədlərin arasında əsas ağırlığı Şərq ölkələrindən göndərilmiş məktublar tuturdu. Təbii ki, bu açıqlamalardan 2 ay sonra Yaxın Şərq regionunda «ərəb baharı» adlanan və davam edən məlum proses başladı. İqtisadi böhrandan əziyyət çəkməyən, Avropanın və Amerikanın neft və qaz təchizatında mühüm rol oynayan Tunis, Misir, Liviya, Yəmən, Bəhreyn, Suriya bu proseslərin acı nəticələrini yaşamağa məhkum oldu.

Vikilekas materialları bir növ «şüurların oyadılması» funksiyasını gerçəkləşdirdi. İkinci mərhələdə planlaşdırılmış əməliyyatlara Facebook və Twitter kimi geniş istifadəçisi olan sosial şəbəkələr cəlb olundu. Baş verən proseslərdə aparıcı Qərb ölkələrinin xüsusi xidmət orqanları nəzarət etdikləri bu sosial şəbəkələr vasitəsi ilə katalizator rolunu oynayıb, qarşıdurmaların mərkəzində yer alan gənc təbəqənin təhriki və  istiqamətləndirilməsinə müvəffəq oldular.

Ən maraqlısı isə bu proseslərə informasiya dəstəyinin dünyanın aparıcı, jurnalistikada nümunə və model olaraq göstərilən vizual KİV-ləri tərəfindən verilməsi idi. Hansı ki, Yaxın Şərq regionu ölkələrində baş vermiş vətəndaş qarşıdurmalarında BBC, SNN, CNBC, RAİ, Amerikanın Səsi, Azadlıq radiosu kimi KİV-lər başlıca rupor rolunu oynamaqda davam edir. Son olaraq SNN əməkdaşının bir neçə ay əvvəl Suriyadan göndərdiyi kadrlara bağlı yaranmış qalmaqal bu telekanalların iç üzünü açdı. Belə ki, SNN kimi nüfuzlu telekanalın əməkdaşı silahlı dəstələrə yalançı döyüş səhnələri yaratmağı tapşırır və bunu lentə alaraq Suriyada qızğın döyüşlərin getməsi kimi dünya ictimaiyyətinə «sırıyırmış».  

İnformasiya Təhlükəsizliyi Mərkəzinin açıqladığı məlumatlara görə, 2011-ci ildə ABŞ ərəb ölkələri və Asiyada «milli maraqların təmin olunması istiqamətində informasiya əməliyyatlarına» (təyinatı tam göstərilməyib) daxil olmaqla 2,7 milyard dollar, Böyük Britaniya 700 milyon dollar, Fransa 270 milyon dollara yaxın, Çin 86 milyon dollar vəsait ayırıb. Ümumilikdə adıçəkilən ölkələrin informasiya əməliyyatları üçün yönəltdikləri vəsaitlərin həcmi 13%-ə yaxın artıb. Bu vəsaitlər əsasən müxtəlif yerli və xarici KİV-lərin və sosial ünsiyyət şəbəkələrinin, həmçinin ictimai rəylə işləyən ekspertlərin bank hesablarına köçürülüb. Maliyyələşmənin əsas ağırlığı Facebook və Twitter, H5 sosial şəbəkələri, blog saytları (əsasən Wordpress), CNN, CNBC, ZDF, Əl Jazera, BBC telekanalları tutub. Regionlar üzrə ayrılmış vəsaitin 55%-i ərəb zonasının, 13%-i Çin-Koreya, 2%-i Latın Amerikası, 14%-i İran-Türkiyə-Qafqaz-Mərkəzi Asiya, qalanı isə digər regionlarında fəaliyyətlərə sərf olunub.

Yeni hədəf Azərbaycan

Hədəfə götürülmüş ərəb ölkələrində Qərb koalisiyası demək olar ki, məqsədə nail olub. Rusiyanın Şimali Afrika regionunda, İranın isə Bəhreyndə dayaqları zəiflədilib, Suriyada isə bu proses son mərhələsinə gəlib. Növbəti hədəflər kimi isə Avropanın Şərq sərhədində müsəlman-türk respublikaları seçilib. Hansı ki, bu ölkələr yaxın perspektiv üçün Avropanın enerji təchizatında önəmli rolu əldə edə biləcək mənbələr hesab edilir. Bəzi aparıcı Qərb ölkələrinin başlatdığı bu yeni imperialist hücumların yeni və ilk hədəfinin Azərbaycan olması heç kimə sirr deyil.

Təbii ki, əldə etdiyi nailiyyətlər, Avropanın enerji təchizatında həlledici söz sahiblərindən birinə çevrilməsi, eyni zamanda balanslı siyasət yürütməsi Qərb ölkələrinin qısqanclığı ilə qarşılanır. Bəllidir ki, Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlər xristian dünyasının mənəvi və maddi dəstək verdiyi Ermənistanın zəifləməsinə yönəlir. Son illərdə rəsmi Bakının qonşu Rusiya və İranla bağlı neytral siyasət yürütməsi də adıçəkilən dövlətlərlə hesablaşmaq istəməyən qüvvələrin ürəyincə deyil.

İyirmi ildən artıqdır ki, BMT-nin və digər nüfuzlu təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qəbul edilmiş qətnamələrinin icrasız qalmasına göz yuman dünya gücləri Azərbaycan üzərinə yeni hücuma start verib. Bir il əvvəl Azərbaycanın yeni dəqiqləşdirilmiş qaz ehtiyatlarını açıqlamasından sonra bəzi Avropa dövlətlərinin bundan pay almaq uğrunda mübarizəyə qalxması aydın müşahidə olunur. Bu dövlətlərin himayəsində olan media qurumlarının Azərbaycanda “ərəb baharı”na bənzər bir qarışıqlıq yaratmaq cəhdləri də açıq müstəviyə keçib. Hətta bir sıra ölkələrin rəsmi şəxsləri belə Azərbaycanla bağlı Liviya və Tunis bənzəri bəyanatlar verməkdən çəkinmirlər.

Azərbaycan hökumətində hesab edirlər ki, Evrovision kimi nüfuzlu beynəlxalq müsiqi yarışmasının gerçəkləşdiyi bir dönəmdə bir sıra dövlətlər demək olar ki, müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycana qarşı kontaktsız müharibəyə başlayıblar. Bu kontekstdə xaricdən gələn, heç bir siyasi təcrübəsi olmayan musiqiçilərin prosesə cəlb edilməsi, Azərbaycanda yerli radikal istiqamətli müxalifəti mərkəzi hakimiyyətə qarşı təhrik edilməsi, bəzi təşkilatlara bununla bağlı maliyyə dəstəyinin göstərilməsi, ölkəyə musiqi yarışmasını işıqlandırmaq üçün göndərilmiş və bunun üçün akkreditasiya olunmuş Avropanın aparıcı KİV-lərinin imkanlarından istifadə olunması müşahidə edilməkdədir. Son günlərdə Eurovision yarışması üçün Bakıya gələn xarici telekanalların müxbirlərinin müxalifət partiyaları ilə görüşləri, onlara aidiyyəti olmadığı halda keçirilən icazəsiz aksiyaları işıqlandırmaları da bunu göstərir.

Eurovision ərəfəsində BBC telekanalının Azərbaycana qarşı kampaniyalara başlaması isə bu çərçivədə bəlkə də çox təəccüblü görünə bilər. Dünya jurnalistikasında örnək göstərilən bir KİV-in musiqi yarışmasını işıqlandırmaq üçün Bakıya gəlmiş əməkdaşının hazırladığı reportaj bir çox müəmmalara yol açmaqla yanaşı Qərbin Azərbaycana qarşı qeyd olunduğu kimi kontaktsız müharibəyə başladığını deməyə əsas verir. Digər ölkələrdə jurnalistika məktəblərində peşəkarlıq dərsi keçən BBC kimi telekanalın yayımladığı son material isə bunun əksini göstərir. Müsahibələr, verilən suallar, hətta seçilən müsahiblər SNN-in Suriya və Liviyadan hazırladığı reportajlarından heç nə ilə fərqlənmir.

Qərbi Avropadan Eurovisionda başlanmış anti-Azərbaycan kampaniyası çərçivəsində bu kimi reportajların danışdıranları da, danışanları da bəllidir.

Hər halda artıq Azərbaycana qarşı kontaktsız müharibə başlayıb demək olar.

Rauf Süleymanov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər