Modern.az

“Əmanəti harda qoyubsansa, orda al” - bu qaydanı dəyişmək olmaz

“Əmanəti harda qoyubsansa, orda al” - bu qaydanı dəyişmək olmaz

7 İyun 2012, 11:58

Vüqar Bayramov: “Əgər bu qayda olmasaydı, Bakıda növbə quyruqları yaranacaqdı”

Hər il büdcə müzakirələri zamanı əhali batmış əmanətlərinin qaytarılması ilə bağlı vəsaitin ayrılmasını böyük intizarla gözləməli olurdu. Bu il uzun illərdir müzakirə edilən keçmiş SSRİ-nin banklarındakı əmanətlərin qaytarılması məsələsi öz həllini tapdı. Nəhayət, prezident İlham Əliyev 14 mart 2012-ci il tarixdə 1992-ci il tarixinə qədər olan dövrdə banklarda batmış əmanətlərin qaytarılmasına dair fərman imzaladı. Ölkə başçısının fərmanı ilə əmanətlərin qaytarılmasına start verildi. Fərmanın tələbinə görə, 2012-ci ilin iyun ayından başlayaraq 2013-cü ilin sonunadək əmanətlərin qaytarılması yekunlaşmalıdır.

Artıq bir neçə gündür ki, əmanətlərin qaytarılmasına başlanılıb. Lakin köhnə əmanətçilər indi harada yaşamasından asılı olmayaraq, əmanətini yalnız qeydiyyatı olduğu ərazdidən ala bilər. Deyək ki, hansısa ucqar rayonlardan birinin sakini bu gün Bakı şəhərində yaşadığı halda əmanəti “Kapitalbank”ın əvvəlki yaşayış ərazisindəki filialdan almalıdır. Əmanət 50-100 manat civarında olduqda isə vətəndaşın ata yurduna getmək marağı olmur, çünki bankdan alacağı vəsait əmanətçinin yol xərci edir. Sual olunur: nə üçün həmin vətəndaş öz əmanətini hazırda yaşadığı Bakı şəhərindən ala bilməsin?

Deputat Əli Məsimli: “Qanunu yenidən dəyişmək mümkün deyil”

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, deputat Əli Məsimli Modern.az-a açıqlamasında bildirib ki, hər bir əmanətçi öz əmanətini qeydiyyatda olduğu ərazidə almalıdır: “Azərbaycan qanunvericiliyinə görə, xaricdə yaşayan azərbaycanlı əmanət kitabçasını, şəxsiyyət vəsiqəsini və ona uyğun surətdə ərizə yazıb əmanətini ala bilər. Məsələn, kimsə hazırda Hollandiyada yaşayırsa, onun üçün orada “Kapital Bank”ın filialı açıla bilməz. Qanunu təzədən dəyişmək mümkün deyil. Bütün potsovet məkanında əmanətlər məhz bu cür qaytarılıb. Kim harada yaşayırsa, qeydiyyatda olduğu ərazidəki bankdan əmanətini ala bilər”.

Ekspert Vüqar Bayramov: “Müəyyən limitlər daxilində daha çox əmanətin əhaliyə qaytarılması məqsədə uyğundur”

İqtisadçı-ekspert Vüqar Bayramov əmanətlərin qaytarılmasının müəyyən müsbət və çatışmayan cəhətlərinin olduğunu deyib. Onun sözlərin görə, əmanətlərin qaytarılması üçün Azərbaycanda 143 məntəqə yaradılıb və vətəndaşlar əmanətlərinin alması ilə bağlı yalnış həmin məntəqələrə müraciətlər edə bilərlər: “Məntəqələrdə əmanətlərin yerləşdirilməsi rayonlara uyğun olaraq yaradılıb. Əgər vətəndaş öz əmanətini Ağcabədidə keçmiş SSRİ əmanət bankına yerləşdiribsə, o zaman yalnız Ağcabədidən əmanətin alınmasını həyata keçirə bilər. Əgər məntəqələr yaradılan zaman əmanətçilərin məntəqələr üzrə bölgüsü ilə bağlı heç bir meyar tətbiq edilməsəydi və əmanətçilərin istənilən məntəqələrə müraciət etmək imkanı olsaydı, o zaman bunun çatışmayan cəhəti ondan ibarət olacaqdı ki, Bakının bütün məntəqələrində ilin sonuna qədər növbələr olacaqdı. Problem ondan ibarətdir ki, bu gün əmək qabiliyyətli insanların əhəmiyyətli hissəsi Bakı şəhərində yaşayır və işləyir. Təbii ki, onların əmanətləri rayonlarda yerləşdirilsə də, özləri  Bakıda yerləşən məntəqələrə müraciət edəcəkdi. Bu zaman artıq Bakı məntəqələrində praktik olaraq növbələrin uzunluğu hətta 6 ay ərzində məntəqədə vətəndaşa öz əmanətini almaq belə imaknı verməyəcəkdi”.

İqtisadçı hər bir halda əmanətlərin verilməsi ilə bağlı bu meyarların tətbiqinin doğru addım olduğunu deyib. O bildirib ki, rayon sakinlərinin Bakı şəhərindəki məntəqəyə müraciət etməsi, digər vətəndaşın hüquqlarının pozulmasıdır: “Rayonda əmanəti olan Bakıda yaşayan insanlar rayona getmək məcburiyyətindən qalırlar. Burada müəyyən insanların xərc və digər baxımdan hüquqlarının pozulması qeyd edilə bilər. Amma digər tərəfdən, həmin insanlara Bakıda əmanəti almaq səlahiyyəti verilsəydi, o zaman kifayət sayda insanın əmanət alma hüququ pozulacaqdı. Çünki bütün hallarda bu məntəqələrdə növbələrin yaranmasına gətirib çıxarmalı idi. Baxmayaraq ki, Bakıda 65 məntəqə var və burada növbələrin qarşısını almaq mümkün olmazdı”.

Əmanətlərin normal olaraq qaytarılmasına toxunan V.Bayramov indiki indeksasiya sistemində ödənilən vəsaiti müəyyən qədər artırmaq mümkün olduğunu deyib. Lakin o bunun bütün hallarda limitləşməli olduğunu bildirib: “Bir rubla 1 dollar ödənilməsinin birmənalı şəkildə əlehinəyəm. Təbii ki, burada gözlənti yüksək idi. Və çox təəssüf ki, bu gözlənti heç də real faktorlara əsaslanıb yaradılan gözlənti deyildi. Bəzi əmanətçilərin əmanətlərin qaytarılması ilə bütövlükdə öz problemlərinin həll etməyi düşünürdülər. MDB ölkələrinin praktikasına müraciət etsək, görərik ki,  həmin ölkələrdə əmanətlərin qaytarılması zamanı vətəndaşlar varlı olmayıb. Amma Azərbaycanda gözlənti yüksək idi. Amma burada real məqam ondan ibarətdir ki, əmanətlərin qaytarılması ilə əhalinin bütövlükdə sosialaproblemini həll etmək mümkün deyil. Çünki məsələn 1 rubl-a 1 dollar və ya 1 manat qaytarılması bütövlükdə ölkənin maliyyə və iqtisadi sistemini iflic edə bilər. Nəzərə almaq lazımdır ki, MDB ölkələrinin təcrübəsinə diqqət yetirsək Azərbaycan bu ölkələrdən praktiki olaraq hər rubla ödənilən vəsaitin həcminə görə, Azərbaycan MDB ölkələrində birincidir. Söhbət ondan gedir ki, əmanətlərin qaytarılması 2 milyon 400 min adamı əhatə edir və bu Azərbaycanın əksər ailələri deməkdir. Bundan çox qaytarmaq iqtisadi, humanitar və sosial qanunlara uyğun deyil”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?