Modern.az

Milli Məclisdə Ayaz Mütəllibovun cinayət işinə baxılacaq

Milli Məclisdə Ayaz Mütəllibovun cinayət işinə baxılacaq

Parlament

7 İyun 2012, 17:33


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev iyunun 12-də parlamentdə sonuncu dəfə səsverməyə çıxarılacaq “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi ilə bağlı Modern.az-a açıqlama verib.

Deputat qanun qəbul edildikdən sonra eks-prezident Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı ilə bağlı məsələnin müzakirə olunacağını deyib:

“Hesab edirəm ki, bu qanun Ayaz Mütəllibov üçün deyil, bütövlükdə eks-prezidentlərlə bağlı qanun layihəsidir. Hal-hazırda sabiq prezidentlərdən sağ qalan yalnız Ayaz Mütəllibovdur. Bu baxımdan onun üzərindəki cinayət işinin götürülüb-götürülməyəcəyi ilə bağlı deyə bilərəm ki, qanuna müvafiq olaraq lazımı addımlar atılacaq. Ayaz Mütəllibovun üzərində hazırda cinayət işi var. Yəqin ki, bu barədə Milli Məclisdə fikirlər söyləniləcək”.

Qeyd edək ki, sözügedən qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə  üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.

Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və Moskvada yaşayır.

Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır