Modern.az

Yol Polisi İdarəsinin rəsmisi sürücülük vəsiqəsinin yeni qaydada verilməsindən danışdı

Yol Polisi İdarəsinin rəsmisi sürücülük vəsiqəsinin yeni qaydada verilməsindən danışdı

7 İyun 2012, 09:44

“Müstəqil hazırlaşan şəxslərlə kurs keçənlər arasında fərq böyükdür”

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə əlavələr etdi. Bununla da A1, A və B kateqoriyaları üzrə vətəndaşlar imtahana müstəqil hazırlaşa bilərlər. Bu dəyişiklik ölkədə sürücülük məktəblərinin sayının azalması ilə nəticələnə bilərmi?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, müstəqil hazırlaşanlar indi imtahanlarda iştirak edə bilirlər. Amma elektron müracəitlə bağlı hazırda texniki məsələlər hələ tam həll olmayıb. Qısa vaxtdan sonra vətəndaşlar elektron müraciət imkanından istifadə edə biləcəklər.

Kamran Əliyev qeyd edib ki, A1, A və B kateqoriyaları üzrə müstəqil hazırlaşmağa icazə verilir. Lakin bu o demək deyil ki, bununla sürücülük kursları bağlanacaq. Çünki, C, CE, BC, D, DE kateqoriyası üzrə vətəndaşlar kurs keçməlidir.
“Müstəqil hazırlaşmış şəxslər nəzəri və təcrübi imtahanlarda iki dəfə iştirak edə bilərlər. İkinci imtahandan da qeyri-məqbul qiymət alanlar isə artıq müvafiq kurslarda iştirak edəndən sonra imtahana buraxıla bilərlər”.

BDYPİ rəsmisinin sözlərinə görə, özlərinə arxayın olan şəxslər müstəqil hazırlaşıb imtahan verirlər. Amma onların cüzi hissəsi imtahanlardan keçə bilir. “Yol hərəkəti qaydalarını yaxşı öyrənmək istəyən şəxslər sürücülük kurslarında iştirak etmək istəyir”.

Mətbuat xidmətinin rəhbəri deyib ki, müstəqil hazırlaşan şəxslərlə kurs keçənlər arasında fərq böyükdür.

“Gün ərzində nə qədər insanın imtahan verdiyini dəqiq bilmək çətindir. Çünki, bu, ölkə üzrə hesablanır”, – deyə K.Əliyev bildirib. Onun sözlərinə görə 11 imtahan-qeydiyyat məntəqəsi ilə bərabər, Baş Dövlət Yol Polisi İdarəsində də imtahan vermək mümkündür.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir