Modern.az

Arzu Səmədbəyli Müsavatın qurultayından danışdı: “Bunun “Eurovision”la əlaqəsi yox idi...”

Arzu Səmədbəyli Müsavatın qurultayından danışdı: “Bunun “Eurovision”la əlaqəsi yox idi...”

7 İyun 2012, 18:41

“Qurultayın xaricdə keçirilməsi üçün müraciətlərimiz artıq hazırdır” 

Müsavat Partiyası Məclisinin sədri, sabiq deputat Arzu Səmədbəyli qurultayın yubanması ilə bağlı məsələyə münasibət bildirib. Partiya rəsmisi Modern.az-a bildirib ki, qurultayın xaricdə keçirilməsi ilə fikirlərin “Eurovision” yarışması ilə heç bir əlaqəsi yoxdur.

“Qurultayla bağlı hazırlıqlarımız davam edir. Biz artıq müraciətlərimizi hazırlamışıq. Yaxın günlərdə Müsavat qurultay keçirmək üçün Türkiyə və Gürcüstana rəsmi müraciət ünvanlayacaq. Mən bu fikirlərlə razı deyiləm. Müsavat qurultayının “Eurovision”la nə əlaqəsi var? Biz müsabiqə ərəfəsində olduğu kimi indi də deyirik ki, qurultayı ya Türkiyədə, ya da Gürcüstanda keçirdəcəyik. Qərar verdiyimiz kimi, bir daha qurultaya yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyəcəyik. İnşallah, hansı ölkədə alınarsa, biz qurultayımızı da orada keçirdəcəyik”-deyə A.Səmədbəyli qeyd edib.

YAP funksionerləerinin Müsavat haqqında səsləndirdikləri fikirləri əsassız hesab edən A.Səmədbəyli vurğulayıb ki, qurultayla bağı hazırlıqları davam edir:

“Artıq üzvlərimiz arasında da hazırlıqlar gedir. Xarici pasportu olmayanlar sənədlərini qaydasına qoyurlar. Yəqin ki, yaxın zamanlarda qurultay məsələsi ilə son qərar bəlli olacaq”.

Qeyd edək ki,  Müsavat Partiyası VII qurultayının keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edərək, öz qurultayını xaricdə keçirmək qərarına gəlib. Qurultayda partiyanın rayon təşkilatları da daxil olmaqla 800-ə yaxın üzvün iştirak edəcəyi bildirilib. Partiya qurultayın ya Türkiyədə, ya da Gürcüstanda keçirilməsi üçün bu ölkələrə müraciət edəcəyini bildirib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır