Modern.az

Prezident təqaüdü alacaq yazıçı və şairlərin siyahısı nazirə verildi

Prezident təqaüdü alacaq yazıçı və şairlərin siyahısı nazirə verildi

31 May 2012, 16:02

Azərbaycan Yazıçılar Birliyi yazıçı və şairlərə prezident təqaüdü verilməsi üçün hazırladığı siyahını artıq Mədəniyyət və Turizm Nazirliyinə göndərib. Bu haqda Modern.az saytına Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

“Biz artıq neçə vaxtdı ki, təqaüdə düşən yazıçı və şairlərin adlarından ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik “ – deyə Ədalət Əsgəroğlu bildirib. Yazıçılar Birliyi təqaüd alacaq şəxslərin adlarını hələki açıqlamaq istəmir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a açıqlamasında deyib ki, prezident təqaüdü veriləcək yazıçı və şairlərin siyası artıq mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim olunub: “Siyahı təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq“. İ.Hümbətov deyib ki, nazirin siyahını yaxın zamanlarda təsdiqləyəcəyi gözlənilir.

Xatırladaq ki, hər il Azərbaycan Yazıçılar Birliyinin 70 üzvü prezident təqaüdünə layiq görülür. Bir il ərzində 50 yaşlı şair və yazıçıya 300 manat, 20 gənc yazıçı və şairə 200 manat təqaüd verilir.
Yazıçı və şairlərə bir il müddətinə verilən təaqüdlərlə bağlı siyahıların hazırlanması həmişə qalmaqalla müşayiət olunub. Həm AYB daxilində, həm də AYB-dən kənarda bu siyahılara etiraz edənlər olduqca çoxdur. Özünü prezident təqaüdünə layiq bilənlərin sayı çox olsa da, təqaüd yalnız AYB üzvü olan yazarlara verilir.
   
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sayı 2000 nəfərdən çoxdur.
Azərbaycan yazıçılarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün prezident təqaüdü 2007-ci ildən verilir. 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı