Modern.az

Müğənni Nurlan Əzizbəyli: “Efirlərdə üzdəniraq oxuyanlar çoxdur...” – MÜSAHİBƏ

Müğənni Nurlan Əzizbəyli: “Efirlərdə üzdəniraq oxuyanlar çoxdur...” – MÜSAHİBƏ

Mədəni̇yyət

29 May 2012, 15:47

"Bəlkə nə vaxtsa mənə də fəxri ad verəcəklər..."

Bir zamanlar bu müğənni məşhur idi. Ələxüsus da 90-cı illərdə. Doğrudur, indi də onu tanıyanların, sevənlərin sayı az deyil. Amma... Sonradan nə baş verdisə, o da bir çoxları kimi kənara çəkildi. Beləliklə, "Mübahisə" rubrikasının doqquzuncu qonağı istedadlı müğənni Nurlan Əzizbəylidir.

- Bir neçə ildir ki. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının solistiyəm. Ansamblla bir neçə xarici ölkələrə səfərlərimiz olub. İyul ayının 15-də Mədəniyyət və Turizm Nazirliyini xəttiylə Birləşmiş Ərəb Əmirliklərinə səfərimiz olacaq. Hazırda mütəmadi şəkildə məşqlərimiz gedir. Orda bir neçə şəhərlərdə konsertlərimiz nəzərdə tutulur. Payızda isə Fransada keçiriləcək dövlət konsertlərində iştirak edəcəyəm. Həmçinin yeni diskimi məni sevənlərin ixtiyarına verəcəyəm. Diskdəki mahnıların böyük əksəriyyətinin həm musiqisi. həm də sözləri özümə aiddir. Diskdə illər öncə oxuduğum mahnılar yeni aranjemanda dinləyicilərə təqdim olunacaq. Payız aylarında Filarmoniyada keçirməyi planlaşdırdığım konsertimə də böyük hazırlıqlar gedir. Həm Xalq Çalğı Alətləri Ansamblıyla, həm də estrada qrupuyla ifalarım olacaq.

- Konsertin baş tutacağına inanrsınız? Çünki xeyli müddətdir diqqətdən kənardasınız.

- Nə vaxt konsert vermişəmsə, tamaşaçısız qalmamışam. Təvazökarlıqdan uzaq olmasın, amma həmişə məni el şənliklərində də görən insanlar konsertimin nə vaxt olacağını soruşublar. Bu gün əsl sənət, əsl səs çox azdır. Bildiyiniz kimi efirlərdə üzdəniraq oxuyanlar çoxdur. Əsl sənət bir qədər arxa plana keçsə də, xalq pisi yaxşıdan ayıra bilir. Ona görə də yaxşı sənətə, yaxşı səsə hər zaman ehtiyac var. Artıq öz tamaşaçımın intizarına son qoymaq istəyirəm. Hər zaman bir devizim olub-tamaşaçını yormaq lazım deyil.

- Nurlan Əzizbəyli 90-cı illərin əvvəllərində populyarlıq qazandı, "7-17" müsabiqəsində iştirak etdi və birdən də yoxa çıxdı...

- "7-17" telemüsabiqəsində mən müsabiqədənkənar qonaq kimi iştirak eləmişəm. O müsabiqədə İzzət Bağırov, Aynur Dadaşova, Xəyalə Manaflı olub. Ona qədər bir neçə beynəlxalq müsabiqələrdə, yerli yarışmalarda birincilik qazanmışam. "Odlar Yurdu Bakı-90" populyar musiqi müsabiqəsinin laureatı olmuşdum. Həmin vaxt münsiflər heyətinin sədri rəhmətlik Rafiq Babayev, Tofiq Quliyev idi. Məhz bu müsabiqədən sonra böyük səhnələrə vəsiqə almışam. 1985-ci ildən peşəkar səhnədəyəm.

- Sizin cəmi 35 yaşınız var. Necə ola bilər ki, 27 ildir səhnədəsiniz?

- 27 ildir sənətdəyəm.

- 8 yaşlı bir uşağın səhnədə olmasını peşəkarlıq saymaq olar?

- Olar. Mən böyük səhnədə olmuşam. Mərhum bəstəkar Əfsər Cavanşirovun rəhbərliyi altında "Bənövşə" uşaq xorunda da oxumuşam. Ölkəmi hər zaman beynəlxalq səhnələrdə, festivallarda, müsabiqələrdə uğurla təmsil eləmişəm.

- İllərdən danışmaqda çox güman ki, siz də fəxri ad məsələsinə eyham vurursunuz.

- Eyham vurmaq deyəndə ki, mən oxuyanda bəzi Xalq artistləri, Əməkdar artistlər heç səhnədə yox idilər. Mən uşaqlığımı, yeniyetməliyimi bu sənətə vermişəm. Döyüş bölgələrində konsertlərdə iştirak eləmişəm. Dəfələrlə olub ki, fəxri ad daşıyan sənətçiləri Goranboyda, Tərtərdə keçirilən konsertlərə dəvət ediblər. amma imtina olunub. Mənsə hər zaman canla-başla razılıq vermişəm. Bəlkə nə vaxtsa mənə də fəxri ad verəcəklər. Amma hər şey zamanında gözəldir.

- Razılaşırsınız ki, Ramiz Əzizbəylini qardaşı oğlu olmasaydınız, dedikləriniz də olmayacaqdı?

- Yox, razı deyiləm. Çünki Ramiz müəllim özü də dəfələrlə deyib ki, “Nurlan mənim qardaşım oğlu olsa da, sənətdə ona heç bir köməkliyim dəyməyib”. Mən nə uğur qazanmışamsa, sənətimin və ifa tərzimin hesabına olub. Başqaları kimi dayıma, əmimə güvənib iri addımlarla qabağa getməmişəm.

- 27 il ərzində tamaşaçının yadında, düşüncəsində qalan hansısa mahnınız olub?

- 1990-cı ildə keçirilən müsabiqədə ifa elədiyim bəstəkar Ələsgər Abbasovun "Qayıt ata" mahnısını bu gün də konsertlərdə, toylarda məndən istəyirlər.

- 27 ilə bir yaddaqalan mahnı çox azdır.

- Çox yaddaqalan mahnılarım olub. Amma bu mahnı mənim vizit kartımdır, sənət pasportumdur. Mənim çox mahnılarım var. Sadəcə efirlərdə çox səslənməyib. Düşünürəm ki, insan mahnıyla yox, öz səsiylə, ifa tərziylə yadda qalmalıdır. Sözünü demiş, təcrübəli müğənnilərimiz var ki, mahnıları tanınır, 5-10 gündən sonra yaddan çıxır.

- Ünvanlı danışsanız daha yaxşı olar. Çünki dediyiniz sözü ya hər kəs özünə götürür, ya da heç kim.

- Ünvanlı danışsam bizim müsahibəmiz bitməyəcək. Çünki belələri həddən artıq çoxdur. Mənim nə sənətə yeni gələn, nə də təcrübəli müğənnilərlə rəqabətim, intriqam var. Hamısıyla gözəl münasibətim var.

- Rəqabət olmayan yerdə inkişaf da olmaz.

- Mən hər zaman demişəm ki, sənətdə olan hər kəsin mütləq ali musiqi təhsili, savadı olmalıdır. Mən özüm Konservatoriya bitirmişəm, ali dərəcəli müğənniyəm. Opera sənətimizin incilərindən bəhrələnmişəm, dərs almışam. Hazırda təhsil ocağında dərs deməsəm də, özümün gözəl tələbələrim var.

- Bu qazanc xatirinədir, yoxsa bir hobbidir?

- Düzünü deyəcəm. Həm qazanc xatirinədir, həm də müəllimlərindən öyrəndiklərimi kimlərəsə öyrətmək istəyirəm.

- Kimsə sizin tələbəniz olmaq üçün nə qədə pulundan keçməlidir?

- Mənimçün pul əsas deyil. O müğənnin səsi, istedadı varsa, ondan sonra onunla işləyirəm. Bəzən gəliblər ki, “mən sizdən dərs öyrənmək istəyirəm, hər ayın məvacibi nə qədər olacaq?”. Nahaq yerə kimdənsə pul almaq istəmirəm.

- Əgər dediyiniz meyarlara cavab verirsə?

- Qadınlarla işləmək çətin olduğuna görə qiymət 300-500, kişilərlə isə 200-300 arasında dəyişir.

- Hazırda nə qədər tələbəniz var?

- 10-a yaxın tələbəm var. Amma onlar tanınmış deyillər. Tələbələrim arasında ali məktəbə hazırlaşanlar da var. Hər zaman tələbələrim kimi konsertlərdə, verilişlərdə yanımda olacaqlar.

- Məncə Nurlan Əzizibəylini və digər istedadlı müğənnilərin meydandan çəkilməsinin bir səbəbi var idi. Toylara getmək, pul qazanmaq.

- Sənətə gələndə düşünməmişəm ki, toy müğənnisi olum.

- Əlbəttə. Çünki 8 yaşlı bir uşaq bunu düşünə bilməzdi. Mən sonrakı dövrləri deyirəm.

- Mən lap uşaqlıqdan atamla məclislərə getmişəm. Onun da gözəl səsi olub. Amma heç vaxt toy müğənisi olmağı düşünməmişəm. Amma dövlət müəssisələrindən qazandığım o qədər çox deyil ki, həmin ailə saxlayım, həm karyeramı qurum.

- Axı niyə bizim sənət adamları hər zaman maddi durumlarından gileylidirlər?

- Məsələn, Türkiyədə sənətçilərini çox gözəl dolandırırlar.

- Türklər sənətçilərini nəylə dolandırırlar?

- Mənim burda buraxdığım diskin mənə heç bir xeyri olmur.

- 70 milyonluq ölkədə buraxılan disklə 9 milyonluq ölkədə buraxılan diskin gəlirində fərq olmalıdır

- Axı bizə heç ordakının 50 faizini də vermirlər...

- 70 milyonluq Türkiyənin 70 müğənnisi var. 9 milyonluq Azərbaycanın isə 90 min.

- Mən deyərdim ki, 9 milyonluq ölkənin 7 milyonu oxuyur. Səs, sənət oldu-olmadı kompüterlə nələrsə edib ortaya çıxırlar.

- Bilirsiniz bunun səbəbi, təqsiri kimlərdədir? Yaşlı sənətkarlar oxuya bilməyənləri bir-iki dəfə yanlarına salıb efirlərə çıxarırlar. Təbii ki, müəyyən məbləğ qarşılığında.

- O düzdür. Ad açıqlamaq istəmirəm. Amma onlar da maddi ehtiyac ucbatından belə edirlər.

- Bəs onda biz kimi qınayırıq?

- Mən telekanallarımızı qınayıram. Əvvəl dövlət kanalı idi ki, ora da sənəti olanları buraxırdılar.

- Əgər hansısa sənətkar 5-10 manata görə yararsız birini müğənni kimi tərifləyirsə, telekanalın nə təqsiri var?

- Hansısa sənətkar pula görə bir üzdənirağı tərifləyirsə, o sənətkar deyil. O da özünü təriflədiyinin səviyyəsinə salır. Mənim özümə neçə-neçə təcrübəli xanım sənətçilər müraciət ediblər. Amma kiminsə kölgəsində qalxmaq, görünmək istəməmişəm.

- Yenidən qazanc məsələsinə qayıdaq. Belə anladım ki, əsas gəliriniz toylardandır.

- Bəli. Bir də Nazirliyin tədbirlərində iştirak edəndə yüksək məbləğdə qonorarlar yazılır.

- Məsələn?

- 500 -1000 manat arası qonorar yazılır. Bu mənim Filarmoniyadan aldığım məvacidən qat-qat çoxdur. Məsələn, illərdir çalışdığım Filarmoniyadan 193 manat alıram. Toylara getməsəm, o pulla dolana bilmərəm. Sənətçiyəm, gözəl geyinməliyəm. Mahnıların yazılışına da xeyli pul lazımdır.

- Mahnıları özünüz yazırsınız axı.

- Aranjemanı özüm eləmirəm. Bu dəqiqə aranjemanın ən aşağı qiyməti 800-1000 manat arasıdır. Türklərin aranjemanına qulaq asırıq. Oxumayan adamı da oxutdurur.

- Toy qonorarınız nə qədərdir?

- Mən bəzi toylara pulsuz da getmişəm. Amma normalda ansamblımla toya 3-4 min manata gedirəm. Aparıcılığı da özüm edirəm.

Yusuf Yusufbəyli 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir