Modern.az

Azərbaycanlı yazar- “Ermənilərin haqqımda yazdıqları məni şoka saldı” - Açıqlama

Azərbaycanlı yazar- “Ermənilərin haqqımda yazdıqları məni şoka saldı” - Açıqlama

4 İyun 2012, 14:56

Ötən gün axtarış saytlarında öz adımı rus dilində axtararkən qarşıma belə bir ünvan çıxdı: //azerichild.info/ (Azəri uşağı)

Doğrusu, saytda öz hekayə, pyes və köşə yazılarımı rus dilində görəndə xeyli təəccübləndim. Və saytın kimlər tərəfindən yaradılması haqqında məlumat almaq istədim. İlk baxışdan bu portalı Azərbaycan tərəfinin yaratdığı təəssüratı yaransa da, azacıq diqqətli internet istifadəçisi bunun növbəti erməni hiyləsi olduğunu görə bilər. Portalın dizaynında azərbaycanlı uşaqların müharibə mövzusunda çəkdiyi, müxtəlif sərgilərdə iştirak edən rəsm əsərlərindən istifadə olunub. Portalın “Ədəbiyyat (proza və poeziya)”, “Publisistika”, “Nağıllar”, “Dərsliklər” və s. adlı bölmələrində Azərbaycan müəlliflərinin erməni, Qarabağ problemi, qaçqın həyatı kimi mövzularda yazdıqları nümunələr yer alır. Ermənilər sanki bununla biz azərbaycanlıların uşaqlara nifrət aşılayan, düşmənçilik hissi ilə alışıb-yanan bir xalq olduğumuzu göstərmək istəyirlər. Portalda əsərləri yer alan müəlliflər arasında Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cabir Novruz, Fikrət Sadıq kimi məşhur isimlərlə yanaşı, gənc qələm sahiblərinə də rast gəlmək olar.

Əvvəlcə, onu deyim ki, tərcümələr kifayət qədər peşəkarlıqla edilib. Hiss olunur ki, saytın yaradıcıları azərbaycanlıdan qəddar millətçi, qaniçən obrazı yaratmaqdan ötrü çox çalışıblar. Amma hər yerdə olduğu kimi, bu məsələdə də iş erməni yalanı və saxtakarlığı olmadan ötüşməyib. Hər halda, mən müəllifi olduğum əsərlər haqqında bunu əminliklə deyə bilərəm.

İlk növbədə erməniləri həddindən artıq qıcıqlandıran “Mənim “düşmən” oyuncağım” pyesim haqqında fikir bildirmək istəyirəm.

//azerichild.info/literature_03.html - Bu linkdə tərcüməsi verilmiş pyesim haqqında həmçinin əlavə məlumatlar da var. Həmin məlumatlarda pyesimin guya Milli Məclisin dəstəyi ilə keçirilmiş Gənclərin Vətənpərvərlik Mövzusunda Birinci Ümumrespublika Teatr Festivalında qalib gəldiyi söylənilib. Əslində isə həmin festival çox hörmətli millət vəkilimiz Jalə Əliyevanın təşkilatçılığı ilə baş tutmuşdu və mənim pyesim heç bir yerə layiq görülməmişdi.

Ayrı-ayrı yazdığım tarixi faktlara (Çingiz Mustafayevin Xocalı reportajı haqqında, Andronik haqqında, İrəvan şəhəri barədə) “Azərbaycanda yayılmış mif” kimi qeydlər əlavə edilib.

Erməni yalanları haqqımda verilmiş məlumatlarda da özünü göstərir. //azerichild.info/authors.html#shabnam Burada mənim müəllim kimi çalışdığım göstərilsə də, əslində ömrümdə bircə gün də müəllimlik etməmişəm. Daha sonra, guya hekayələr toplumun ibtidai sinif uşaqları üçün müntəxabat kimi istifadə edilməsi yazılıb. Halbuki, mənim nəinki hekayələr toplum, heç bircə kitabım da yoxdur.

Həmin portalda yerləşdirilmiş yazılarımın heç birində düşmənçilik toxumları, faşistlik əlamətləri yoxdur. Əksinə, yazdığım bütün əsərlərin sonluğu oxucu üçün açıq qalır. Mən hər şeyi oxucunun öhdəsinə buraxıram. “Şpion” hekayəmdə Azərbaycan vətəndaşı olan və öz soydaşlarını lənətləyən erməni qadın haqqında yazmışam. Bu mövzu saytda yerləşdirilmiş “Azərbaycansayağı düşmənçilik” köşə yazımda da davam etdirilir. Ümumiyyətlə, hər yazımda göstərmək istəmişəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan, bu dövlətin ərazi bütövlüyünü, qanunlarını tanıyan istənilən şəxsə millətindən asılı olmayaraq hörmətim var. Bu bizim dövlətin mövqeyi olduğu kimi, ayrı-ayrılıqda hər bir vətəndaşın da fikridir. Mənim düşmənim ərazi bütövlüyümüzə təcavüz edən, torpaqlarımızı işğal edənlərdir. Əgər ermənilər indiyə qədər dövlətimizin də dediyi bu fikri anlamayıblarsa, mənim yazılarımın da onlar tərəfindən belə qəbul edilməsi normal olmalıdır.

Saytın “Publisistika” bölümündə “Şəbnəmin ermənilər haqqında düşüncələri”  //azerichild.info/publicism_04.html başlığı adı altında “Gündəlik Bakı” qəzetində dərc olunmuş 3 müxtəlif köşə yazımdan parçalar verilib. Həmin yazıları bütövlükdə oxumayan kəslərin kiçik parçalar əsasında mənə hansı qiymət verəcəkləri məlumdur.

Yazılarım Ermənistanın ən böyük və məşhur forumlarından olan //forum.openarmenia.com- da müzakirəyə çıxarılıb. O forumda haqqımda informasiyalar verilir, fotolarım yerləşdirilir və ünvanıma təhqiramiz ifadələr işlədilir. Forumun haqqımda yazılan bir neçə səhifəsini bura qeyd edəcəyəm.

//openarmenia.com/blog/corps-diplomatique/1807.html

//openarmenia.com/blog/corps-diplomatique/1804.html

//openarmenia.com/my/ardzan/comment/page150/

//forum.openarmenia.com/topic/31569-%D0%B8%D0%B3%D1%80%D1%8B-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D1%85-%D0%B4%D0%B5%D1%82%D0%B5%D0%B9/

//openarmenia.com/my/noi/comment/page163/

İstərdim ki, belə məsələlər diqqətdən kənarda qalmasın. Heç olmasa bu portallara yanlış informasiya verdikləri və insanları sapdırmaqla məşğul olduqları üçün hər hansı bir xəbərdarlıq edilsin. Şuşalı Üzeyir bəyi ləzgi kimi göstərən, Sabirin satiralarından bizə qarşı istifadə edən belə internet resurslarına qarşı mübarizə aparmaq lazımdır.

Şəbnəm Xeyrulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?