Modern.az

“Ovqat”ın aparıcısı Səyyarə Səyyaf: “Belə cəsarətlə danışmağımın səbəbi var...” - MÜSAHİBƏ

“Ovqat”ın aparıcısı Səyyarə Səyyaf: “Belə cəsarətlə danışmağımın səbəbi var...” - MÜSAHİBƏ

31 May 2012, 16:40

”Elə bil hər həftə imtahan verirəm...”


Modern.az saytının tanınmış teleaparıcılarla söhbəti davam edir. Bu dəfəki müsahibimiz AzTV-dəki məşhur “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyafdır.

- Sizinlə bağlı çox az məlumata rast gəldik. Ona görə də əvvəlcə özünüz barədə saytımızın oxucuların məlumat vermənizi istərdik.

- Özüm baradə onu deyə bilərəm ki, 1979-cu ildə Qarabağda həyata göz açmışam. Amma yeniyetməlik dövrüm Qubada keçib, yəni orta məktəbə də orada getmişəm. Məktəbi bitirən ili Bakının 2 nömrəli Tibb Texnikumunun Əczaçılıq fakültəsinə daxil oldum. 1998-ci ildə isə Təfəkkur Unversitetinin Jurnalistika fakültəsinə qəbul olub, təhsilimi orada davam etdirdim. 2002-ci ildən isə əmək fəaliyyətinə başlamışam. “Lider” TV, İTV-də, bu gün isə AzTV-də qərar tutmuşam.

- Texnikum və daha sonra universitet bitirmisiniz, həm də ayrı-ayrı ixtisaslar üzrə. Əczaçılıqdan jurnalistikaya meyl nədən yarandı?

- Atam əczaçılıq sahəsində olduğu üçün öncə onun təkidi ilə bu sahədə təhsil aldım. Amma oxudugum illərdə hiss edirdim ki, özümü orada görmürəm. Daha sonra sevdiyim ixtisası, yəni jurnalistikanı seçdim. Ümumiyətlə, insan öz  yerində olanda daha çox rahatlıq tapır. Necə deyərlər,

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Allah şair Qabil müəllimə  rəhmət eləsin.
İstəmədiyi istəyə özünü pərcimləyib yaşamaq insana əzabdan başqa heç nə gətirmir. Az olsun, amma ürəyincə olsun, məzmunlu olsun. Mənim hər mənada həyat prinsipim budur.

- Bu gün jurnalistikada tibb sahəsindən gələnlər televiziyada aparıcı mövqelərdə yer alırlar, uğura imza atırlar. Onlardan birini də sizi hesab etsək, sizcə bunun səbəbi nədir?

- Mən bu fikrin əksini deyərdim. Nə fərq edir hansı təhsil ocagından gəlirsən? Qabiliyyət, istedad və məsuliyyətin parametrləri diplomla ölçülür ki...? Əlbətdəki yox. Süddən yağ da alınır, ayran da…

- Jurnalist kimi aliyyə“Lider” TV-dən başlamısınız, ora seçilməniz necə oldu?

- Düzdür, əmək fəaliyyətinə “Lider” telekanalından başladım. O zaman unversitetdən televiziyalara təcrübəçi kimi göndərilirdik. Mən də təcrübədə aktiv iştirak etdiyim üçün “Lider”  TV-dən onlarla əməkdaşlıq etmək təklifi aldım. Və beləliklə ilk jurnalist fəaliyətimə burada müxbir olaraq başladım. Daha sonra bir müddət də “Xeyli xəbər” verilişinin aparıcısı olaraq işlədim. Ümumilikdə “Lider” televiziyasında 3 il fəaliyyət göstərmişəm.

- “Lider”i İctimai Televiziyaya dəyişməyiniz nə ilə bağlı oldu? İTV yarananda dəvət olunmuşdunuz, yoxsa özünüz müraciət etmişdiniz?

- İctimai Televiziyaya gəlişim jurnalistlərin sevdiyi çox dəyərli müəllim, mərhum Valid Sənanin istəyi ilə oldu. Ora gəldiyim gündən dörd il yarım müddətində “Ovqat” verilişinin aparıcısı oldum.

- “Ovqat” verilişi necə ərsəyə gəldi, ideya necə yarandı, ətraflı danışa bilərsiniz?


- Verilişin layihəsi öz ideyamdır. Bu da poeziyaya, musiqiyə son dərəcə sevgimin təzahüründən doğub. Adının isə uzun müddət-20 ilə yaxın Azərbaycan radiosunda Gülsüm Əhmədqızının təqdimatında yayımlanan eyni adlı proqramdan götürmüşəm. Həmin proqram bu gün də efirə gedir. Məzmun fərqli olsa da, ad “Ovqat”dır. Elə bu hər şeyi deyir.

- “Ovqat” yayıma başlandığı gündən teleməkanda ən baxımlı verilişlərdən biridir. Siz bu uğuru nədə görürsünüz?

- Uğur ilk növbədə qonaq seçimindədir. Bundan sonra isə verilişə nə dərəcədə hazırlaşmağın önəmli rol oynayır. Tamaşaçını heç vaxt aldatmaq olmaz. Həyatda, efirdə ruha həmişə zühr edən səmimiyyətdir. O varsa, onu qorumağı bacarırsansa, səndən heç vaxt usanmayacaqlar.
Layihə ilk olaraq İTV-də yayımlamağa başladı, bu gün isə AzTV-də davam edir.

- İTV-dən AzTV-yə gəlməyiniz nə ilə bağlı oldu? Bildiyimiz qədər həmin ərəfədə bununla bağlı xeyli qalmaqal yaşanmışdı.

- Qalmaqaldan danışmayaq. Çünki bura qədər yaxşı gəldik. Ümumiyyətlə, elə düşünürəm ki, çox istədiyi bir şey əlindən gedəndə hay-küy, dava-dalaş salmaq zəif adamlara məxsusdur. Nəticə göz qabağındadır.

- Elə İTV-dən AzTV-yə keçid dövründə bir müddət ekranlarda görsənmədiniz. Bu yaranacaq qalmaqalın başlanmasından xəbər verirdi?


- Bu arada olan fasilə cəmi 2 ay olub. Bu da çox üzr istəyərəkdən deyirəm, qızımla bağlı idi. Daha sonra 2010-ci ilin yanvarın 3-dən ana kanalımız olan AzTV-də “Ovqat” verilişi hər həftənin bazar günü yayımlanmaqla mən işimi davam etdirirəm.

- Məkan və kanal dəyişikliyi tamaşacılarınıza təsir etmədi ki?

- İnanin zərrə qədər yox. Əksinə Azərbaycan televiziyasında tamaşaçılarım daha çoxdur. Bu kanalın mənəvi dəyəri daha böyükdür. Gözümüzü açandan AzTV-ni görmüşük, buradan öyrənmişik və böyümüşük. Bu kanalda məsuliyyət insanın belini bükür. Niyə belə cəsarətlə danışdığımı soruşa bilərsiniz. Aldığım məktublar, eşitdiyim fikirlər elə bir neçə kitab qədərdir.

- Belə bir ifadə də işlədilir ki, “Ovqat” verilişi ağır verilişdir. Uzun illərdir ki, siz də bu veriliş aparıcısınız? Sizə bu verilişi aparmaq çətinlik yaratmır ki?

- Çətin deyil. Ona görə ki, işimə olan sevgim və məsuliyyətim şükürlər olsun ki, məni tərk etməyib. Elə olub ki, əhvalım olmayıb, amma kameraları görən kimi hər şey yadımdan çıxıb. Çox qəribədir ki, məndə olan bu sevginin izahı yoxdur.

- Qonaqlarınızı necə seçirsiniz? Onlarla danışacağıınız mövzular əvvəlcədən fikirləşib hazırlanır, yoxsa?

- Çəkiliş aparacağım qonaqlara əvvəlcədən görüşürəm, onların yaradıcılığı ilə dərindən tanış oluram. Elə bil hər həftə imtahan verirəm. Çəkilişdən qabaq ssenari tuturam, amma birdən elə olur ki, yazdıqlarım kağız üzərində qalır. Qonağın cavabları məni başqa fikirlərin istiqamətinə aparır. Atalarımız demişkən, söz-sözü çəkər, yəni əli ələ vuranda səs çıxır.

- Qonaqlarınız içərisində sizin üçün maraqlı olan, xoş təəssürat yaradanlar yəqin ki, çox olub.

- “Ovqat”da o qədər xoş məqamlar yaşamışam ki... Hər dəfə həyata, insanlığa, ümumiyyətlə bizi əhatə edən hər şeyə gözlə görünən və görünməyən pəncərələrdən baxırsan. Ömrə tək bir üzündən deyil, astar üzündən də baxmaq maraqlıdır. Yaranmış nəticələri səbəbin əlləri ilə çözmək istəyirik. Söhbətimizlə ömrü minnətdən ayırıb, hörmətlə, izzətlə hörürük.

- ”Ovqat”da maraqlı hadisələr də yəqin yaşamısınız, danışa bilərsiniz bu barədə?


- Maraqlı hadisələrə gəlincə, həddən ziyadə olub. Amma demək istəmirəm, çünki ardıcıl olaraq həmin xatirələri yazıram və sizlər onu oxuyacaqsınız.

- Bəs “Ovqat”da ovqatınızı pozanlar olub?

- Yox, pozanlar olmayıb. Çünki efirə təsadüfü qonaqlar çağrılmır. Amma bir məqamı qeyd edim ki, yaradıcı adamın nitqi əvəzsiz olmalıdır. Elə qonaqlarım olub ki, yazısı ilə nitqi üst-üstə düşməyib. Yəni əsərlərində, yazılarında daha maraqlıdır, nəinki adi ünsiyyətdə. Deməli, o şəxs yazı masasının arxasında daha məzmunludur.  Biri var qələm yaxşı yazır, biri də var dil. Dil yazmayanda mənə bir balaca əziyyət olur. Çünki yarım saat həm özümü, həm də həmsöhbətimi vəziyyətdən çıxarmaqla məşğul oluram. Soyuyan təbi xəlvətə çəkirik. Bunun özü də bir ovqatdır.

- Ümumiyyətlə, özünüz “Ovqat” verilişinin yerini teleməkanda harada görürsünüz?

- Təbii ki çalışdığım kanalda. Sözsüz ki, Allah tərəfindən verilən ömrün və planın iştirakçısıyam. İnankı heç vaxt istəklərimi planlı şəkildə qurmamışam. Bəlkə də bu halım yaradıcı ruhla bağlıdır. Daxilən azad yaşamağı bacarmışam. Qismətim nə olubsa, gözləmədiyim vaxtda gəlib.

- Gələcək üçün planlarınız nədir? Yeni layihələr fikirləşirsiniz?

- Ümumiyyətlə, sirr sandığının açarını axtaran heç vaxt inanmaz ki, o açar özünün gözləmədiyi, bilmədiyi yerdədir. Nə olsun ki, o, sandığın üstündə oturub. Xalq şairi Nəriman Həsənzadə - eləcə də digər yazarlar - mənə həmişə deyirlər ki, “ay qızım yaz bu söhbətləri kitab şəklinə sal, sonra gec olacaq”. Sevdiyim şair haqlıdır. Düşünürəm ki, çox dəyərli materiallarım var. Çətinlik də ondadır ki, çoxdurlar. Amma artıq başlamışam və İnşallah ərsəyə gətirib ortaya çıxara bilərəm.

- Bir az da ailəniz barədə.

- Atam ixtisasca iqtisadçıdır, anam isə pedoqoq. Ailədə 3 övladıq. Qardaşım hüqüqşunas, bacım ingilis dili müəllimidir. Bir də məni həyata iki əlli bağlayan 5 yaşlı qızım Selcan var.

- Ənənəvi sual olacaq, övladınızın yolunuzu davam etdirməsini istərdiniz? Yoxsa başqa sahəyə getməsini?


- Əksər adamlar deyir “yox istəməzdim”. Amma bu istəklə bağlı bir cığırdır. Düşünürəm ki, insan özünü hansı sənətdə tapacaqsa, ora da getməlidir. Arzularda zorakılıq olmamalıdır, hətta valideyin olsa belə...

- Deyilənə görə xanım jurnalistlər, xüsusilə aparıcılar mətbəxdə az zaman keçirirlər, bəs sizin mətbəxlə aranız necədir?

- Mətbəxlə aram əladan əladır. Hazırladığım yeməyi dadanlar deyirlər ki, əlimin duzu var. Ümumiyətlə, plov və balığı çox sevirəm. Elə deyəsən tez-tez hazırladığım yeməklər də onlardır.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımda ya teatra getməyə, ya da kitab oxumağa çalışıram. Başım kitab oxumağa o qədər qarışır ki, bir də görürəm qızım Selcan o biri otaqdan deyinə-deyinə gəlir ki, “Ana bəsdir də, ancaq kitab, “Ovqat”, mənə heç fikir vermirsən”. Küsür, qaş-qabağını tökür. Mən də özümü məzəmmət edib könlünü alıram. Yəni boş vaxtlarımda əsas onunlayam. Uşaqlar sual verməyi xoşlayırlar axı, belə olanda da ancaq onun suallarını cavablandırmaqla məşğul oluram.

- Verilişinizdən bəlli olduğu kimi, ədəbi yaradıcılığa çox bağlısınız. Ən son kimlərin kitabını oxumusunuz?

- Ədəbiyyatı sevirəm. Təzə sözün, fikrin vurğunuyam. Mədəni boş qoyanda adam necə olur? Ruh da hər gün eləcə doymalıdır. Hazırda isə Orxan Pamukun “Yeni həyat” romanını oxuyuram.

- Sosial şəbəkədən istifadə edirsiniz? Buna necə baxırsınız?

- Sosial şəbəkə aludəçisi deyiləm. Amma mənə lazım olanda istifadə edirəm.

- Hansı xarici ölkələrdə olmusunuz və ya olmaq istərdiniz?

- Olmaq istədiyim şəhərlər coxdur. Amma hazırda cox sevdiyim şəhər İstanbuldur. O şəhərin xatirələri mənə doğmadır.





Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar