Modern.az

Bakı Ali Neft Məktəbinın qəbul planı açıqlandı

Bakı Ali Neft Məktəbinın qəbul planı açıqlandı

25 May 2012, 13:11

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində yaradılan Bakı Ali Neft Məktəbi (BANM) bu il ilk tələbə qəbulu həyata keçirəcək. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov deyib ki, Bakı Ali Neft Məktəbinin təşkili üçün bir neçə istiqamətdə işlər həyata keçirilir. Belə ki, dünya təcrübəsinin öyrənilməsi məqsədilə neft-qaz ixtisasları üzrə tanınmış ali təhsil ocaqlarında – Amerikanın Rays və Texas “A&M”, Böyük Britaniyanın Robert Qordon və Herriot Vatt, Türkiyənin Qoç universitetlərində görüşlər keçiriib, Bakı Ali Neft Məktəbində (BANM) beynəlxalq tədris standartlarının tətbiqi ilə bağlı müzakirələr aparılıb. Neft-qaz mühəndisliyi profili üzrə mütəxəssislərin hazırlanması sahəsində bütün dünyada tanınmış Herriot Vatt Universiteti ilə memorandum imzalanıb. Memoranduma əsasən, Bakı Ali Neft Məktəbinin proqramlarının yaradılması və tətbiqi Herriot Vatt Universiteti ilə birlikdə həyata keçiriləcək, tədrisin ingilis dilində aparılması təşkil olunacaq.

”Əgər biz Herriot Vatt Universitetinin standartlarını uğurla tətbiq edə bilsək, BANM-ın məzunlarına ikili diplomların verilməsi də nəzərdə tutulmuşdur”-deyə ARDNŞ-nin vitse prezidenti qeyd edib.
X.Məmmədov bildirib ki, bu tədris ilində Bakı Ali Neft Məktəbi “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə ilk 100 tələbəsi ilə fəaliyyətə başlayacaq.

”Artıq bu, TQDK-nın 2012-ci il üçün qəbul planında nəzərə alınıb”-deyə Xalik Məmmədov vurğulayıb. 

X.Məmmədovun sözlərinə görə, bu məktəb yaradıldıqdan sonra da ARDNŞ üçün xaricdə mütəxəssis hazırlığı işi davam etdiriləcək:
“Bakı Ali Neft Məktəbi ARDNŞ-nin kadrlara olan tələbatını bütünlüklə ödəyə bilməz. Hazırda Şirkətdə 150-dən artıq ixtisas üzrə 23 minə yaxın mütəxəssis çalışır. BANM-da ancaq ən əsas ixtisaslar üzrə kadr hazırlığını həyata keçirə bilərik. Qalan ixtisaslar üzrə müasir kadrlara ehtiyac isə qalacaq və məhz belə kadrların hazırlanması üçün gənclərin xaricə göndərilməsi davam etdiriləcək”.

Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.

Ölkə başçısının 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı