Modern.az

Nazirliklərin “Qaynar xət”lərindən hansı daha operativdir?

Nazirliklərin “Qaynar xət”lərindən hansı daha operativdir?

29 May 2012, 16:54

Bəzən hansısa problemimizin tez bir zamanda həll olunmasını istəyirik. Daha doğrusu, elə suallar, yaxud problemlər yaranır ki, bunların həlli operativlik tələb edir. Son illər dövlət orqanlarında “qaynar xət”lərin yaradılması da bu məqsədi güdür. Məhz bu “xətlər” vasitəsilə vətəndaşlar istədikləri suallara telefondaca cavab alır, yaxud problemlərinin həll edilməsini bu xidmət vasitəsilə gerçəkləşdirir.

Maraqlıdır, görəsən hansı dövlət orqanlarının “qaynar xətt”i vətəndaşların problemini yerindəcə “isti-isti” həll etməyə qadirdi, hansı qurumlarda isə vətəndaşların dərdlərinə “soyuq” yanaşılır?

Modern.az-ın əməkdaşı suala cavab tapmaq məqsədilə kiçik bir araşdırma aparmağa çalışıb.

Saat 11.00 radələridir. İlk müraciət etdiyimiz ünvandan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xətt”inin (142) o başından sualımızı cavablandıran tapılmadı. Daha doğrusu dəstəyi qaldıran olmadı.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 193 saylı “qaynar xətt”inə dəfələrlə etdiyimiz zənglərə də cavab verən tapılmadı.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 nömrəli “qaynar xətt”i isə sualları cavablandırmaqda operativlik göstərir. Belə ki, bu “qaynar xətt”ə edilən müraciətlər dərhal operatorlar tərəfindən cavablandırılır. Bunu ora etdiyimiz zəngə dərhal verilən cavabdan hiss etdik.

Fövqaladə Hallar Nazirliyində vətəndaşların problemlərinə laqeyd yanaşmadığı bəlli oldu. Fövqaladə hallarla qarşılaşan istənilən vətəndaş günün istənilən saatında 112 saylı telefona zəng edib dərdini deyə bilər. Biz də bu “qaynar xətt”ə asanlıqla düşdük, dərhal da sualımızı cavablandırdılar.

Vergilər Nazirliyinin 195 saylı telefon xidməti də hər zaman vətəndaşların qulluğunda hazır imiş. Zəng etdik, yoxlamaq üçün müəyyənləşdirdiyimiz suala lazımi cavabı ala bildik.  

Uzun müddətdir ki, fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun “qaynar xətt”i də deyəsən vətəndaşların suallarını cavablandırmağa həvəs göstərmir. Saat 11.30 radələrində Fondun 190 saylı “qaynar xətt”indən səsimizə səs verən tapılmadı. Telefon xəttinin o başındakı “avtootvetçik” ingilis dilində nəsə deyəndən sonra dəstək asıldı..

Dövlət Sosial Müdafiə Fondunun qaynar xəttindən fərqli olaraq 104 saylı qaz qəza xidmətinin operatoru operativ çıxdı. İlk cəhddəcə xəttin o başından səsimizə səs verdilər.

“Bakıelektrikşəbəkə”nin 199 saylı  “qaynar xətt”i də vətəndaşlara dərhal cavab verən xidmətlər sırasındaymış. Bunu özümüz də yoxladıq.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin “qaynar xətt”i (497 15 01,  497 15 04) ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran tapılmadı. Bəlli oldu ki, istehlakçı hüquqlarınız pozulduğu təqdirdə, heç bu nömrələri yığmağa dəyməzmiş.

Ekologiya və Təbii Sərvətlər Nazirliiyinin 168 saylı telefonuna istənilən vaxt zəng edə bilərsiniz. Operator xanım sizin dediyinizi dinləyəcək.

Ombudsman Aparatının uşaq hüquq pozuntusu ilə bağlı 916 saylı “qaynar xətt”inə müraciət etməyə dəyməz. Heç demə uşaq hüquqları pozulduğu təqdirdə, bu nömrələri yığmaq sadəcə vaxt itgisidir. Çünki telefonun dəstəyini qaldıran olmayacaq. Amma Aparatın işgəncələrə qarşı (050) 370 98 96 saylı telefonu günün 24 saatı qulluğunuzda hazırdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 598 08 98 saylı “qaynar xətt”ində də zəngimizi isti-isti cavablandırdılar.

Təhsil Nazirliyinin də bu məsələdə RİTN-dən geri qalmır. Elə ilk cəhdimizdəcə zəngimizə cavab verdilər.

Səhiyyə Nazirliyinin 168 saylı nömrəsi qulluğunuzda hazırdı. Dərmanlarla bağlı sualınız, yaxud hansısa həkimdən narazılığınız olanda nazirliyin “qaynar xətt”nə zəng etməyi unutmayın.

Gömrük Komitəsinin 192 saylı nömrəsi də istənilən vaxt vətəndaşların suallarını cavablandırmağa hazır imiş. Halbuki,bunu gözləmirdik.

Hərbi çağırışla bağlı müəyyən dəyişikliklər olduğundan indi hər hansı sualınız yaranarsa,Müdafiə Nazirliyinə deyil  Səfərbərlik  və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. Amma İdarə yeni yarandığından “qaynar xətt”i fəaliyyətə başlamayıb. Bununla bağlı hər hansı sualınız yaransa, hələ ki, 493 39 96 nömrəsinə  zəng edə bilərsiniz. Bu nömrədə oturan operator yerindəcə sualınızı cavablandıracaq.  

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu