Modern.az

Sahib Kərimli liderlik iddiasına görə həbsdə qaldı

Sahib Kərimli liderlik iddiasına görə həbsdə qaldı

Təhsil

7 İyun 2012, 14:49

Vicdan məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimlinin Apelyasiya məhkəməsində prosesi keçirilib. Bu məhkəmə S.Kərimlinin Qaradağ rayon məhkəməsinin qərarından verdiyi şikayət əsasında baş tutub. Bir qədər əvvəl S.Kərimli cəzasının ikidə birini çəkdiyi üçün qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək vaxtından əvvəl azad olunması xahişi ilə Qaradağ məhkəməsinə müraciət etmişdi. Məhkəmə bu müraciəti vicdan məhbusunun saxlandığı  14 saylı Cəzaçəkmə Müəssisəsinin verdiyi arayışa əsaslanaraq təmin etməmişdi.

AXCP mətbuat xidmətindən Modern.az-a bildirilib ki, S.Kərimlinin işi üzrə apelyasiya məhkəməsində onu dövlətin ayırdığı vəkil Möhsum Kərimov müdafiə edib. Məhkəmə iclasına sədrilyi isə hakim Abid Abdinbəyov edib. 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi isə prosesə gəlməyib. S.Kərimli deyib ki, günahsiz yerə həbs olunub və həbsdəki müddətdə də heç bir intizam tədbirinə məruz qalmayıb. Buna baxmayaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyi absurd arayışı ilə onun azadlığa çıxmasının önünü alır.

Arayış məhkəmədə elan olunub. Sənəddə qeyd olunur ki, Sahib Kərimov onunla aparılan söhbətlərdə özünü günahkar bilmir, törətdiyi əməldən peşman deyil: “Bundan başqa o, mütaliəyə meylli olsa da, gününü kitabxanada keçirsə də, fərdiyyətçidir, başqalarından fərqlənməyə çalışır, iddialıdır və özünü lider kimi aparır”.

Arayışda o da göstərilir ki, Sahib Kərimov idmandan başqa heç bir kütləvi təbdirdə iştirak etmir, əməyə münasibəti qənaətbəxş deyil.

Dövlət ittihamçısı müəssisədən verilən arayışı və Qaradağ məhkəməsinin qərarını müdafiə edib.

Hakimlər müşavirədən sonra aşağı məhkəmənin çıxardığı qərarı dəyişdirmədən saxlayıblar.
S. Kərimli ötən il İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunub. Kərimliyə məhkəmə 2 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı