Modern.az

Həmidə Ömərova: “Elə bil Azərbaycanda bizim yaşda qadınlar yoxdur” – MÜSAHİBƏ

Həmidə Ömərova: “Elə bil Azərbaycanda bizim yaşda qadınlar yoxdur” – MÜSAHİBƏ

Mədəni̇yyət

25 May 2012, 16:38

Milli televiziyalarımızda əcnəbi serialların dayandırılması qərarının döğurduğu çətinliklərə rəğmən, bunu  aktyor  və aktrisalarımız üçün yeni iş yerlərinin açılması kimi də dəyərləndirmək olar.  Lakin bir məqam da var – seriallara münasibət birmənalı deyil. Məhz buna görə də sonradan tənqidçilərin qınağına tuş gəlmək ehtimalı onları təklif  alarkən düşünməyə vadar edir. Onlar daha çox nəyə diqqət yetirirlər?

Bu və milli kinomuzun digər ağrılı məsələləri barədə danışmaq üçün gözəl aktrisamız, xalq artisti Həmidə Ömərova ilə görüşdük. 

- Həmidə xanım, bilirik ki, xarici serialların yayımı dayandırıldıqdan sonra yerli seriallara diqqət və maraq artıb. Özünüzü serial aktrisası kimi görürsünüzmü ?

- Mən ümumilikdə, serialların tərəfdarıyam, amma yaxşı serialın. Əyləncədən daha çox ciddi serialların tərəfdarıyam. Özüm də indi Türkiyə istehsalı olan “Muhteşem yüz  yıl”, “ Öyle bir geçer zaman ki” seriallrını izləyirəm. İstərdim ki, Azərbaycanda da o texniki səviyyədə, o cür imkanlarla seriallar çəkilsin. Serialların çəkilməsi müsbət haldır  - həm illərlə işsiz qalan aktyorlarımıza iş olar, həm də gənc aktyorlarımıza öz istedadlarını ortaya qoymaq üçün şərait yaranar. Biz də birdən birə məşhur olmamışıq ki? Filmlərə çəkildikcə tanınmışıq. O istedadları ortaya çıxarmaq üçün şərait lazımdır. Amma yaxşı daramaturgiya, mövzu yoxdur. Tamaşaçını maraqlandıran, narahat edən mövzulara müraciət etmək lazımdır. Adətən, biz serialdakı talelərlə öz taleyimizi müqayisə edirik.Onların taleyinə biganə qala bilmirik. Tamaşaçını narahat edən, düşündürən seriallara ehtiyac var. Əyləncəli seriallar da lazımdır, çünki həyatımız yetərincə gərgindir və dincəlmək də lazımdır. Amma bütün serialların bu tipli olması yaxşı hal deyil. Belə serialların çəkilməsi təbii ki asan başa gəlir, eyni aktyorlar, eyni məkanlar,  eyni mövzualar. Amma ciddi, məsələn, tarixi bir serialın çəkilməsi üçün külli miqdarda maliyyə vəsaiti lazımdır.

- Deməli, cəmiyyətdə birmənalı qarşılanmayan məlum qərarın tərəfdarısız.

- Bəli, bu qərardan razıyam  və  belə islahatlara sevinirəm. Vaxtilə Latın Amerikası serialları bütün dünyada yayımlanmmağa başladı, sonra Rusiya serialları meydana çıxdı, sonra isə artıq 2000-ci illərdən etibarən Korea istehsalı olan seriallar bütün dünyaya meydan oxudu. İndi isə artıq şərq kinosu , serialları Türkiyənin timsalında uğur qazanmağa başlayıb. Bilirik ki, kino sahəsində də Avropa və Amerika kinoları üstünlük təşkil edirdi. Lakin son illərdə  iran və Türkiyə kinoları da beynəlxalq arenada özünə yer edib. Şərq kinosu artıq inkişaf etməkdədir. Bu, Azərbaycan kinosunda da öz əksini tapmalıdır. Çünki artıq musiqi, idman sahəsində dünya üzrə öz  yerimizi tapmışıq. Növbə kinonundur. Televiziya, kino və incəsənət elə bir unikal sahədir ki, istənilən problemi bu vasitə ilə dünyaya çatdırmaq olar. Digər ölkələr təbliğat vasitəsi kimi kinodan daha çox istifadə edirlər. Ermənistan kintmatoqrafları İtaliyanın məhşur rejissorları Fabiano qardaşları ilə birgə türk dünyası adına ləkə salacaq bir film çəkdilər. Avropanın əli ilə indi də öz siyasətlərini yeridirlər.  Biz də öz həqiqətlərimizi dünyaya bu yolla çatdıra bilərik. Onlar kimi şər atmaq yolu ilə deyil, sadəcə, həqiqətləri dünyaya çatdıra bilərik. Seriallarımız  o qədər maraqlı və peşəkar olmalıdır ki, onalrı dünya bazarına çıxara bilək. Sənədlər zsasında göstərmək maraqsızdır. Bədii yolla, obrazlarla ifadə etmək daha baxımlıdır.

- Dövlət seriallara maliyyə ayırıb. Bəs filmlərimizin vəziyyəti nə yerdədir?  

- Filmlərdə bu gün gənclər yer alır. Bizim çəkildiyimiz dövrdən fərqli olaraq, indiki rejissorlar zamanın nəbzini tutmağa çalışırlar. Lakin onlar  da  tamaşaçını narahat edən mövzulara toxunmalıdırlar. Bizdə rejissorla ssenari müəllifləri arasında bir-birini başa düşməmək  problemi var. Yəni tandem çox nadir hallarda olur. İndi komanda işi yoxdur. Ssenarini özününküləşdirsən də ondan uzaqlaşmaq, öz bildiyini çəkmək heç də uğurlu yol deyil. Yapon rejissoru Akira Kurasava Şekspiri ekranlaşdıranda əsərin ruhunu, ideyasını, ab-havasını elə qorumuşdu ki, yapon aktiyorları , aktrisaları oynasalar da, inanırdın ki, bu, Şeksiprdir. Rejissor və ssenarist arasında olan anlaşılmazlıq birinci problemdir. İkinci problem aktyor oyunudur.  Xaricdə məhz aktyor seçimi ilə məşğul olan xüsusi mütəxəssislər var. Hər rolun ruhuna uyğun aktyor seçimi aparılır. Həmçinin, bəzən maraqlı ssenarilər olsa da, onların maraqlı ekran həllini görmürük. Hərdən də əksinə,  rejissor maraqlıdır, amma ssenari maraqlı deyil. Bu mənada, bizdə problem hələ çoxdu.

- “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilişləri tamamlanıb. Bu film barədə nə düşünürsünüz?

- Bu filmin hazırda səsləndirmə prosesi gedir. Çox təəssüf edirəm ki, birinci hissədə oynadığım Telli obrazından burada əsər-əlamət qalmayıb. İkinci hissədə iki kiçik epizodda yer almışam. Doğrusu, əvvəlcə,  buna etitaz etmişdim, filmdə çəkilmək istəmirdim, lakin aktyor  yoldaşlarım məni yola gətirdilər. Səhnələrin artırılacağını demişdilər, lakin belə olmadı . Bu filmdə mənim xoşbəxt ailəm, 3 övladım var. Amma burada filmin kişi qəhrəmanlarına daha çox yer verilib. Birinci film necə uğurlu alınıbsa, çox istərdim ikinci də elə uğurlu olsun. Bunu isə film ekranlara çıxanda biləcəyik.

- Çox təəssüf ki, siz, ümumilikdə, sizin nəsil kinoaktrisalar ən  məhsuldar vaxtlarında kinodan kənarda qaldılar. Sualım da elə bu məqamdan doğur - ürəyinizdə qalan bir obraz oldumu?

- O qədər... Məsələn, gənc vaxtlarımda  Çalıquşunu oynamaq istəmişəm. “Roma tətilləri” filminin azərbaycansayağı variantında çəkilmək isətmişəm. Mən tək deyiləm. Biz böyük bir nəsilik və sanki itirilmiş bir  nəsilik. İndiki filmlərdə ya cavanlar,  ya da həddindən artıq yaşlı qadınlar rol alır. Bizim yaşda qadınların problemləri ortaya qoyulmur. Elə bil,Azərbaycanda biz yaşda qadın yoxdur. Elə bil, onların problemləri, onların həyatı yoxdur. Amma biz varıq, biz də anayıq, övladlarımız var, onalrın problemləri ilə əlləşib-vuruşuruq. Amma bu, kinoda  əksini tapmır. Baxın xarici ölkələrin film sektoruna. Orada hər yaş təbəqəsindən xanımların həyatı canlandırılır. Məsələn, elə “ Muhteşem yüz yıl”v serialında kiçik qız uşağından tutmuş, yeniyetmə,  gənc xanım, orta yaşlı, yaşlı, çox yaşlı qadınlara yer verilir. Filmlərə və seriallara gənclərlə yanaşı peşəkarları da cəlb etmək lazımdır.

- Bəlkə aktyor oyununun alınmamasının səbəbi seriallarda daha çox teatr aktyorlarının çəkilməsidir?

- Yox, aktyor teatrda da oynaya bilər, serialda da. Bu süniliyin səbəbi aktyor deyil. Məsələn, “Susmuş vicdan” serialında rejissor həm ikinci rejissor, həm operator köməkçisi, həm baş rol ifaçısı idi. Bu isə aktyorun oyununa xələl gətirir. Serial çəkilişində  bu işlərlə ayrıca mütəxəssis məşğul olmalıdır. Aktyor  isə obrazını canlandırmalıdır. Bizdə maliyyə çatışmazlığı ucbatından 5 nəfərin işini bir nəfər görür,  ona görə də nəticə istənilən kimi olmur. Filmin uğuru üçün texniki baza da lazımdır. İşıqlandırılmadan tutmuş, kameralara qədər. Məsələn, çox ağır bir səhnəni - ölüm səhnəsini çəkirik. Bunu oynayıram, mənə deyirlər ki, stop, indi də bunu çəkirik orta planda. Bir də oynayıram, yenə deyirlər, stop, indi də iri planda. Və mən atrıq bayaqkı həvəslə oynaya bilmirəm. Süni alınır. Bütün enerjimi birinci səhnə çəkiləndə sərf edirəm. Artıq eyni səhnəni 3 dəfə oynayanda süni alınır.Bu, həm rejissora, həm də aktyora əziyyətdir.

Nuranə Rəhimova
Turanə Zeynallı
BSU-nun tələbələri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür