Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

25 May 2012, 20:45

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb.

Düzgün peşə seçimi etmək mövcud cəmiyyətin üzvü olan hər bir kəs üçün  əsas problemdir. Hansı ki, bu problemi yalnız hər kəs özlüyündə ilk növbədə sevdiyi və öhdəsindən gələ biləcəyi peşəyə yiyələnməklə yox edə bilər!

Peşənin yaxşısı və pisi olmur! Pis olan odur ki, insan özünə düzgün peşəni seçə bilməyə və ya seçdiyi peşəni sevərək həyatda tətbiq edə bilməyə!

Dünyanı dərk etmək iqtidarında olan hər bir kəs müəyyən yaş dövründə öz gələcəyi barədə düşünür, tez bir zamanda böyüyüb peşə sahibi olmaq, ailəsinə və cəmiyyətə fayda vermək arzusu ilə yaşayır. ,,Böyüyəndə kim olmaq istərdim?” sualı hər birimizə yaxşı tanışdır. Və hər birimiz də bu suala müxtəlif cür cavab verərdik. Amma  etiraf edək ki, istəklərimiz imkanlarımızla çox nadir hallarda üst-üstə düşüb...

Düzgün peşə seçimi edərkən məsləhət almaq olar, lakin çalışmalıyıq ki, kimsə bizim yerimizə bu seçimləri etməsin! Ancaq günümüzə nəzər salsaq görərik ki, peşə seçimini ya valideynlər, ya ailəmizə yaxınlar,... ya da dövlət imtahanında toplanılan ballar edir.

. Razılaşaq ki, bir çox hallarda orta təhsilli gənclər valideynləri tərəfindən  ali məktəbdə oxumağa məcbur edilirlər və onların azacıq da olsa istedadlarına uyğun gələn peşələrə və sənət sahələrinə marağı arxa plana keçir... Bəlkə də bu səbəbdən gənclər arasında bacarıqlı dərzi, peşəkar sürücü, mahir aşpaz, yüksək zövqlü rəngkar olmaq arzusunda olanların sayı yox dərəcəsindədir... Əsasən, valideynlərin istəyi ilə zorla təhsilini bitirmiş gənclər sonradan gizli qalmış arzularını gərçəkləşdirmək üçün  ya hər şeyə sıfırdan başlayırlar (hansi ki, bu, vaxt itkisi deməkdir), ya da  öz ixtisasları üzrə iş tapdıqda, uşaqlıqda həvəs göstərdikləri peşəyə marağı tamamilə itirmiş olurlar.

Çox vaxt da da peşə seçimində məvacib böyük rol oynayır.  Gənclər maaşı çox olan peşələri qəlbən istədikləri peşələrdən üstün tuturlar. Beləliklə, bu seçimi etmiş gənclər, demək olar ki, peşə üçün yox pul üçün işləyirlər. Hər kəsin bildiyi kimi, yalnız pul güdülərək görülən işin keyfiyyəti aşağı, faydası az, ziyanı isə çox  olur!

 Lakin öz istədikləri peşələri seçib, həm öhdəsindən gələ bilən, həm də işləyərək öz fəaliyyətindən  zövq alan, işlərində uğurlar əldə edən gənclərimiz də var. Məhz  bu gənclər sənətə daha çox bağlı olurlar!

Peşə seçimi insanın həm məşğuliyyəti, həm də həyat rifahı üçün vacibdir. O qədər vacibdir ki, peşə seçimi zamanı hər bir kəs nə istədiyi  və özünü bu həyatın hansı sahəsində görmək istədiyi haqda çox yaxşı düşünməlidir... Sərbəst düşünməlidir.  Hansı peşə olursa olsun, fərq etməz, əsas odur ki, seçdiyin peşəyə sevgi və istək olsun!

Sevindiricidir ki, uzun illər planlı təsərrüfat və məhdudlaşdırılmış azadlıq məngənəsində sıxılan, sərbəst seçim imkanlarından uzaq düşən, lakin dövlət müstəqilliyinin bərpası ilə boz rəngli həyatdan qurtulan cəmiyyətimizdə gənclərin peşə seçimi və sənətə bağlılığı istiqamətində müsbət dəyişikliklər baş verməkdədir. Bu gün dövlətimiz gənc vətəndaşların peşə seçiminə xüsusi diqqət və qayğı ilə yanaşır, onların gələcək həyatının dolğun və məzmunlu olmasına çalışır, bu və ya digər sənət sahəsinə meyilli olan istedadlı gənclərə öz bacarıq və qabiliyyətlərini sərbəst şəkildə nümayiş etdirmək üçün lazımi şərait yaradır...

Amma, düşünürəm ki, həmyaşıdlarımın peşə seçimi və sənətə bağlılığı ilə əlaqədar, xüsusilə də məcburən qazanılan ali təhsil diplomu tələb olunmyan adi peşələrin, sənətin, ələlxüsus, milli sənətimizin təbliği ilə bağlı görüləsi işlər çoxdur... Bugünkü gənclər ,,sənətçi” dedikdə yalnız çığırtı və ya pıçıltıları ilə gündəmə düşən və zövqümüzü korlamaqdan həzz alan ,,şou ulduzlarını” göz önünə gətirilməməli, ümumiyyətlə isə,  ,,sənətçi” sözünü  ,,sənətkar” sözü ilə əvəz etməli, bu sözün arxasında duran məhfumu düzgün dərk etməlidirlər. Gəncləri informasiya ilə ,,qidalandıran” televizya, elektron məlumat vasitələri, mətbuat orqanları bu sahədə təbliğat işini gücləndirməlidirlər.

Unutmayaq ki, yalnız düzgün peşə seçimi etmiş gənc vətəndaş  VƏTƏN TƏƏSSÜBKEŞLİYİNİN əsl daşıyıcısı ola bilər! Əks halda istədiklərimizi və istedadımızı özümüz də bilməyərəkdən daş altında gizlətmiş olarıq.

 

Məmmədova Aytac,
Bakı Slavyan Universitetinin I kurs tələbəsi  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir