Modern.az

Rəsmi Bakıdan Avropa Parlamentinə sərt cavab

Rəsmi Bakıdan Avropa Parlamentinə sərt cavab

25 May 2012, 16:01

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən fikir azadlığı və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmağı tələb edib. Bu barədə Avropa Parlamentinin deputatı Ulrike Lunaçik məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinə ünvanlanan sərt çağırışların yer aldığı qətnamə parlamentin Strasturqda keçirilən plenar iclasında qurumun 5 fraksiyasının üzvləri tərəfindən qəbul olunub.

Avropalı parlamentari qeyd edib ki, iclas zamanı Azərbaycan hakimiyyətinin müxalifətçilərə, vətəndaş cəmiyyətinin fəalarına və jurnalistlərə qarşı təzyiqlərinin, repressiv addımlarının dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bundan başqa, hakimiyyətdən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması da tələb olunub.

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa parlamentinə cavab verib. F.Ələsgərov Azərbaycan mediasına müsahibəsində Avropa parlamentinin mayın 24-də qəbul etdiyi qətamənin iftira xarakterli olduğunu vurğulayıb. 

- Avropa Parlamenti mayın 24-də Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnaməyə münasibətiniz necədir?

 - Qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif olunmuşdur. Qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir. Avropa KİV-lərində gedən intensiv anti-azərbaycan kampaniyası, Human Rights Watch, Amnesty International təşkilatlarının, qonşularımızın davranışı, Azərbaycandakı radikal müxalifət və bəzi QHT-lərin bu istiqamətdə sinxron fəaliyyəti bunu bir daha təsdiqləyir.

Elə həmin qətnamədə “Azərbaycan hüquq müdafiəçilərinin “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində 10 aylıq kampaniya başlaması”na edilən istinad da bunu təsdiqləyir.

Digər tərəfdən, qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunmuşdur. Təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlış, yoxlanmamış müddəalar qeyd olunmuşdur. Hesab edirəm ki, Avropa Parlamenti səhv mövqedədir. Faktiki olaraq Avropanın cənub sərhədində yerləşən Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla Avropanın iqtisadi müstəqilliyi və təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir.

Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir.  Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur. Məsələn, Avropa Xalq Partiyasının Almaniyadan olan üzvü Bernd Posseltin mövqeyi Almaniya KİV-lərinin tutduğu mövqedən heç də fərqlənmir.

Azərbaycana münasibəti, Azərbaycan barədə təfəkkürü uşaqlıqdan ailəvi erməni dostlarının, erməni ətrafının təsiri altında formalaşan Amnesty International-ın Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi John Dalhuiseinn də fikirləri həddindən artıq subyektiv  xarakter daşıyır.

- Hansı məqamları qərəzli sayırsınız?

 - Qətnamə bütövlükdə qərəzlidir. Bir neçə misalı göstərmək kifayətdir. Məsələn, Qətnamədə 15 may mitinqinin polis tərəfindən dağıdıldığı göstərilir və dinc protest aksiyalarının keçirilməsinə çağırılır.

Bu müddəa reallığı əks etdirmir. Birincisi, Qətnamədə qeyd olunduğu kimi mayın 15-də heç bir nümayiş keçirilməmişdir.

Mayın 14-də cəmi 20-30 nəfərin iştirakı ilə piket keçirilmişdir. Məsələ ilə əlaqədar qeyd etmək istərdim ki, həmin toplantılar razılaşdırılmamışdır. “İctimai Palata” deyilən qurumda təmsil olunan radikal müxalifət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdən imtina etmişdir.

Halbuki, bundan əvvəl radikal müxalifətin nümayəndələri bir neçə razılaşdırılmış mitinq keçirmişlər. Lakin həmin mitinqlərin xaricdə lazımi rezonans doğurmadığını görərək, “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gəlmiş jurnalistlərin diqqətini cəlb etmək məqsədilə razılaşdırılmamış piket taktikasına keçmişlər. Bununla ermənipərəst qüvvələrin anti-azərbaycan kampaniyasına qoşulmuşlar.

İstənilən beynəlxalq miqyaslı tədbir keçirən ölkədə təhlükəsizlik məsələləri baxımından belə tədbirlər ərəfəsində və gedişində mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır və hətta qadağan olunur. NATO-nun son Çikaqo sammitində də anti-qlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılmış, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilimiş, 60 nəfər isə saxlanılmışdır.

Azərbaycanda da mahnı müsabiqəsi gedişində müvafiq təhlükəsizlik tədbirləri görülür. Hazırkı mürəkkəb geosiyasi vəziyyəti və səslənən saysız təhdidləri nəzərə alsaq, bizim hüquq mühafizə orqanlarının üzərinə nə qədər ağır yük düşdüyünü görmək olar. Lakin onlar bunun öhdəsindən layiqincə gəlirlər.

Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, belə bir məqamda, razılaşdırılmamış piketlərin keçirilməsi artıq gərginlik yaradır. Güc tətbiqi məsələsinə gəldikdə isə, polis sadəcə ictimai qaydanın təmini üzrə öz vəzifələrini yerinə yetirmişdir. Piket iştirakçılarına qarşı heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç biri həbs olunmamış, hətta bəzi şəxslərin polisi təhqir etməsi müqabilində onlar həmin şəxslərlə çox təmkinli davranmışlar.

Azadlıq radiosunun Bakı Bürosunun müxbiri Xədicə İsmaylovanın şantaj edilməsi ilə bağlı Qətnamədə irəli sürülən müddəa heç bir hüquqi əsası olmayan uydurma mülahizələrə əsaslanır. Özünə hörmət edən belə mötəbər beynəlxalq qurum ən azı hüquqi baxımdan əsaslandırılmış mövqedən çıxış etməlidir.

Xatırlatmaq istərdim ki, Xədicə İsmaylovanın işi ilə bağlı istintaq hələ başa çatmamışdır. Belə halda hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli mövqedən başqa bir şey deyildir. Belə iftira və yalan mülahizələrin irəli sürülməsində məqsəd aydındır.

Azərbaycanın sürətli iqtisadi inkişafı, Azərbaycanın zənginləşməsi bir çoxlarının gözünü çıxarır. Əminəm ki, belə də olacaq. Bəzi siyasi – iqtisadi dairələrin isə öz məqsədlərinə çatmaması anti-azərbaycan kampaniyasını bir qədər də qızışdırmışdır.

Qətnamədə Ştrasserə öz mandatını həyata keçirmək məqsədilə Azərbaycana səfər etməsi üçün vizanın verilməsinə çağırış səslənir. Halbuki, Azərbaycan tərəfi hələ mart ayının sonunda “siyasi məhbus” anlayışının müəyyən edilməsi üçün meyarların müzakirə edilməsi məqsədilə məruzəçini onun mandatı çərçivəsində Azərbaycana səfər etməyə dəvət etmişdir.

Lakin o, səfərdən imtina edərək, öz mandatına laqeyd münasibət göstərmişdir. Mayın 21-də isə Avropa Şurasının Parlament Assambleyasının Hüquqi məsələlər və İnsan hüquqları Komitəsi məruzəçinin hazırlamalı olduğu hesabatın iki hissəyə bölünməsi barədə qərar qəbul etmişdir.

Birinci hissə məhz bütün Avropa ölkələrinə tətbiq edilə biləcək universal meyarların müəyyən edilməsi ilə bağlı olacaqdır və yalnız bu meyarlar müəyyən edildikdən sonra hesabatın konkret ölkələrə həsr olunacaq  ikinci hissəsi hazırlanacaqdır.

Görünür ki, Avropa Parlamentinin bu məsələlərdən, o cümlədən AŞPA komitəsinin cəmi 3 gün əvvəl qəbul edilmiş qərarından xəbəri yoxdur. Halbuki, hər iki struktur Strasburqda qonşu binalarda yerləşir.

Qətnamənin daha bir bəndində Avropa Məhkəməsinin bütün qərarlarının Azərbaycan hökuməti tərəfindən icra edilməsinə  çağırış səslənir. Belə abstrakt çağırışı istisnasız olaraq Avropa Şurasının üzvü olan bütün ölkələrə etmək olar. Azərbaycan ona münasibətdə qəbul edilmiş qərarların icrası ilə bağlı bütün zəruri tədbirlər görür. İnsan hüquqlarının təmin edilməsi istiqamətində kompleks işlər aparır, bu sahədə irəliləyişlər əksər beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Əslində Avropanın bir çox ölkəsində icrası tamamlanmamış qərarlarının sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

Jurnalistlərin siyasi ittihamlarla tutulduğu yazılır.  Qətnamədə bir tərəfdən radikal islam təşkilatlarının səsləndirdiyi təhdidlər ittiham edilir, digər tərəfdən isə, həmin təhdidlərin yayımlanması ilə məşğul olan 2 nəfərin azad edilməsi tələb olunur.  Bu müddəalar tamamilə bir-birinə ziddir və absurddur.

Qeyd edim ki, bu təhdidlər yalnız Azərbaycana deyil, həm də “Avropa dəyərlərinin qızğın tərəfdarları olan” Avropa parlamentarilərinin təmsil etdiyi dövlətlərə və xalqlara qarşı yönəlmişdir.

Qətnamədə belə yanlışlıqlar, iftiralar, ziddiyyətlər demək olar ki, hər bənddə görünür.

- Bu Qətnamə Avropa Parlamenti ilə münasibətlərə necə təsir edəcək?

 - Avropa onsuz da iqtisadi böhran içində çabalayır, hətta parçalanmaq təhlükəsi ilə üz-üzədir. Belə bir məqamda emosiya və paxıllıq hissləri əsasında çıxarılan bu cür qərar ağılsız qərardır. Bu cür qərarlar Avropa İttifaqının Yaxın qonşuluq və Şərq Tərəfdaşlığı siyasətinin böhranına gətirib çıxara bilər.

 Hətta bu qurumla əməkdaşlığın məqsədəmüvafiqliyi məsələsini gündəmə gətirə,  Assosiativ üzvlük məsələsi barədə qərarın qəbuluna təsir göstərə bilər.

 Hesab edirəm ki həmin qətnamənin lehinə səs verənlər strateji düşüncə tərzinə malik deyillər, siyasi cəhətdən uzaqgörən deyillər. Bu Avropa parlamentinin də nüfuzuna da təsir edəcəkdir.

 Demokratiya dəyərlərinin “qoruyucusu” olamlı olan Avropa parlamenti qurum kimi özünün nüfuzunu düşünməli, mövzu üzrə yalnız hökumətə qarşı aqressiv münasibəti ilə seçilən, şəxsi maddi maraqlarından çıxış edən bəzi kvazi hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə və qeyri-obyektiv hesabatlara deyil, obyektiv mənbələrə əsaslanan araşdırma aparılmalı və ən əsası sifarişli və ya hansısa maraqlar naminə həqiqəti təhrif etməməlidir.

 Bildirmək istərdim ki, heç bir şəxs, heç bir beynəlxalq təşkilat Azərbaycan Respublikası Prezidentinin xalqın naminə apardığı siyasətinə təsir göstərə bilməz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı