Modern.az

Sanatoriya və kurortlara builki yollayışlar neçəyə başa gəlir?

Sanatoriya və kurortlara builki yollayışlar neçəyə başa gəlir?

7 İyun 2012, 15:51

AHİK rəsmisi: “Yollayışların qiymətində heç bir dəyişiklik baş verməyib”

İstirahət mövsümünün başlanması ilə əlaqədar olaraq, hər il olduğu kimi, bu il də  ölkəmizdəki müalicə-istirahət obyektlərinə – sanatoriya və kurortlara axın müşahidə olunur.  

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Modern.az saytına bildirib ki, hazırda həmkarlar ittifaqları təşkilatları tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı, 5 istirahət bazasına yollayış verilir. Sanatoriyaların 6-sı ilboyu, digər 2 sanatoriya, müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir. Onun sözlərinə görə, sanatoriyalara və istirahət müəssisələrinə yollayışların qiyməti 420 manatdan 700 manatadəkdir. Ötən illə müqayisədə yollayışların qiymətində heç bir dəyişiklik baş verməyib.  N.Ağamirov bildirib ki, yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.

AHİK rəsmisi onu da əlavə edib ki,  sanatoriyalarda və istirahət müəssisələrində cari və əsaslı təmir işləri müntəzəm olaraq aparılır. Otaqların şəraiti yaxşılaşdırılır, yeni mebel və avadanlıqlarla təchiz edilir, lyuks tipli nömrələrin sayı artırılır, ərazi abadlaşdırılır:
“Sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sığortasına cəlb olunan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin yalnız 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10%-i isə işçilərə ümumiyyətlə tam güzəştlə pulsuz verilir. İşçilər yollayışları almaq üçün işlədikləri müəssisənin, yaxud üzv olduqları həmkarlar ittifaqı təşkilatlarına müraciət etməlidirlər. Sanatoriya yollayışları işçilərə tibbi arayış əsasında verilir”.

Müsahibimiz qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var: “2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 20 min nəfərə yaxın şəxs, həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 10 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib, ümumilikdə 30 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla təmin olunub. 2012-ci ildə 30 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir.
“AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri istirahət ocaqlarında ittifaq üzvlərinin istirahətlərinin səmərəli təşkilinə nail olmaq üçün səylə çalışırlar. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasında tikib istifadəyə verdiyi istirahət ocağında mövsüm ərzində 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabran qəsəbəsində yerləşən “Lokomotiv” istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının istirahət zonasında isə 1000 nəfərə yaxın vətəndaş istirahət etmək imkanına malikdir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da Nabranda 260 yerlik istirahət ocağının  cari ildə istifadəyə verilməsi nəzərdə tutulub”, – deyə N.Ağamirov bildirib.

Onun sözlərinə görə, Qaxda yerləşən müalicə pansionatına və Qəbələ, Lənkəran, Quba rayonlarındakı istirahət mərkəzlərinə axın çoxdur.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!