Modern.az

Müəllimlərimiz yunan “avğurlar”ını xatırladır - PROBLEM

Müəllimlərimiz yunan “avğurlar”ını xatırladır - PROBLEM

Aktual

7 İyun 2012, 12:56

Dərsliklərdəki çatışmazlıqlar təcrübəli müəllimin baxışında ...

Dilə qayğı hamının doğma işi olmalıdır. Ədəbi dil bir nəfərə məxsus deyil. Bu, bir neçə əsrin sınağından çıxan canlı varlıq, həm də nitq formasıdır.

Biz dilin qayda-qanunlarını nitqimizə nəzarət etmədən ailədə öyrənirik. Babalı- nənəli ailələrdə dil daha yaxşı öyrənilir. Onlar ailənin ilk müəllimləridir. Dilin nəzarətli şəkildə öyrənilməsi isə uşaq bağçalarında və orta məktəblərdə başlanılır.   Təəssüf ki, ədəbi dilin incəliklərini bilən müəllimlərimiz hələ çox azdır. İbtidai siniflərdə ədəbi dilin orfoepik qaydaları, demək olar ki, öyrənilmir. Müəllimlərin  çoxu  orfoepik qaydalara əməl etmir. Şagirdlər də onlardan nümunə götürüb, yazdıqlarını yazıldığı kimi oxuyurlar.

Mən dərslik tariximizi az-çox bilən müəllimlərdənəm. Fikrimcə, aşağı siniflərin dərslikləri xeyli təkmilləşdirilməlidir. “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na yenidən baxılmalı, mübahisəli məsələlər müzakirəyə çıxarılmalıdır.  Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da hər il  xarici dillərdən müəyyən dil ehtiyacı nəticəsində dilimizə daxil olan yeni sözlərin lüğəti hazırlanıb ümumi istifadədən ötrü çap edilməlidir. Yeni mükəmməl frazeologiya lüğətinə ehtiyacımız vardır. 

Bu gün şagirdlərdə mükəmməl opfoepik vərdişləri demək olar ki, yoxdur. Bu, hər şeydən əvvəl mükəmməl, yeni “Orfoepiya lüğəti”nin yoxluğundan irəli gəlir. Doğrudur, son vaxtlarda məktəblilərə ünvanlanmış bir sıra lüğətlərə rast gəlirik, lakin burada həvəskarlıq elmiliyi üstələyir. Təhsil Problemləri İnstitutunun müəyyən qurumları bu sahəyə öz nəzarətini artırmalı, səriştəli müəllifləri həlli vacib olan  bu vəzifənin  yerinə yetirilməsinə qayğı və təşəbbüs göstərməlidir.

Azərbaycanın müxtəlif  bölgələrində hələ ki, sağ-salamat olan baba və nənələrimizin dilində geniş oxucu kütləsinin  bilmədyi on minlərlə dialekt sözləri var. Belə sözlərin lüğətini hazırlamasaq, onların itmək, məhv olmaq təhlükəsindən xilas etmək lazımdır. Bundan başqa, məncə, hər bir ailədə “İzahlı lüğət” olmalıdır, “İzahlı lüğət”  mədəniyyətdir, xalqın öz dilinə məhəbbətidir.

Mən həmişə  yer tapıb köhnə dərslikləri saxlamağa cəhd edirəm. Budur, “Maarif” nəşriyyatının 1966-cı ildə nəşr etdiyi “"Məktəblinin orfoqrafiya lüğəti” (Müəllifləri: Ələkbər Abbasov və Əziz Əfəndizadə). Kitab 20.000 tirajla buraxılıb. Vəsaitin 21 səhifəsi  “Azərbaycan dili orfoqrafiyasının  əsas qaydaları”na aiddir. 11 səhifə şəxs adlarının düzgün yazılışına  ayrılıb. Hərçənd ki, burada mənim adım nədənsə yoxdur, amma babamın da, babamın babasının da adı var!

1876-cı ilin oktyabrında N.Vəzirov Moskvadan Bakıya öz gimnaziya müəllimi, “Əkinçi”nin redaktoru Həsən bəy Məlikzadə Zərdabiyə yazdığı məktubda uşaqlar üçün  “uşaq kitabı” yazmağın zəruriliyindən danışanda, ilk növbədə, dilin başadüşülən olmasını vurğulayırdı, tədris işində dil çətinliyini qədim yunanların  “avğur”larının halı ilə müqayisə edirdi. N.Vəzirov yazırdı: “Qədim yunan  əhalisinin bir qism ruhanisi olub ki, onlara “AVĞUR” deyirlər imiş. Xalq ziyadə avam olduğuna  onlar çox bədbihesablıq (haqsızlıq – N.N.) edirlərmiş. Onlarda bir adət olub ki, bir-birinə rast gələndə hər iki “avğur” gülərmiş, yəni belə gülməkdən  bu eyham çıxırmiş ki, əgərçi sən məni avam hesab edirsən, amma yaddan çıxarma ki, sən də mənim təki avamsan. Əlhəqq  bizim müəllimlər bir-birinə baxanda gərək avğur kimi gülsünlər ki, onların hər ikisi avamdır”.

Mənim ən köhnə kitablarımdan biri  S.M.Qənizadənin 1922-ci ildə çap edilmiş  12.000 sözlük “Rusca-türkcə” lüğətidir. Bu lüğəti dostlarımdan biri mənə küçədən tapıb gətirib. Sağ olsun. Belə hədiyyəyə varam. Bu kitab 1881-ci il dekabrın 12-də vəfat edən Zaqafqaziya müftisi Mustafa Əfəndi Əfəndizadənin lüğətçilik fəaliyyətinin davamı kimi qiymətləndirilməlidir. Müftinin üzərində 7 il  işlədiyi    işi qohumu S.M. Qənizadə davam etdirib, yarımçıq işi ziyalılara çatdırıb. Lüğətin ilk nəşri 1899-cu ilə aiddir.

Əvvəllər Elmlər Akademiyası dil və ədəbiyyata aid yeni materialların orta məktəb dərsliklərinə yol tapmasında maraqlı idi. İndi nədənsə bu maraq hiss olunmur.    Dərsliklərə Akademiya səviyyəsində qiymət  verilmir. Bəzən ziddiyyətli məsələlər orta məktəb dərsliklərinə yol tapır. Bir neçə misal çəkmək istəyirəm. Dərslikdə M.F.Axundzadənin  5 komediyasından, 1 dramından danışılır. Azərbaycan ədəbiyyatının intibah dövrü 17-18-ci əsrlər göstərilir. İdarə əlaqəsi  çox mübahisəli şəkildə təqdim olunub. Məsələn, “nağıl dünyası”, “kənd həyatı” söz birləşmələrində idarə əlaqəsi varmı? Cavab qaranlıq qalır. Bİr çox başqa şeylər kimi.

Nazim Nəsrəddinov, 
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki  Şurasının 
Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır