Modern.az

Aktrisa Ülviyyə Əliyeva: “Subaylıq böhranından çıxa bilmirəm” – MÜSAHİBƏ

Aktrisa Ülviyyə Əliyeva: “Subaylıq böhranından çıxa bilmirəm” – MÜSAHİBƏ

5 İyun 2012, 11:44

“Bir çıtma vursalar, çoxları qaçar ora...”

“Mübahisə” rubrikasının növbəti qonağı Musiqili Komediya Teatrının aktrisası, tamaşaçıların “Keyxanım” kimi tanıdığı Ülviyyə Əliyevadır. 

– Hazırda “Zəhmətkeş ulduzlar” və “Burda və indi” telelayihələrində fəaliyyətim davam edir. İnşallah yaxın günlərdə ATV kanalında yeni serialın çəkilişləri başlayır. 

– Serialın adı nədir?

– Hələ ki, adını deyə bilmərəm.

– Xeyli müddətdir efirdəsən, müxtəlif seriallarda, filmlərdə çəkilmisən. Buna baxmayaraq, tamaşaçı səni hələ də “Keyxanım” olaraq qəbul edir. Niyə məhz bu ad, bu obraz möhür olaraq sənin üzərindədir?

– Əgər mən həm serialda, həm filmlərdə, həm digər verilişlərdə bütün rollarımı “Keyxanım” kimi oynasaydım, bu problem olardı. Mən “Aramızda qalsın” serialında çəkiləndə “Maral” kimi tanınırdım. Sadəcə, bu uğurumdur ki, tamaşaçı məni o obrazla tanıyır.

Mən belə deməzdim. Əslində bu bir verilişin personajıdır. Ola bilsin ki, “Keyxanım” daha güclü alındı və sonra oynadıqların onu üstələyə bilmədi.

Yox, mən seriala çəkiləndə hamı mənə “Mayal, mayal” deyirdi. 

Amma “Keyxanım” kimi daha çox tanıyırlar...

– Çünki mən həmin serialdan çıxdım.

– Əgər “Burda və indi” layihəsindən çıxsan yenə də “Keyxanım” kimi tanınacaqsan. 

– Tamaşaçı məni ilk dəfə bu cür görüb.

– Dövlətin serial çəkilişinə vəsait ayırmasına münasibətin necədir?

– Çox sevinirəm. Nəhayət ki, bizim aktyorlar da yaxşı dolanacaq. Çünki teatrın maaşı çox azdır. İndi dövlətin sayəsində bütün aktyorlarda şans var ki, öz məharətlərini göstərsinlər, istedadları sayəsində tanınsınlar, gündəmə gəlsinlər, üstəlik,də pul qazansınlar. 

– Çəkilən serialların bir qisminə mən də baxmışam. Ordakı heyətin bir hissəsi qeyri-peşəkarlardır.

– Püxtələşəcəyik də, Moskva da birdən-birə tikilməyib. Camaat “Amaci”yə necə baxır?! Əgər o serialın adını silib “Fatmaxanım” eləsəydik, amma həmin o aktyorlar orda olsaydı, hamı pisləyəcəkdi. Amma özümüzün olmadığına görə, reytinqləri dağıdır, birinci yerdən düşmür.

– Əslində yüksək keyfiyyətli iş deyil?

– “Amaci”də ümumiyyətlə keyfiyyətdən söhbət gedə bilməz. Amma hamı baxırdı. Ümumiyyətlə, bizim tamaşaçılarda belə bir cəhət var: hər şeydə qüsur axtarmaq. İndi 10-15 il əvvəl çəkilmiş türk seriallarına baxsaq, deyərik ki, vay-vay bu nədir?! Onlar püxtələşə-püxtələşə gəlib bu səviyyəyə çatdılar. “Sitkom serial” (hadisələri bir gün ərzində cərəyan edən serial) tamam başqa şeydir.  

– Biz də bu cür yerli serialları görmək üçün 15 il gözləməliyik?

– 15 il yox, ən azı 5 il lazımdır ki, biz də o səviyyəyə çataq. Seriallara çəkilən aktyorların əksəriyyəti teatrdan gəlir. Teatrda oyun, spesifika tamam başqadır. Kinoda təbii oynamaq lazımdır. Səhnədə olan adamlar başa düşür ki, mən nə demək istəyirəm. 

– Amma aktyor oyunu çox süni təsir bağışlayır.

– Mən də onu deyirəm ki, teatral oynayırlar. Mənimçün serialda oynamaq nisbətən asandır. Çünki Azərbaycanda ilk “sitcom” komediya serialında oynayan aktrisalardan biri mənəm. İlk belə serial “Qonşular”, sonra isə “Bacanaqlar” oldu ki, hər ikisində də çəkilmişəm. 

– Sənətkar sayılacaq aktyorlarımız seriallara nadir hallarda dəvət alırlar. Buna səbəb nədir?

– Seriallara çox zaman tanınmamış simalar çəkilirlər. Rejissorlar tanınmamışlara daha çox üstünlük verirlər. Nadir hallarda serialın “raskrutka”sı üçün məşhurlara müraciət edilir.

– Azərbaycanda sənət adamlarını nə vaxt danışdırsan, maddi durumundan narazılıq edirlər. Bəs sən?

– Teatrın maaşına qalsaydı, təbii ki, dolana bilməzdim. 

– Amma teatr həmin aktyorlara, aktrisalara imkan yaradır ki, digər işlərini görsünlər, filmlərə, seriallara çəkilsinlər.

– Doğrudur. Amma bu gün mənim filmlərim, serialım, verilişlərim olmasa, teatrdan aldığım əməkhaqqıyla dolana bilmərəm. 

– Məncə, aktyorlar teatra necə yanaşırlarsa, o cür də məvacib alırlar.

– Yox, yox. 

– Elə aktyor var ki, teatra məşqdən-məşqə zorla çağırırlar onu, bütün günü öz işləriylə məşğuldur.

– O artıq insanın özündən asılıdır. Özümdən danışım. Elə olub ki, teatrda bir il ərzində ən çox tamaşa oynayan aktrisa olmuşam. Aktyor var ki, 24 saat teatrdadır, səhər bir məşq, günorta bir məşq, axşam tamaşa. Bunun müqabilində ilin sonu bir balaca kateqoriyası artır, 5-10 manat artıq əməkhaqqı alır. Ümumiyyətlə, aktyorların məvacibi çox azdır.

– Neçə ildir eyni verilişdə olmaq səninçün özünü xərcləmək deyil ki?

– Əsla. Əksinə, “SOY prodakşn” çox böyük məktəbdir. Mən onlarla işləyə-işləyə səhnədəki oyunum də tam başqa olub. Artıq 14 ildir teatrda işləyirəm. Köhnə lentlərimə baxanda görürəm ki, böyük fərq var. Bu prodakşn teleməkan üçün də çox böyük məktəbdir. “SOY” sayəsində çəkildiyim seriallarda aktyor oyunumla digərlərindən seçilirdim, daha təbii olurdum.

– Təsadüfən onlarla əməkdaşlıq etməyin minnətdarlıq anlamı daşımır?

– Yox. Onların mənə yox, mənim onlara ehtiyacım var. Əvəzolunmaz aktyor yoxdur. Bu dəqiqə çoxları onlarla işləmək istəyirlər. Bir çıtma vursalar, çoxları qaçar ora. 

– Deyəsən, hələ də subaylıqdır...

- (gülür) Şablon da səslənsə, hələ də “krizis”dəyik. Ürəyimin qapısını döyən yoxdur hələ.

– Bəlkə, qapı görünmədiyinə görə döyən yoxdur? Ya da gözlükdən baxanda görürsən ki, qapını döyən düşündüyün deyil.

– Doğrudur. Çoxları mənə yaxınlaşmağa dəhşət qorxurlar. Belə də olmalıdır. 

– Teatrlarda “nəsillərin savaşı” hələ də davam edir. Hər kəs də bir-birini ittiham edir.

– 14 ildir teatrdayam. İlk dəfə Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında işləmişəm. Üçüncü kursdan sonra da Muskomediyada çalışıram. Şükürlər olsun ki, heç vaxt belə konflikt yaşamamışam. Bilirsən nəyə görə? Çünki böyük-kiçikliyimi həmişə saxlamışam. 

– Səncə, bu cür konfliktlərin yaranma səbəbi kimlərdir, gənclər?

– Əlbəttə. Əgər gənc vaxtı-vaxtında məşqinə gəlirsə, üstəlik, çalışırsa, kimsə ona nəsə deməyəcək. Yox, əgər yaşlı sənətkarlar saatlarla hansısa gənc aktyoru gözləyirsə, onda problem də yaranacaq, söz-söhbət də. Mən indiyə kimi nə məşqə gecikməmişəm, nə də məşqdən qalmamışam. 

– Deyəsən, teatrlarda rol bölgüsü adı altında ayrı-ayrı adamların prinsip mübarizəsi gedir.

– Məndə heç vaxt belə şey olmayıb. Heç vaxt da rol sarıdan korluq çəkməmişəm. 

– Sənətdə maksimum iddian nədən ibarətdir?

– Heç vaxt iddialı olmamışam, başımı aşağı salıb işimi görmüşəm, qalanı özü gəlib. İddiam olmayıb ki, efirə çıxım, tanınım. Görmüşük də iddia eləyənləri... Çalışqanlığımın bəhrəsi kimi şöhrət də gəlib. Məni tanıyan deyə bilməz ki, iş təklif elədik, Ülviyyə dedi ki, qonorar nə qədər olacaq. Bu günə qədər yetərincə reklamım da var. Amma təklif alanda pul söhbəti eləmirəm. Ssenariyə baxıram, işlə tanış oluram. Axı bura bazar deyil. Maraqsız işə də pula görə getmirəm.
Hətta qısametrajlı filmə kömək eləmək lazım olub, gedib pulsuz çəkilmişəm. Sonradan o film Almaniyada keçirilən beynəlxalq festivalda nümayiş etdirildi, rəğbət qazandı.

– Yəni imtina etdiyin işlər olur?

– Bəli. Əgər bu, “xaltura”dırsa, pula görə çəkilmirəm. Elə adam da olub ki, açıqca demişəm, mənlik deyil. Tamaşaçının gözündə qalxmaq asandır. Amma özünü o pillədə saxlamaq çətindir. Onun gözündə bir dəfə düşsən qalxmaq olmur. 

– Səncə, özün tamaşaçının gözündə hansı səviyyədəsən?

– Onu tamaşaçıdan soruşmaq lazımdır.

– Sən özün də özünə tamaşaçı kimi baxırsan axı.

– Onu mən deyə bilmərəm. Bəzi müğənnilər kimi “mənim xalqım, mənim xalqım” deyə bilmərəm. Mən onlardan deyiləm. Hətta indi sevilib-sevilmədiyimi də deməyə çətinlik çəkirəm.


Yusuf Yusufbəyli

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?